Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2459/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(012)-1615/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 5896.8 manat dəymiş ziyan, qaz sərfiyyatına görə 199.7 manat debitor borcu, 84.47 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 6180.97 manat pul vəsaitinin İddiaçı İB-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-1615/2022 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-1615/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-1615/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddət bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-yə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin forması 2 saylı Əlavədə müəyyən olunmuşdur. Həmin əlavədə qeyd edilmişdir ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, apellyator məhkəmə aktının ləğv edilməsini xahiş etsə də, mübahisənin həlli ilə bağlı nə barədə qərar qəbul edilməsinə dair tələbini dəqiq bildirməmişdir. Belə olan halda şikayət verən şəxsin tələbini bildirməməsi MPM-nin 361-ci maddəsinə, eləcə də oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən 2 saylı Əlavəyə uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətində tələbini dəqiq və aydın bildirmədiyindən, Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2459/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2459/2022
23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver