Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2459/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh vəkili X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-2401/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-2401/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, əsas borc üzrə 6793,32 manat, faiz borcu üzrə 843,73 manat olmaqla, cəmi 7637 (yeddi min altı yüz otuz yeddi) manat 05 (beş) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6793,32 manat əsas borc, 843,73 manat faiz borcu olmaqla, cəmi 7637,05 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X2 apellyasiya şikayətini müdafiə edib göstərdi ki, apellyasiya şikayətinin birinci dəlili ekspertiza məsələsi ilə bağlı idi ki, hazırda bu çatışmazlıq aradan qalxmış və iş üzrə ekspert rəyi alınmışdır. Bundan əlavə məhkəmə cavabdehin məhkəmədə iştirakının təmin edilməsində maraqlı olmamışdır. Bu hal da apellyasiya icraatı zamanı aradan qaldırılmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-2401/2021 saylı qətnaməsinin ləğv edilməsini və ekspert rəyinə uyğun formada qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi öncəki məhkəmə iclasında iştirak etsə də sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiaysı Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-2401/2021 saylı qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli, 105804-424312/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 23 faizlə, 8500 manat kredit verilmişdir. Həmin kreditin cavabdehə verilməsini eyni tarixli kassa məxaric orderi təsdiq edir. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 36 ay müddətinə hər ay 329,03 manat, sonuncu ay isə 329,17 manat ödəməli idi. 28.01.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə banka 6793,32 manat əsas borc, 843,73 manat faiz borcu olmaqla, cəmi 7637,05 manat borcu vardır və müqavilə üzrə gecikmə 223 gün təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə kreditora borcu yaranmasını, kredit müqaviləsinin təminatı olaraq buna görədə kreditorun borcun əsas hissəsinin və ona hesablanmış faiz borclarının cavabdehdən tələb edilməsi tam əsaslı olmasını müəyyən etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 445.2.1, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini əsas və faiz borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. İş materiallarından da göründüyü kimi Həmidli Kamaləddin Zamir oğlu bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borclu Həmidli Kamaləddin Zamir oğlunun bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olsa da, məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcu hissəsində dəyişdirilməlidir. İş üzrə keçirilmiş 18 noyabr 2021-ci il tarixli, 9/7136 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh Zamir oğlunun 28.01.2021-ci il tarixinə borcu, əsas borc üzrə 6960,65 manat, faiz borcu üzrə 369,63 manat təşkil edir. Göründüyü kimi ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu üzrə borcu 6690,65 manat müəyyən edilsə də, faiz borcu üzrə borcu 369,63 manat təşkil edir ki, bu da iddia ərizəsində olan faiz borcundan azdır. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, cavabdehdən faiz borcu üzrə 369,63 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda məhkəmə kollegiaysı qeyd edir ki, ekspert rəyi ilə əsas borc məbləği 6960,65 manat müəyyən edilsə də, iddiaçı təşkilat iddia tələbində cavabdehdən əsas borca görə 6793,32 manat pul tələb etdiyindən iddia tələbinin həcmindən kənara çıxılmamaqla ondan tələb edilən əsas borca görə pul məbləği 6793,32 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh şikayətində iddia ərizəsində tələb edilən borc məbləğini mübahisələndirmiş, məhkəmə kollegiyasının qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert rəyində cavabdehin borcu müəyyən edilmiş və keçirilmiş ekspert rəyi ilə də iddia ərizəsində tələb edilən faiz borcu məbləği arasında fərq olduğu aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, qətnamə əsas borca dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə iddiaçı bankın ödədiyi 30,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması hissəsində gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı təşkilat müqavilə üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Həmçinin cavabdehin dəlilləri keçirilmiş ekspertizanın rəyi ilə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-2401/2021 saylı qətnaməsi faiz borcu üzrə 843,73 manat olmaqla, cəmi 7637 (yeddi min altı yüz otuz yeddi) manat 05 (beş) qəpik məbləğində pulun Cavabdeh tutulması hissəsində dəyişdirilməli, cavabdehdən faiz borcu üzrə 369,33 manat, ümumilikdə 7162,65 manat məbləğində pulun tutulması müəyyən edilməli, qətnamə qalan hissədə qəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-2401/2021 saylı qətnaməsi faiz borcu üzrə 843,73 manat olmaqla, cəmi 7637 (yeddi min altı yüz otuz yeddi) manat 05 (beş) qəpik məbləğində pulun Cavabdeh tutulması hissəsində dəyişdirilsin. Cavabdeh faiz borcu üzrə 369,33 manat, ümumilikdə 7162,65 manat məbləğində pulun tutulması müəyyən edilsin. Qətnamə qalan hissədə qəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 70 (yetmiş) manatı cavabdeh Cavabdeh Zamir oğlundan, 30 (otuz) manatı"xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2459/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2459/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver