Məhkəmə qərarları › İş №2(105)-2435/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2435/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2435/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə işin ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində göndərilməsi barədə Cavabdeh tərəfindən verilən vəsatət təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(044)-531/2022 nömrəli qətnaməsi ilə 09 sentyabr 2019-cu il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş 160 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək Cavabdeh qazancı və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh yazılı vəsatət verib, İddiaçı ona aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılmaq üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, iddiaçının qeydiyyat ünvanı ünvan 1 ev 12 olmasına və bundan əvvəl iddiaçının nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qətnaməsi olmasına baxmayaraq, iddiaçı aidiyyat qaydalarını pozaraq hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, hazırki iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 03 oktyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı Abşeron rayonu, Xırdalanşəhəri, Z.Əliyeva küçəsində inşa edilmiş 3 nömrəli yaşayış binasında 168 saylı mənzildə qeydiyyatsız yaşayır. İddiaçı Göygöl rayonunda qeydiyyatda olmasına baxmayaraq, qeydiyyatsız yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Baxmayaraq ki, bundan əvvəl iddiaçının nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yeri isə - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin aidiyyat üzrə baxılması üçün onun qeydiyyatda olduğu yer Gəncə Şəhər Məhkəməsinə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, İddiaçı Göyçay rayonu, Göyçay şəhəri, Mollacəlilli kəndində qeydiyyatdadır. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində inşa edilmiş 3 nömrəli yaşayış binasında 168 saylı mənzilində qeydiyyatsız yaşayır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami küçəsi, İsrafil Məmmədov küçəsi, döngə 3, ev 12-də qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin aidiyyat üzrə göndərilməsi barədə vəsatəti təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində inşa edilmiş 3 nömrəli yaşayış binasında 168 saylı mənzilində qeydiyyatsız yaşayır. Himayəsində azyaşlı uşağı vardır, iddiaçının yanında azyaşlı uşağı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən iddiaçı hazırkı iddia ilə yaşadığı yerə görə iddia verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.1 Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəllə: Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla bşqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Birinci instansiya məhkəməsi öz qərardını onunla əsaslandırmışdır ki, iddiaçının yanında azyaşlı uşağı olduğundan MPM-nin 36.3-cü maddəsinə əsasən hazırki iddia ilə yaşadığı yerə görə iddia verə bilər. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə. 3) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 4) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İddiaçı hazırda "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində inşa edilmiş 3 nömrəli yaşayış binasında 168 saylı mənzildə faktiki olaraq yaşadığına istinad edib, Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsini rəhbər tutaraq cavabdehə qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası işin hallarına qiymət verərək qeyd edir ki, iddiaçının himayəsində yetkinli yaşına çatmayan uşağın olması iddiaçının seçiminə görə məhkəmə ərazi aidiyyatının dəyişdirilməsi barədə hazırki iddia tələbi MPM-nin 36.3-cü maddəsinin təsiri altına düşmür, çünki iddiaçı həmin ünvanda qeydiyyatsız olaraq yaşamaqdadır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlillər ilə razılaşır. MPM-nin 398.0 və 398.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 21 oktyabr 2022-ci il tarixli, 2(012)- 4103/2022 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi aidiyyat qaydalarına riayət olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 263-264, 365, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh verdiyi şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4103/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi aidiyyat qaydalarına riayət olunması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar