Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2444/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun vəkili X12 və Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-102/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-102/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 mübahisə predmeti olan əmlaka sərf edilmiş 5.040 manat, xx.xx.2002-ci ildə ona verilmiş 20.000.000 manat pulun hazırki dəyəri – 12.896 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 17.966 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki Dostiyev X1 Nərgiz Əliqulu qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onlara verdiyi 4000 manat pulun, ona vurduqları ziyana görə - torpaq sahəsində əkilmiş ağacların əvəzi olaraq 20.000 manat, bank uçot faiz dərəcəsinə görə 7.200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 31.230 manat pulun müştərək qaydada tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və və iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildə X9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (aktda ata adı Fəlakət yazılmışdır) qızına məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,85 ha torpaq sahəsini həmin dövrdəki məzənnəyə uyğun olaraq 20.000.000 manata nağd pulunu ödəyərək satın almışdır. Bu barədə onunla Cavabdeh1 və X13 arasında akt tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehlərə torpağa mülkiyyət hüququna dair JN-816 saylı, kodu 30319018 olan dövlət aktı verilmişdir. Dövlət aktının əsli X13 tərəfindən ona verilmiş və akt hazırda da ondadır. Həmçinin torpaq sahəsi də 2000-ci ildən onun sahibliyində və istifadəsində olmuşdur. O, torpaq sahəsində bağ salmış və bütün dövlət və bələdiyyə xərclərini ödəmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinə dair razılaşma olan zaman başqa yerdə olduqlarından və tezliklə gələrək notariat qaydasında alqı-satqı edəcəklərinə söz vermələrinə baxmayaraq müxtəlif bəhanələrlə uzun müddət bundan yayınmışlar. Buna görə də, aralarında alqı-satqı müqaviləsi bağlanmamış, sadəcə olaraq akt tərtib edilmişdir. 18 ilə yaxın müddət keçməsinə baxmayaraq bu müddət ərzində cavabdehlər torpaq sahəsinə dair heç bir iddia irəli sürməmişlər. Halbuki cavabdehlər torpaq sahəsinin onun istifadəsində və sahibliyində olduğunu, orada bağ saldığını və müvafiq xərcləri ödədiyini bilirdilər. Cavabdeh2 2002-ci ildə hərbi xidmətdən gəldikdən sonra ondan razılıq əldə edilməsi üçün əlavə pul istəmiş, o da həmin vaxtkı məzənnə ilə Cavabdeh2 1.500.000 manat əlavə pul vermişdir. Lakin Cavabdeh2 pulu aldıqdan sonra akta imza etməkdən imtina etmişdir. Sonradan Cavabdeh2la arvadı arasında olan nikah pozulmuşdur. Bunun da nəticəsində torpaq sahəsinə dair notariat qaydasında müqavilənin bağlanması mümkün olmamışdır. Hazırda cavabdehlər torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasına etiraz edirlər və torpaq sahəsinə dair müvafiq sənədləşmə işləri aparmaq istəyirlər. O, uzun illər torpaq sahəsinə aqrotexniki qulluq edərək orada 200-ə yaxın ağac əkmişdir, 18 ildir həmin ağaclara qulluq edir. Bir qələmin həmin vəziyyətə gətirilməsi üçün 100 manat xərc tələb olunur. Belə olan təqdirdə salınmış bağa görə ümumilikdə 20.000 manat xərci çıxmışdır. Torpaq sahəsinin alınması ilə əlaqədar olaraq köhnə məzənnə ilə verdiyi 20.000.000 manat pulun hazırki dəyəri infilyasiya nəzərə alınmadan 7.200 manat müəyyən edilir. Belə ki, xx.xx.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası həyata keçirilmiş və 20.000.0xx xxxxx 4000 manat müəyyən olunmuşdur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq xx.xx.2018-ci ildən sonrakı dövr üçün uçot dərəcəsi 10% müəyyən edilmişdir. Belə olan halda 4000 manatın 10% nisbətində uçot dərəcəsi 400 manat edir. 400 manat 18 ilə vurduqda isə 7.200 manat faiz hesablanmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılmışdır. Belə ki, kodu 30319018 olan JN-816 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onlara məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı satmamışlar, həmin torpaq sahəsini İddiaçı mərhum Fəlakət Cəbrayılov istifadə etmək üçün vermişdi. Torpaq sahəsinə dair onların arasında alqı-satqı müqaviləsi yoxdur və onlar notariat orqanında olmamış, alqı-satqı müqaviləsinə imza etməmişlər. İddiaçı həmin torpaq sahəsində olan meyvə ağaclarını onların icazəsi olmadan kəsərək, yerinə yeni qələmlər əkmiş və onların torpaq sahəsindən istifadə etmişdir. İddiaçı onlara məxsus ağacları kəsməsindən Cavabdeh2 Rusiyadan qayıtdıqdan sonra xəbər tutmuş və bundan sonra İddiaçı onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etmişlər. İddiaçı iddia ərizəsində mərhum Fəlakət Cəbrayılov və Cavabdeh1 ilə aralarında bağ sahəsinin ona satılması barədə akt tərtib edildiyini göstərir. Cavabdeh2 və sabiq həyat yoldaşım Oksananın belə aktdan xəbərləri yoxdur və heç bir akta imza etməmişlər. İddiaçı bu günə kimi onların mülkiyyət hüquqlarını pozmaqda davam edir və torpaq sahəsindən çıxmaqdan imtina edir. İddiaçı sağlığında Fəlakət Cəbrayılova qarşı hər hansı bir iddia ilə məhkəməyə müraciət etməmişdir. Fəlakət Cəbrayılova qarşı heç bir iddia irəli sürülmədiyindən, bu şəxslər arasında mövcud olmuş razılaşmaya görə onlar məsuliyyət daşıya bilməz və torpaq sahəsi onların mülkiyyətində olduğundan iddiaçı qeyd şərtsiz onların torpaq sahəsindən çıxmalıdır. Bundan başqa, məhkəmə qanunsuz olaraq Cavabdeh1 ümumilikdə 17.966 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir. Belə ki, torpaq sahəsi paylı mülkiyyət olduğundan Cavabdeh1 mövcud olmayan hər hansı əqdə əsasən, yəni mərhum ərinin istifadəyə verdiyi torpaq sahəsinə görə 17.966 manat ödəməli deyildir. Qətnamədən görünür ki, mərhum Fəlakət Cəbrayılovla iddiaçının arasında mövcud olmuş razılaşma mülki qanunvericiliyin tələblərinə zidd olduğundan, belə mülki iş üzrə məhkəmə ekspertiza təyin etməklə mülki işə qanuni don geyindirmək məqsədi güdmüşdür. Onlar qarşılıqlı iddia ərizəsində İddiaçı onlara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsindən qeyd şərtsiz çıxarılmasını tələb etmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini pozmuş, onların məhkəməyə rəsmi təqdim etdikləri qarşılıqlı iddia ərizəsini, ümumiyyətlə, müzakirə etməmiş və qətnamədə bu hala qiymət verilməmişdir. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar vermişlər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan kodu 30319018 olan JN-816 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayonu X11 xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə X10, X3, X6 və Cəbrailova Oksana Fəlakət qızının mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,85 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İddiaçı, X13 və Cavabdeh1 tərəfindən imzalanmış xx xxxx 2002-ci il tarixli aktın surətindən görünür ki, torpağa mülkiyyət hüququna dair kodu 30319018 olan JN-816 saylı dövlət aktına əsasən X9 və ailə üzvlərinə verilmiş 0,85 hektar torpaq sahəsini X13 və Cavabdeh1 20.000.000 manata İddiaçı satmışlar, alqı-satqı zamanı İddiaçı həmin pulu X7 vermiş, torpaq sahəsi və dövlət aktı İddiaçı təhvil verilmişdir. İş materiallarında olan vergi ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı torpaq sahəsinə görə Quba rayonu İ Nügədi bələdiyyəsinə vergiləri ödəmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxx 2018ci il tarixdə ölmüşdür. İş üzrə keçirilmiş ekspertizanın 8602/9184 saylı, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, 0,85 ha torpaq sahəsinin 0,34 hektarı alma bağından, 0,51 hektarı isə buğda sahəsindən ibarətdir. Alma bağındakı ağacların cəmi sayı 142 ədəd, məhsuldarlığı 200 sentner, toplana biləcək məhsul isə 6-8 ton müəyyən edilmişdir. 0,51 hektar torpaq sahəsinə isə buğda toxumu səpilmiş və məhsuldarlığın 28-30 sentiner olacağı gözlənilir. Rəyə əsasən alma bağına il ərzində çəkilmiş xərc cəmi 315 manat təşkil etmişdir. 2000-ci ildə verilmiş 20.000.000 manat məbləğində pul vəsaiti istehlak qiymətləri indeksinə əsasən 12.896 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyini əsas götürərək qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında İddiaçı iddia tələbinin artırılmasına dair ərizəsi yoxdur və birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, hansı qanunda göstərilən müstəsna halı nəzərə alaraq iddia tələblərindən kənara çıxdığını da əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxsin verdiyi tələb üzrə qətnamə çıxarmamaqla, prosessual hüquq normasının tələbini pozmuş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə, yeni qətnamə çıxarılmalıdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı cavabdehlərdən torpaq sahəsinin alınmasına görə 2002-ci ildə ödədiyi 20.000.000 manatın denominasiyası nəzərə alınmaqla 4000 manat tələb edir. İddiaçı X9 və Cavabdeh1 0,85 ha torpaq sahəsinə görə 20.000.000 manat verməsi iş materiallarında olan xx xxxx 2020-ci il tarixli aktla da öz təsdiqini tapır. Həmin aktda olan imzanın ona məxsus olmasını məhkəmə kollegiyasının iclasında Cavabdeh1 da etiraf etmiş, lakin həmin məbləği İddiaçı torpaq sahəsinin istifadəyə verilməsi məqsədi ilə aldıqlarını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx xxxx 2002-ci il tarixli aktda torpağa mülkiyyət hüququna dair kodu 30319018 olan JN-816 saylı dövlət aktına əsasən X9 və ailə üzvlərinə verilmiş 0,85 hektar torpaq sahəsini X13 və Cavabdeh1 20.000.000 manata İddiaçı satmışlar, alqı-satqı zamanı İddiaçı həmin pulu X9 vermiş, torpaq sahəsi və dövlət aktı İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin müəyyən edilmiş hallarından görünür ki, xx xxxx 2002-ci il tarixdə X13 və Cavabdeh1 Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,85 ha torpaq sahəsini 20.000.000 manata İddiaçı faktiki olaraq satmış, lakin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməmişdir. Azərbaycan Respublikası MM-nin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikas MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı müqaviləsi notariat qaydasında təsdiqlənmədiyindən özlüyündə etibarsızdı və buna görə də Azərbaycan Respublikası MM-nin 337.5-ci maddəsinə əsasən tərəflər aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, X13 xx xxxx 2018-ci il tarixdə öldüyündən, X8 ölümündən sonra tərəflər arasında mübahisə yarandığından, onun birinci növbədə vərəsələri arvadı Cavabdeh1 və Cavabdeh2 olduğundan, Cavabdeh1 xx xxxx 2002-ci il tarixli aktı imzalayaraq torpaq sahəsinin satılmasında iştirak etdiyindən, torpaq sahəsinin satılmasına görə ödənilmiş 20.000.000 manat denominasiya nəzərə alınaraq 4000 manat olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsində uzun illər torpaq sahəsinə aqrotexniki qulluq edərək orada 200-ə yaxın ağac əkdiyini, həmin ağaclara 18 ildir qulluq etdiyini və bir qələmin həmin vəziyyətə gətirilməsi üçün 100 manat xərc tələb olunduğunu göstərərək cavabdehlərdən salınmış bağa görə ümumilikdə 20.000 manat tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,85 ha torpaq sahəsinin 0,34 ha hissəsi alma bağından ibarətdir, bağda cəmi 142 ağac vardır, 120 ədəd alma ağacı 32-33 illik, 22 ədəd alma ağacı 4-5 illikdir. Rəydən görünür ki, il ərzində alma bağına aqrotexniki qulluğa görə sərf olunan vəsait 315 manat təşkil edir. Belən halda, bir ağaca aqrotexniki qulluğa görə 1,51 manat (315 manat : 142 ağac) sərf edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,85 ha torpaq sahəsinin 0,34 ha hissəsində olan 120 ədəd alma ağacı ekspertizanın rəyinə əsasən 32-33 illikdir, başqa sözlə, iddiaçı həmin torpaq sahəsini almamışdan qabaq əkilmişdir. Qalan 22 ədəd alma ağacına aqrotexniki qulluğa görə sərf olunan vəsait 16 il ərzində (2002-2018-ci illər ərzində) 531,52 manat (1,51 manat x 22 ağac x 16 il) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə ağaclara aqrotexniki qulluğa görə sərf olunan 531,52 manat tutulmalıdır. İddiaçı cavabdehlərdən bank uçot dərəcəsi 10% olmaqla 18 il üçün 7.200 manat faiz tələb edir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Azərbaycan Respublikası MM-nin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməmişdir. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də bu halın müəyyən edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı torpaq sahəsinin alqı-satqısına görə pul ödədiyini iddia edir və bu hal onun pul vəsaitinin cavabdehlər tərəfindən qanunsuz saxlanılması anlamına gəlmir. Ona görə də məhkəmə kollegiyası iddia tələbinin həmin hissəsini əsassız hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh3 qarşı olan hissəsini də əsassız hesab edir. Belə ki, Cavabdeh3 xx xxxx 2002-ci il tarixli aktın tərtibində iştirak etməmişdir və X8 vərəsəsi də deyildir. Cavabdehlər apellyasiya şikayətində onların qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İş materiallarından görünür ki, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-259/2019 saylı qərardadı ilə geri qaytarılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dgər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-102/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 4000 (dörd min) manat və ağaclara aqrotexniki qulluğa görə sərf olunan 531,52 (beş yüz otuz bir manat 52 qəpik) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulsun, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abbasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2444/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2444/2020
12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver