Məhkəmə qərarları › İş №2(105)-2430/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2430/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2430/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, 106804-553514/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9181,38 manat əsas borc, 1416,54 manat faiz borcu olmaqla, cəmi 10597,92 manat məbləğində pulun, həmçinin ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qətnaməsilə iddia qismən təmin olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qətnaməsinin borcun müəyyən edilməsi məqsədilə keçiriləcək məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmaqla dəyişdirilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadı ilə Şuşa Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. (hakim C.Səfiyeva) Qərardaddan Cavabdeh şikayət vermiş, Şuşa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə onun qətnamədən verdiyi apelyasiya şikayətini geri qaytararkən səhvə yol vermişdir. O, Şuşa şəhərindən məcburi köçkün olduğundan və dövlət rüsumunu ödəməkdən azad olduğundan onun şikayəti dövlət rüsumunu ödəməmə əsası ilə geri qaytarıla bilməz. Göstərilənlərə əsasən Şuşa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(077)- 14/2021 saylı qərardadı ləğv olunmalıdır. Şuşa Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadı ilə həmin məhkəmənin 20 may 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. İş materiallarından göründüyü kimi, Cavabdeh Şuşa Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verərkən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun yarısı miqdarında rüsum ödəməmişdir. Buna görə də həmin əsasla birinci instansiya məhkəməsi haqlı olaraq, onun apelyasiya şikayətini geri qaytarmışdır. Cavabdehin məcburi köçkün olmasına və buna görə də qətnamədən apelyasiya şikayəti verərkən dövlət rüsumunu ödəməli olmamasına istinad etməsi əsassızdır, çünki “Dövlət rüsumu haqqında” AR Qanununun tələbinə görə bu kateqoriyadan olan şəxslər məhkəmədə iddia qaldırarlarsa, həmin rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə isə tələb Cavabdeh yönəldiyindən və o, cavabdeh olduğundan həmin maddənin təsiri altına düşmür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Şuşa Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verərkən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun yarısı miqdarında rüsum ödəmədiyindən Azərbaycan MPM-nin 363.1.2-ci maddəsinə əsasən onun həmin aktdan verdiyi şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(077)-14/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar