Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2431/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Cavabdeh7 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(060)-2738/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356,5 kv.m olan, 581V saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən çıxarılmaları və fərdi yaşayış evinin iddiaçı "xxxx" BOKT ASC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “əmlakdan istifadə hüququna xitam verilməsi, əmlakın boşaldılması və Para BOKT-a təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356,5 kv.m olan, 581V saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin "xxxx" BOKT ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh1 öldüyündən iddianı həmin şəxsə qarşı hissədə azaltdığını göstərdi, digər cavabdehlərə münasibətdə iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlki "xxxx" ASC-nin (indiki "xxxx" BOKT ASC) iddia tələbi üzrə Sumqayıt şəhər məhkəməsinin 13.09.2011 -ci il tarixli, 2(060)-2957/l 1 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsinə dair iddiası təmin edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 18.09.2012-ci il tarixli, 2(105)-260/2012 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Bu qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin 23.02.2013-cü il tarixli, 2(102)-598/2013 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarının icrası məqsədi ilə girov predmeti olan əmlak Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin müvafiq qərarı ilə hərraca çıxarılmış, əmlak hərracda satılmadığı üçün tələbkar Banka təklif edilmişdir. "xxxx" MMC-nin, Hərac təşkilatının 34/05,14.07.2016-cı il tarixli Protokolu əsasında əmlak "xxxx" ASC tərəfindən əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli, **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 16.11.2017-ci il tarixli Çıxarışa əsasən əmlak "xxxx" BOKT ASC-nin adına rəsmiləşdirilmişdir. Buna əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356.5 kv.m olan. 581 V saylı fərdi yaşayış evi BOKTun mülkiyyətinə verilmişdir. RX seriyalı, ******* nömrəli, **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 16.11.2017-ci il tarixli çıxarışın surəti əlavə edilir. "xxxx" BOKT ASC tərəfindən mənzilin boşaldılaraq ASC-yə təhvil verilməsi üçün mənzilin əvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də bu heç bir nəticə verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz, əsassız və ədalətsizdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Cavabdeh7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisə predmeti təşkil edən mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehlərin qeydiyyatının formal xarakter daşıması, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadənin məhdudlaşdırılması ilə əsaslandırmışdır. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356,5 kv.m olan, 581V nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT ASC-nin adına 16.11.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydə alınmışdır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddia tələbi istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi barədədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, məhkəmə qərarının icrası ilə bağlı mübahisəli mənzil hərraca çıxarılmış və hərracın nəticəsi olaraq həmin mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 152.1., 157.2., 157.4. maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə istifadə hüquqları qalmaqla həmin mənzili boşaldıb iddiaçıya təhvil verməməklə iddiaçının mülkiyyətçi olaraq öz əmlakı üzərində sərəncam, sahiblik və maneəsiz istifadə hüququnun məhdudlaşdırılmasını qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2431/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2431/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver