Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2437/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı direktoru X3 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1403/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1403/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 1610 manat dəymiş zərər, 532 manat inzibati xətaya görə cərimə pulu və 30 manat dövlət rüsumunun tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh arasında 20 saylı, 19.09.2020-ci il tarixli icarə müqaviləsi mövcuddur. Müqaviləyə əsasən cəmiyyət “Kıa Optıma” markalı, **-RD-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh 6 günlük icarəyə vermişdir. Avtomobil 19.09.2020-ci il tarixli təhvil-təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. 28.09.2020-ci il tarixdə Cavabdeh qəza törədərək avtomobilə maddi zərər vurmuş, avtomobili evakuator vasitəsi ilə ofisin binasının qarşısına göndərmiş, özü isə telefonlara cavab verməyərək məsuliyyətdən yayınmışdır. Dəfələrlə dəymiş zərərin ödənilməsi üçün cavabdehə müraciət edilsə də, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. “Qiymətləndirmə Xidməti Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 01.10.2020-ci il tarixli ekspert rəyinə əsasən avtomobilə 1610 manat zərər dəymişdir. Həmçinin cavabdeh avtomobili idarə etdiyi dövr ərzində, yəni 21.09.2020-ci il tarixdə 50 manat, 24.09.2020-ci il tarixdə 50 manat və 24.09.2020-ci il tarixdə 432 manat, cəmi 532 manat miqdarında cəriməyə səbəb olan inzibati xəta törətmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1610 manat dəymiş zərər, inzibati xətaya görə cərimənin dəbbə pulu ilə 802 manat və 30 manat dövlət rüsumunun tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, avtomobil 19.09.2020-ci il tarixli təhvil-təslim aktına əsasən tam saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Bunu təsdiq edən akt mövcuddur və iş materiallarına əlavə edilmişdir. Bununla da müqavilə üzrə tərəf olaraq İddiaçı öz öhdəliyini tam yerinə yetirmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyini icra etməmişdir. Cavabdeh avtomobili müqavilə üzrə saz vəziyyətdə götürdüyü halda, avtomobili həmin vəziyyətdə təhvil verməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı direktoru X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 19 sentyabr 2020-ci il tarixli, 20 saylı icarə müqaviləsindən görünür ki, İddiaçı (icarəyə verən) müqavilə predmeti olan “Kıa Optıma minik” markalı, **- RD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh (icarəyə götürən) 19.09.2020-ci il tarixdə saat 00:00-dan -21.09.2020-ci il saat 00:00-a qədər icarəyə verməyi, icarəyə götürən də öz növbəsində icarənin hər günü üçün 70 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan icarəyə verilən avtomobilin texniki vəziyyəti və təhvil-təslimi haqqında 19.09.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh “Kıa Optıma minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan AD seriyalı, 507914 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kıa Optıma minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan “Qiymətləndirmə Xidməti Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 01.10.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Kıa Optıma minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1610 manat zərər dəymişdir. Azərbaycan Respublikası MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı “Kıa Optıma minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili 19.09.2020-ci ildən 21.09.2020-ci il tarixədək cavabdehin istifadəsinə vermişdir. İddiaçı iddia tələbini icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsinin cavabdeh tərəfindən ona nasaz vəziyyətdə qaytarılması, 28.09.2020-ci il tarixdə cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi, bunun nəticəsində nəqliyyat vasitəsinə zərər dəyməsi, həmin zərərin cavabdeh tərəfindən aradan qaldırılmaması ilə əsaslandırmış və vurulmuş zərərin əvəzinin, eləcə də cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində yaranmış inzibati cərimələrin əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İşdən görünür ki, tərəflər arasında icarə münasibətləri 19.09.2020-21.09.2020-ci il dövrünü əhatə edir. İddiaçı isə yol nəqliyyat hadisəsinin 28.09.2020-ci il tarixdə baş verdiyini iddia edir. Həmin tarixdə isə “Kıa Optıma minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarəçiliyində olmasına dair iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə araşdırması zamanı cavabdehin İddiaçınə 1610 manat ziyan vurması, 802 manat inzibati xətaya görə cərimə pulu borclu olması öz təsdiqini tapmamışdır. Qeyd edilən halları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, iddiaçı birinci instansiya məhkəməsində bunu sübut edə bilməmiş, bunu təsdiq edən sübutları apellyasiya şikayətinə də əlavə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “Rza Rent A Car” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1403/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2437/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2437/2021
23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver