Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2457/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim R.Həsənov) QətnamədənCavabdeh apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsininləğv edərək alimentin azaldılmasına dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 120 manat aliment məbləğinin artırılaraq, birgə nikahlarından olan övladları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment, əlavə xərclər olaraq təhsil, məktəb ləvazimatı, geyim və idman təminatı üçün 100 manat, xüsusi qidalanmaq üzrə hər ay 50 manat olmaqla ümumilikdə 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, birgə yaşadıqları dövrdə anadan olmuş övladları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Valideynlərinə məxsus evdə yaşayır. Məhkəmə tərəfindən qəbul edilmiş 120 manat məbləğində alimenti cavabdeh tam olaraq ödəmir. Cavabdehin hər il yaxşı məhsul gətirdiyi bağı vardır. Heyvandarlıqla məşğuldur. Valideynləri pensiyaçıdırlar və uşağın ehtiyaclarına onlar kömək edirlər. Cavabdeh qanunla üzərinə düşən atalıq vəzifələrini yerinə yetirmir. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, qeyri-obyektivdir. Belə ki, 2-ci dəfə ailə qurmuşdur və həmin nikahdan da bir övladı var. Həmçinin, yaşlı xəstə anası da onun himayəsindədir. O, “xxxxxxxx” ASC-də fəhlə işləməklə 250 manat əmək haqqı alır. Onun əlavə gəlir yeri yoxdur. İddiaçı iddia tələbi ilə bağlı heç bir tutarlı sübut təqdim etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən təkrar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan şəxsiyyət vəsiqəqinin surətindən görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2006-cı ildə X4 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli, 2(027)-659/2008 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılması, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan arayışdan, əmək haqqına dair cədvəldən aydın olur ki, Cavabdeh “xxxxxxxx” ASC-də fəhlə işləyir, 250 manat əmək haqqı alır, əlavə gəlir yeri yoxdur. İşdə olan doğum haqqında və nikah haqqında şəhadətnamələrin surətindən aydın olur ki, cavabdeh rəsmi nikaha daxil olmuş, həmin nikah münasibətlərindən bir azyaşlı övladı vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki,aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməli,Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2005-ci ildən faktiki nikah münasibətlərində olmuş, faktiki nikah münasibətlərindən xx.xx.2006-cı ildə X4 adlı uşaqları doğulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda cavabdeh yenidən ailə qurmuş, bir azyaşlı oğlu vardır. İddiaçı aliment məbləğinin artırılmasını tələb edir. Mübahisənin həlli ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir.Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birininailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırkı halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı işin hallarından müəyyən edilir ki, cavabdeh ikinci dəfə ailə qurmuş, daha bir övladı olmuşdur. Eyni zamanda himayəsində xəstə valideyni vardır. Başqa sözlə, maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər il yaşayış minumunun dəyişdirilməsi alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edilməsinə əsas vermir. Belə olan halda istinad olunan maddi hüquq normalarına görə alimentin yaşayış minimumu haqqında qanuna uyğun olaraq artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-780/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2457/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2457/2020
11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver