Məhkəmə qərarları › İş №2(105)-2450/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2450/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2450/2022 24.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülk iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(067)- 2201/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat məbləğində borc pulun və 120 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(067)-2201/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə hazırlıq icraatına xitam verilmişdir. Qeyd olunan qərardaddan İddiaçı şikayət vermiş, həmin qərardadın ləğv edilməsini xahiş edilmiş, şikayət elektron kabinet vasitəsilə təqdim edilmədiyindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2201/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin qərardaddan elektron kabinet vasitəsilə verilmiş şikayət Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2201/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. (hakim A.Sadıqov). Həmin qərardaddan İddiaçı tərəfindən verilən şikayət məhkəmənin bu iş üzrə qəbul etdiyi 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(067)- 2201/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktlarından hər dəfə fərqli prosessual nöqsanlarla apellyasiya şikayəti verilmiş və məhkəmə həmin nöqsanlar əsasında şikayətləri geri qaytarmışdır. Yenə işdən görünür ki, mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş məhkəmə aktından iddiaçı tərəfindən verilən şikayət MPM-in daha öncə sadalanan forma və məzmun tələblərinə cavab vermir. Belə ki, şikayətdə ləğvi tələb olunan qərardadın tarixi və nömrəsi, şikayət vermiş şəxsin adı, soyadı və atasının adı yanlış qeyd edilmiş, habelə şikayətin məzmunu başqa mülki işlə (başqa şəxslə) bağlı tərtib olunmuşdur ki, bu da daha öncə qeyd olunan prosessual qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 395- 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(067)- 2201/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar