Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-245/2021 05.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-1245/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-1245/2018 saylı qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsi üzrə 11083 ABŞ dolları əsas, 4494,91 ABŞ dolları faiz borcu, 255,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15833,86 ABŞ dolları pulun (manat məzənnəsilə) tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı Asıq Səhmdar Cəmiyyətinin “Xətai” filialına müraciət edərək ona kredit verilməsini xahiş etmiş və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinə əsasən ona 3 ay müddətinə illik faiz dərəcəsi 24 faiz ödənilmək şərti ilə 11083 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmış, onlar borclu ilə birlikdə maddi məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borc alan tərəfindən hər ay bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh müqavilənin bu bəndini pozaraq, krediti və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, o, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsində əsas öhdəliklər yazılan hissəsini imzalamamışdır. Oradakı imza isə ona məxsus deyildir. Bu barədə o, məhkəməyə vəsatət verərək xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, vəsatət təmin edilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, məlum kredit müqaviləsinin 2-ci vərəqindəki “Müştəri” qrafasındakı imza onun tərəfindən icra olunmuşdur. Lakin müqavilənin 1-ci vərəqinin sağ küncündəki imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdr. Halbuki, müqavilənin məhz 1-ci vərəqində müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri, hesablaşma qaydaları, müqavilənin müddəti göstərilmişdir. Onunla bank arasında daha əvvəllər bir neçə kredit müqaviləsi bağlanmış və öhdəliklərə tam əməl olunmuşdur. Lakin hazırkı müqavilənin ikinci vərəqi də daha əvvəllər bağlanmış müqavilədən götürülərək bura əlavə edilmişdir. Beləliklə də, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə onun iddiaçı bank qarşısında hər hansı öhdəliyi yaranmır. Kredit müqaviləsi üzrə kassa məxaric orderi yoxdur, çünki bu order də onun tərəfindən imzalanmamışdır. Bu xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 3 ay müddətinə illik faiz dərəcəsi 24 faiz ödənilmək şərti ilə 11083 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. İşdə olan xx xxxx 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 zamin kimi bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinin təminatı kimi borclu ilə birlikdə bank qarşısında öhdəlik götürmüşlər. Yenə işdə olan xx xxxx 2015ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin Xətai filialından 11083 ABŞ dolları pulu imza edərək qəbul etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinə əsasən onun banka xx xxxx 2017-ci il tarixinə 11083 ABŞ dolları əsas, 4494,91 ABŞ dolları faiz və 3255,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18833,86 ABŞ dolları məbləğində borcu vardır. Yenə işə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinə əsasən onun banka xx xxxxxxx 2015-ci il tarixinə 11083 ABŞ dolları əsas, 664 ABŞ dolları faiz və 1145,76 ABŞ dolları gecikdirilən müddət üçün hesablanmış faiz borcu olmaqla, cəmi 12892,76 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 32381 saylı rəyindən görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinin 2-ci vərəqində “müştəri” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur, lakin 1-ci vərəqinin sağ küncündəki imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Yenə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli, 10843 saylı rəyindən görünür ki, xx xxxx 2015-ci il tarixli, 1 saylı xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Yenə də iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020ci il tarixli, 4/809 saylı rəyindən görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinin 2-ci vərəqində “müştəri” qrafasındakı imza, xx xxxx 2015-ci il tarixli zəmanət öhdəliklərində “borcalan” qrafasındakı imzalar, xx xxxx 2015-ci il tarixli zaminlik müqavilələrində “borcalan” qrafasındakı imzalar, xx xxxx 2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinə əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlində “borcalan” qrafasındakı imza, xx xxxx 2015-ci il tarixli, 1 saylı xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinin 1-ci vərəqinin sağ küncündəki “tanış oldum” yazıları qarşısındakı imza, xx.xx.2015-ci il tarixli, 75/2 saylı müddətli öhdəlikdə “müştərinin imzası” qarşısındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, bu hissələrdə qətnamə apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-1245/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırda əsas mübahisə borcalan Cavabdeh1 iddiaçı bank qarşısında kredit öhdəliyinin yaranıb-yaranmaması barədədir. Belə ki, apelyant şikayətində qeyd etmişdir ki, o, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsində əsas öhdəliklər yazılan hissəsini imzalamamışdır. Oradakı imza isə ona məxsus deyildir. Müqavilənin 1-ci vərəqində müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri, hesablaşma qaydaları, müqavilənin müddəti göstərilmişdir. Lakin o, bu məsələri özündə ehtiva edən müqavilənin 1-ci vərəqini imzalamamışdır. Kredit müqaviləsi üzrə kassa məxaric orderi də onun tərəfindən imzalanmamışdır. O, bankdan hazırki müqavilə üzrə pul almamışdır. Lakin işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/809 saylı rəyi ilə müəyyən olunur ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinin 2-ci vərəqində “müştəri” qrafasındakı imza, xx xxxx 2015-ci il tarixli zəmanət öhdəliklərində “borcalan” qrafasındakı imzalar, xx xxxx 2015-ci il tarixli zaminlik müqavilələrində “borcalan” qrafasındakı imzalar, xx xxxx 2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinə əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlində “borcalan” qrafasındakı imza, ən əsası isə xx xxxx 2015-ci il tarixli, 1 saylı xəzinə məxaric orderində “alanın imzası” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsinin 1-ci vərəqinin sağ küncündəki “tanış oldum” yazıları qarşısındakı imza, xx.xx.2015-ci il tarixli, 75/2 saylı müddətli öhdəlikdə “müştərinin imzası” qarşısındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu xüsusatlara qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə ayrılmış pul vəsaiti məhz Cavabdeh1 tərəfindən qəbul edildiyindən, habelə rəydə adları qeyd olunan sənədlər onun tərəfindən imzalandığından onunla iddiaçı bank qarşısında kredit münasibətləri yaranmışdır və Cavabdeh1 bu kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə iddiaçı qarşısında bilavasitə öhdəlik daşıyır. İş materiallarından görünür ki, "İddiaçı” ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 75/2 saylı kredit müqaviləsi bağlamış və ona 3 ay müddətinə, illik 24 faiz hesablanmaqla 11083 ABŞ dolları kredit verilmişdir. Eyni zamanda qeyd edilən kredit üzrə öhdəliyin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda zaminlərlə birgə göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdehlər kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişlər. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyinə görə əsas borc üzrə 11083 ABŞ dolları, faiz borcu üzrə 4494,91 ABŞ dolları və cərimə borcu üzrə 255,95 ABŞ dolları olmaqla, cəmi 15833,86 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla təsdiq olunur. Cavabdeh1 apelyasiya şikayətində bankdan xx xxxx 2015-ci il tarixdə kredit götürmədiyini mübahisələndirsə də, bu borcun əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri qiymətləndirərək belə hesab edir ki, cavabdehin hazırki iş üzrə tələbləri iş üzrə nəticənin gecikdirilməsi və məhkəmə vaxtının itirilməsinə yönəlmişdir və qəbul edilməzdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 112 manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)- 1245/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 112 manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-245/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-245/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver