Məhkəmə qərarları › İş №2(105)-244/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-244/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-244/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(034)-56/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının və Cavabdeh3 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(034)-56/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçı qapalı səhmdar cəmiyyəti “xxxx” kommersiya bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 61254,86 ABŞ dolları əsas, 3106,41 ABŞ dolları faiz, 30,15 ABŞ dolları cərimə borcu, 2059,42 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 66450,84 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı “xxxx” kommersiya bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin ilkin satış qiymətinin 164000 manat olmaqla qiymətləndirilərək açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı və Cavabdeh3 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İş materiallarından görünür ki, qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankı iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı müqavilə üzrə 61254,86 ABŞ dolları əsas borc, 3106,41 ABŞ dolları faiz borcu, 30,15 ABŞ dolları cərimə borcu, ümumilkdə 64391,42 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün, 31 manat ipotekanın qeydə alınması üçün, cəmi 61 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 164000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evinə və mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə yönəldilməsinə və açıq hərracdan satılmasına, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, yaşayış evindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 19 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 65000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Bundan əlavə, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evini və mülkiyyətində olan 0,08 ha torpaq sahəsini xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsi üzrə banka 61254,86 ABŞ dolları əsas borcu, 3106,41 ABŞ dolları faiz borcu, 30,15 ABŞ dolları cərimə borcu, ümumilkdə 64391,42 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh1 yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı zaminlik müqaviləsinə əsasən “Borc alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” “Borc alan” ilə birlikdə “Kreditor” qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Qapalı səhmdar cəmiyyəti “xxxx” kommersiya bankı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh1 Bəhram qızı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsi üzrə 61254,86 ABŞ dolları əsas, 3106,41 ABŞ dolları faiz, 30,15 ABŞ dolları cərimə borcu, 2059,42 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 66450,84 ABŞ dolları pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 61 manat məbləğində dövlət rüsümunun müştərək qaydada Cavabdeh1 Bəhram qızından, Cavabdeh2 və Cavabdeh3 tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 164000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 Bəhram qızından tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evinə və mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə yönəldilməsinə və açıq hərracdan satılması, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 Bəhram qızı fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız hesab edir. Belə ki, bankla Cavabdeh1 Bəhram qızı arasında xx xxxxx 2015-ci il tarixdə 160/00/385/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik 19 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 65000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxx 2015-ci il tarixdə 160/00/385/15 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Bununla yanaşı, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Bəhram qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evi xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qətnaməsi ilə iddia tələbi qismən, yəni ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 Bəhram qızının və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılmasına dair hissədə təmin edilməmişdir. Məhkəmə belə qənaət formalaşdırarkən ipoteka hüququnun əşya hüququ olmasını və mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatının əşya hüququnun subyekti olan şəxslərin əmlak hüquqlarına da şamil olunmasını, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olmasını nəzərə almamışdır. Belə ki, bank əşya hüququ olan ipoteka hüququ və “İpoteka haqqında” qanunun tələbləri əsasında yüklü mənzildə qeydiyyatda olan şəxslərin mənzildən çıxarılması tələbini qoymaqda haqlıdır. Bankın ipoteka hüququ əsasında onun əşya hüquqları müdafiə edilməli, bu hüquqların müdafiəsinə yönələn tələb hüququ İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində “mülkiyyət” kimi qiymətləndirildiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatının əmlak hüquqlarının sahiblərinə də şamil olunması tanındığından, Azərbaycan Respublikası MM-nin 269.1, 158.4, 158.1.1 və 269.5-ci maddələri və “İpoteka haqqında” qanununun 59.3-cü maddəsi nəzərə alınmaqla bankın yüklü mənzildə qeydiyyatda olan və mənzilin yüklü edilməsinə notarial razılıq vermiş şəxslərin mənzildən çıxarılması tələbi ipoteka münasibətlərinin mahiyyətindən irəli gəlir, bu tələblər məhkəmə tərəfindən təmin edilməli idi. Bank kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişi ipoteka qoyana təqdim etməklə ipoteka predmetinə tutma yönəltməyə başlamış, həmin bildiriş müvafiq reyestrdə qeydiyyata alınmış, tutma yönəldilməyə başladıqdan sonra “İpoteka haqqında” qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş bir aylıq müddətin keçməsinə baxmayaraq öhdəliklər və ipoteka qoyan və onun ailə üzvlərinin öhdəliklərin icra edilməməsindən irəli gələn vəzifələri icra edilməmişdir. Belə olan halda, “İpoteka haqqında” qanunun 59.4-cü maddəsində nəzərdə tutulmuş qaydada kredit borcunun bankın xeyrinə tutulması, ipoteka soyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməli idi. Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydə və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Hazırki halda isə bank özünün ipoteka saxlayan (əşya hüquqlarının subyekti) statusuna, tərəflərin notarial qaydada götürdükləri öhdəliklərə və “İpoteka haqqında” qanunun müddəalarına əsaslanaraq tələb irəli sürməkdə haqlı olmuşdur. Bankın iddia tələblərində ipoteka qoyan cavabdehin mənzildən çıxarılması, mənzilin boşaldılması tələbinin olmasını məhkəmə nəzərə almamış və bu hissədə iddia tələblərini rədd etməklə tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 Bəhram qızının və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair hissədə təmin edilərək ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 48 ay müddətinə, xx.xx.2019-cu il tarixədək, illik 19% ödəmək şərti ilə 65000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan Cavabdeh1 Bəhram qızı isə krediti qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində digər Cavabdeh2 və onunla bank arasında xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və onlar bank qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Bəhram qızına məxsus Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,08 ha torpaq sahəsi xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti 164000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 61254,86 ABŞ dolları əsas, 3106,41 ABŞ dolları faiz, 30,15 ABŞ dolları cərimə borcu, 2059,42 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 66450,84 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Borc alan Cavabdeh1 Bəhram qızı bankla müqavilə bağladıqdan sonra vaxtında banka olan borcunu ödəmişdir, lakin bank bağlandıqdan sonra ödənişlər saxlanılmışdır. Belə ki, ödənişi hara edəcəyini bilməmişdir. Ona isə bununla bağlı bankdan heç bir xəbərdarlıq gəlməmişdir. Cavabdeh1 Bəhram qızı 4 ay vaxtlıvaxtında ödəniş etmişdir. Bundan əlavə o, məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilməmiş və məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlər şişirdilməklə hesablanmışdır. Məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının nümayəndəsi X6 cəmiyyətin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi X5 məhkəmə iclasında cavabdehin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 Bəhram qızının fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda onun fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalı, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyanın fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına aid hissədə ləğv edilməsinə, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, qapalı səhmdar cəmiyyəti “xxxx” kommersiya bankı tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 19% ödənilməklə 65000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 34 saylı fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 164000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Bəhram qızının adına xx xxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 Bəhram qızına məxsus Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsi, 34 ünvanında mülkiyyətində olan 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının 01 fevral 2016-cı il tarixli məktubundan görünür ki, cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka 61254,86 ABŞ dolları məbləğində əsas, 3106,41 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz, 30,15 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 64391,42 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 Bəhram qızının xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsi üzrə 06 dekabr 2019-cu il tarixə əsas borcu 61254,86 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 3106,41 ABŞ dolları, cərimə borcu 30,15 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz məbləği 2059,42 ABŞ dolları, cəmi borcu 66450,84 ABŞ dolları təşkil edir. İş materiallarında olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının cəmiyyətinin xx.xx.2016-cı il tarixli bildirişinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən 34 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4127 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx xxxxx 2015-ci il tarixli, 160/00/385/15 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 “xxxx” KB QSC-nə xx xxxxxx 2019-cu il tarixə əsas borcu 61254,86 ABŞ dolları, müqavilənin bitdiyi tarixə faiz borcu 3106,41 ABŞ dolları, xx xxxxxx 2019-cu il tarixədək illik 5% hesablanmaqla borcu 2059,42 ABŞ dolları müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətlərinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərdən müştərək qaydada 61254,86 ABŞ dolları əsas, 3106,41 ABŞ dolları faiz, 30,15 ABŞ dolları cərimə borcu, 2059,42 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 66450,84 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçı “xxxx” kommersiya bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m.yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin ilkin satış qiymətinin 164000 manat olmaqla qiymətləndirilərək açıq hərrcada satılması və satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 Bəhram qızının fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına aid hissədə maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, “İpoteka haqqında” qanuna əsasən 59.3-cü madəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Birinci instansiyası məhkəməsi iddia tələbinin bu hissəsi ilə bağlı qətnaməsində bu tələbi irəli sürmək hüququnun ipoteka saxlayana deyil, yeni mülkiyyətçiyə mənsub olmasına, iddiaçının ipoteka qoyulmuş əmlakın mülkiyyətçisi (və ya yeni mülkiyyətçisi) olmadığına və həmin tələb qətnamənin icra mərhələsinə aid olduğuna, həmçinin Cavabdeh1 Bəhram qızının ipoteka predmeti olan fərdi yaşayış evindən başqa yaşayış yerinin olmamasına əsaslanaraq iddianı həmin hissədə təmin etməmişdir. “İpoteka haqqında” qanunun 59-cu maddəsi “İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi” adlanır. Bu baxımdan ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun ayrılmaz hissəsi kimi nəzərdən keçirilməli və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda, bir icraatda həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yeni mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda, təmin olunması qanunvericiliyin məqsədlərinə zidd olardı. “İpoteka haqqında” qanunun 59.4-cü maddəsindən də görünür ki, qanunvericilik həmin maddədə göstərilən halda və müddətdə müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında yaşayış sahəsinin boşaldılması qaydasını müəyyən edir. Göründüyü kimi, istinad olunan maddə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini bir ay ərzində tərk etmədikdə yeni məhkəmə aktının qəbul olunmasını istisna edir və məhz tutma yönəldilməsi barədə məhkəmə qərarını həmin şəxslərin yaşayış sahəsindən məcburi çıxarılmasının əsası kimi müəyyən edir. Qanunun mənasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca göstərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. Bununla bağlı yeni mülkiyyətçinin ayrıca iddia ilə məhkəmədə iddia qaldırmasına zərurət yoxdur. “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinə əsasən də həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini əsas tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 Bəhram qızının fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda onun fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına aid hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. Cavabdeh3 apellyasiya şikayətində Cavabdeh1 Bəhram qızının 4 ay vaxtlı-vaxtında ödəniş etdiyini, iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlərin şişirdildiyini qeyd etsə də, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 4127 saylı, xx xxxx 2020-ci il tarixli rəyi ilə Cavabdeh1 “xxxx” KB QSC-nə xx xxxxxx 2019-cu il tarixə əsas borcunun 61254,86 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi tarixə faiz borcunun 3106,41 ABŞ dolları, xx xxxxxx 2019-cu il tarixədək illik 5% hesablanmaqla borcun 2059,42 ABŞ dolları olması müəyyən olunmuşdur. Həmçinin Cavabdeh3 apellyasiya şikayətində məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmədiyini, məhkəmə iclasında iştirakının təmin olunmadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə mobil telefon nömrəsinə SMS-lə çatdırılmış məhkəmə bildirişi vasitəsilə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 Bəhram qızının fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda onun fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalı, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 200 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “xxxx” Kommersiya Bankının apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(034)-56/2020 saylı qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 Bəhram qızının fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda onun fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına aid hissədə ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. İpoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Zaur Həsənov küçəsində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 209,3 kv.m ümumi, 128 kv.m yaşayış, 81,3 kv.m yardımçı sahədən ibarət 7 otaqlı 34 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 Bəhram qızı fərdi yaşayış evini ən geci bir ay ərzində tərk etmədikdə və fərdi yaşayış evindən çıxmadıqda fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar