Məhkəmə qərarları › İş №2(105)-246/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-246/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-246/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Hüseynzadə və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbinə dair» mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(012)-2806/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazanc məqsədilə ondan götürdükləri, lakin ona geri qaytarılmamış 78.000 manat məbləğin və 324 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78.324 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında anası X1 ilə birlikdə yaşayır. İş üzrə Cavabdeh1 ilə təxminən 2013cü il tarixdə Mingəçevir şəhərində yaşadığı vaxt tanış olmuşdur. Həmin vaxtdan onunla yaxın bir insan kimi münasibətləri olmuş və Cavabdeh1 onun etibarını qazanmışdır. Qazanc əldə etmək məqsədilə ümumilikdə 78.000 manat verdiyi məbləği ona geri qaytarmadığı üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı qeyd edir ki, polisə şikayət ərizəsi ilə müraciət edərkən anasının səhhəti cavabdehlərin bu qanunsuz əməllərinə görə pisləşdiyi üçün böyük mənəvi stress keçirdiyindən məbləği səhvən 78.000 manat deyil, 80.000 manat qeyd etmişdir. Daha sonra Cavabdeh1 da onunla bağlı polisə əsassız və uydurma ittihamlarla müraciət etmişdir. Bundan sonra material araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nə göndərilmişdir. Nəticədə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də həyata keçirilən müvafiq araşdırma əsasında tərəflərin izahatları alınmış və iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də həmçinin ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bu səbəbdən də hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmədən cavabdehlər tərəfindən ona qarşı qanunsuz hərəkətlər edildiyi üçün bu iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsini və ona vurulmuş maddi ziyanın geri ödənilməsini xahiş edir. Çünki cavabdehlərin əllərində hər hansı bir sübut və dəlil olmadığı halda onlar onun pullarını mənimsəmiş və qazanc əldə etmək məqsədilə ondan götürdükləri 78.000 manat məbləği ona geri qaytarmamışlar. Belə ki, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Cavabdeh1 onun faktiki yaşadığı ünvan 2 ünvanına gələrək birlikdə pul qazanmaq üçün ondan faizə pul istəmişdir. Çünki Cavabdeh1 onların Mingəçevir şəhərində olan evlərinin satıldığını və onda pulun olduğunu bilmişdir. Məhz buna görə 13.000 manat pulun ona müvəqqəti olaraq 1 aylıq müddətə verilməsini istəmişdir. Həmin vaxtı bununla bağlı Cavabdeh1 burada qazancının nə qədər olacağı və onun qazancını nə qədər olacağı barədə sual vermişdir. Cavabdeh1 isə bu sualına 13.000 manatın müqabilində 10 faiz, yəni 1.300 manat ona pul verəcəyini bildirmişdir. Cavabdehi yaxından tanıdığı və ona sonsuz şəkildə etibar etdiyi üçün təxminən 2-3 gündən sonra notariusda deyil, əlbəəl olaraq Cavabdeh1 öz yaşadığı ünvanda 13.000 manat pul vermişdir. Daha sonra Cavabdeh1 ona narahat olmamasını, qazanc əldə etmək üçün pulu öz tanışlarına faizlə verəcəyini və bunu müqavilə ilə rəsmiləşdirəcəyini, gələcəkdə nə isə olsa əllərində sübutlarının olacağını bildirmişdir. Bundan sonra Cavabdeh1 təxminən 2023-cü ilin fevral ayının əvvəllərində 13.000 manat pulun müqabilində 10 faiz olmaqla 1.300 manat pul vermişdir. Bundan başqa təxminən xx.xx.2023-cü il tarixindən həmin ilin oktyabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 65.000 manat pulu qazanc əldə etmək məqsədilə 10 faiz olmaqla yaşadığı ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında Cavabdeh1 onun nikahdan kənar həyat yoldaşı olan Cavabdeh2 ilə birlikdə gələrək ondan götürmüşlər və hazırkı vaxtadək Cavabdeh1 ona yalnız 13.000 manat pul vermişdir. Həmçinin qeyd edir ki, Cavabdeh2 özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Cavabdehlər tərəfindən ona qarşı belə bir addımın atılacağını heç vaxt gözləməmişdir. Tərəfindən cavabdehlərə verilən pulların cəmi məbləği hazırda 78.000 manat təşkil edir. Təəssüflər olsun ki, cavabdehlər ondan götürdüyü həmin məbləği bu günə qədər geri qaytarmamışlar. Polisə müraciət etməmişdən əvvəl Cavabdeh1 nikahdan kənar yoldaşı olan Cavabdeh2 ilə görüşmüş və onlardan pullarının geri qaytarılmasını tələb etmişdir. Qeyd olunan şəxslərin onu aldatmaq niyyətlərində olduqlarına artıq əmin olduğu üçün onlarla görüşərkən danışıqlarını qeydə almışdır ki, gələcəkdə bu şəxslərə qarşı iddia irəli sürdükdə öz prosessual hüquqlarını realizə edə bilsin və iddianı sübuta yetirmək ona çətin olmasın. Çünki bu şəxslərə güvənərək pulu onlara yazılı rəsmiləşdirmə olmadan vermişdir. xx.xx.2024-cü il tarixdə “Saraclı” restoranında pulunun geri qaytarılmaması ilə bağlı Cavabdeh2la görüş vaxtı onunla söhbətləri haqqında aralarında olan səs danışıqlarına dair cd diski, həm də Cavabdeh1 ilə vatsap mobil tətbiqi vasitəsilə olan yazışmalardan çıxarışları müstəntiqə də təqdim etmişdir. Həmin sübutları hazırkı iddia ərizəsinə də əlavə etmişdir. Bu sübutlara diqqət yetirildikdə bir daha bu sübut olunur ki, cavabdehlər həmin məbləği ona geri qaytarmamışlar. Bütün bunların müqabilində Cavabdeh1 Bakı şəhəri Yasamal RPİ-nə verdiyi izahatında qeyd etmişdir ki, guya tanışı Reqina Dobrinadan onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında 05 fevral 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla faizə ümumilikdə 58.960 manat pul almış, faiz olaraq 52.040 manat pulu ödəməklə ümumilikdə ona 111.000 manat pul ödəmişdir. Bu yalandır və cavabdehlər həmin məbləği ona geri ödəməmişlər. Belə ki, Cavabdeh1 ona xx.xx.2023- xx.xx.2023-cü il tarixlərdə vatsap mobil tətbiqi vasitəsilə səs mesajları göndərərək onu hədələmiş, həmçinin guya onun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saat 12:00 üçün Ağayev soyadlı şəxs tərəfindən Gəncliyə çağırıldığını və işdi ona zəng olunarsa, onun Əfsanəyə pul vermədiyini deməsini ona tapşırmışdır. Bununla Cavabdeh1 özünün lehinə sübut əldə etmək niyyətində olmuşdur ki, onun belə bir məzmunda səsini əldə etmiş olsun və gələcəkdə ona qarşı verdiyi pullarla bağlı iddia qaldırdıqda bu səsini ortaya qoyaraq iddialarının əsassız olduğunu sübuta yetirsin. Cavabdeh1 Bakı şəhəri Yasamal RPİ-nə verdiyi izahatında istinad etdiyi halları sübut edə bilmir. Əgər edə bilirsə buyursun bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etsin, o da iddia tələbini geri götürsün. Həmçinin əgər Cavabdeh1 ona cəmi 111.000 manat pul ödəmişdirsə nəyə görə aralarında olan vatsap yazışmalarında və digər Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə Saraclı restoranında görüş vaxtı qeydə aldığı səs yazılarında onlar borclu olduqlarını etiraf edirlər. Bütün bu qeyd olunanlar bir daha onu sübut edir ki, cavabdehlər onun əmlakı hesabına əsassız varlanmışlar və həmin məbləğ onlardan geri alınaraq xeyrinə tutulmalıdır. Həmçinin cavabdehlər onun pullarını guya geri qaytarmaqla bağlı hətta ona müxtəlif uydurma vədlər də vermişlər. Belə ki, Cavabdeh2 dostunun bankda işlədiyini, bankdan pul götürüb pulunu ona geri qayatacağını demişdir. Halbuki bu tam yalandır. Cavabdeh1 isə ona guya Aylin adlı işçisinə pul verdiyini, lakin Aylin tərəfindən pul ona geri qaytarılmadığı üçün Aylinin də evlərini satışa çıxardığını bildirmiş, bununla bağlı İlham adlı vasitəçi ilə onu əlaqələndirmişdir. O, həmin vasitəçi ilə görüşsə də, qeyd olunanlar heç biri həyata keçməmiş və cavabdehlər onu aldatmağa davam etmişlər. Eləcə də qeyd edir ki, Cavabdeh1 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də verdiyi izahatda 58.960 manat pul aldığını etiraf etsə də, həmin məbləğin ona geri qaytarılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş və özünün bu yalanını yalnız şifahi sözlərlə sübut etməyə çalışmışdır. Göstərilənlərə əsasən qazanc məqsədilə götürülmüş, lakin geri qaytarılmamış 78.000 manat məbləğin və 324 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78.324 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 və İddiaçı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı verdiyi izahatında Cavabdeh1 13.000 manat və 67.000 manat olmaqla, ümumilikdə 80.000 manat 10 faizə pul verdiyini bildirmiş, həmin verilmiş məbləğdən 1.300 manat və 13.000 manat olmaqla faiz şəklində ona qaytarıldığını etiraf etmişdir. Cavabdeh1 isə izahatında İddiaçı ümumilikdə 58.960 manat 15 faizlə pul götürdüyünü etiraf etmiş, həmin pulun faizi 52.040 manat olmaqla, ümumilikdə 111.000 manat olmaqla tam şəkildə İddiaçı qaytardığını bildirmişdir.

5. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 324 manat dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(012)- 2806/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 44.660 (qırx dörd min altı yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 200 (iki yüz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 425.1, 427.3, 442, 445.2, 445.2.1, 448.1 və 739-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.1, 106.1, 76.1, 76.2, 106.1, 14.2, 77.1, 217.4, 107, 119.1, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

8. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(012)- 2806/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən (iddianın təmin edilməmiş hissəsində) ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, 78.000 manat məbləğin və 324 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78.324 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə təxminən 2013-cü il tarixdə Mingəçevir şəhərində yaşadığı vaxt orada tanış olmuş, həmin vaxtdan onunla yaxın bir insan kimi münasibətləri olmuş və onun etibarını qazanmışdır. Qazanc əldə etmək məqsədilə ona ümumilikdə 78.000 manat pul vermişdir. Cavabdehlər onun pullarını mənimsəmiş və qazanc əldə etmək məqsədilə ondan götürdükləri 78.000 manat məbləği ona geri qaytarmamışlar. Belə ki, təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Cavabdeh1 pul qazanmaq üçün ondan faizə pul istəmişdir. Cavabdeh1 Mingəçevir şəhərində olan evlərinin satıldığını və onda pul olduğunu bilmişdir. Əfsanə 13.000 manat pulun ona müvəqqəti olaraq 1 aylıq müddətə verilməsini istəmişdir. Həmin vaxtı bununla bağlı Cavabdeh1 burada qazancının nə qədər olacağını soruşmuş, Cavabdeh1 13.000 manatın müqabilində 10 faiz, yəni 1.300 manat ona pul verəcəyini bildirmişdir. Əfsanəni yaxından tanıdığı və ona sonsuz şəkildə etibar etdiyi üçün təxminən 2-3 gündən sonra notariusda deyil, əlbə-əl olaraq Cavabdeh1 öz yaşadığı ünvanda 13.000 manat pul vermişdir. Daha sonra Cavabdeh1 ona narahat olmamağı, qazanc əldə etmək üçün pulu öz tanışlarına faizə verəcəyini və bunu müqavilə ilə rəsmiləşdirəcəyini, gələcəkdə nə isə olsa əllərində sübutlarının olacağını bildirmişdir. Bundan sonra Cavabdeh1 təxminən 2023-cü ilin fevral ayının əvvəllərində 13.000 manat pulun müqabilində 10 faiz olmaqla 1.300 manat pul vermişdir. Bundan başqa təxminən xx.xx.2023-cü il tarixindən həmin ilin oktyabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 65.000 manat pulu qazanc əldə etmək məqsədilə 10 faiz olmaqla yaşadığı ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında Cavabdeh1 onun nikahdan kənar həyat yoldaşı olan Cavabdeh2 ilə birlikdə gələrək ondan götürmüşlər. Cavabdeh1 həmin puldan yalnız 13.000 manatını qaytarmışdır. Cavabdehlərə verilən pulların cəmi məbləği hazırda 78.000 təşkil edir. Təəssüflər olsun ki, cavabdehlər ondan götürdükləri həmin məbləği bu günə qədər geri qaytarmamışlar. xx.xx.2024-cü il tarixdə “Saraclı” restoranında pulun geri qaytarılmaması ilə bağlı Cavabdeh2la görüş vaxtı onunla söhbətləri haqqında aralarında olan səs danışıqlarına dair cd diski, həm də Cavabdeh1 ilə vatsap mobil tətbiqi vasitəsilə olan yazışmalardan çıxarışlarlarla təsdiq olunur ki, cavabdehlər həmin məbləği ona geri qaytarmamışlar. Bütün bunların müqabilində Cavabdeh1 Bakı şəhəri Yasamal RPİ-nə verdiyi izahatında qeyd etmişdir ki, guya o, onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 18A, mənzil 37 ünvanında 05 fevral 2023-cü il tarixdən 16 avqust 2023cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla faizə ümumilikdə 58.960 manat pul almış, faiz olaraq 52.040 manat pulu ödəməklə ümumilikdə ona 111.000 manat pul ödəmişdir. Bu yalandır və cavabdehlər həmin məbləği ona geri ödəməmişlər. Həmçinin əgər Cavabdeh1 ona cəmi 111.000 manat pul ödəmişdirsə nəyə görə aralarında olan vatsap yazışmalarında və digər Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə Saraclı restoranında görüş vaxtı qeydə aldığı səs yazılarında onlar borclu olduqlarını etiraf edirlər. Bütün bu qeyd olunanlar bir daha onu sübut edir ki, cavabdehlər onun əmlakı hesabına əsassız varlanmışlar və həmin məbləğ onlardan geri alınaraq xeyrinə tutulmalıdır. Cavabdehlərə 78000 manat pul verməyi onlarla arasında olan telefon danışıqları və vatsap mobil tətbiqi vasitəsilə aparılan yazışmalarla öz təsdiqini tapır. Əgər o, cavabdehlərə 58.960 manat pul vermişdirsə Cavabdeh2 niyə ona 78000 manat borclu olduğunu və həmin pulu qaytaracağı barədə vəd vermişdir. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 385, 425 və 739-cu maddələrinə istinad etsə də, əslində iddianı təmin etməməklə həmin maddi hüquq normalarının tələblərini pozmuşdur.. Məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamışdır. Belə ki, o, cavabdehlərə 78000 manat pul verdiyim halda məhkəmə iddianı qismən, 44000 manat hissədə təmin etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsaslanmış və iddianı qismən təmin etməklə yanaşı eyni zamanda iddia tələbini cavabdehlərdən Cavabdeh2 aid hissədə təmin etməmişdir. Halbu ki, o, Cavabdeh2 iddianı etiraf etməsi barədə səs yazısını məhkəməyə təqdim etmişdir. Həmin səs yazısında Zaman ona olan 78000 manat borcunu qaytaracağı barədə vəd vermişdir. Məhkəmə isə diskə baxış keçirməmiş və ümumiyyətlə həmin hal məhkəmədə aydınlaşdırmamışdır. Məhkəmə cavabdeh Əfsanə Babayevanın etirafına əsaslanmışdır. Əfsanə Babayeva polisə verdiyi izahatında 58.960 manat pul aldığını etiraf etmişdir. Belə olan halda Cavabdeh2 niyə ona 78000 manat borclu olduğunu və həmin pulu qaytaracağı barədə vəd vermişdir. Məhkəmə bütün bu halları aydınlaşdırmamışdır. İş materiallarından göründüyü kimi o, iddia tələbində Cavabdeh1 və Cavabdeh2 cavabdeh kimi qoymuşdur. Bunun da səbəbi odur ki, o, onları faktiki bir yerdə yaşayan ər-arvad kimi tanımışdır. Ondan götürdüyü pulları da birlikdə gəlib alıblar. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi, xx.xx.2024-cü il tarixdə “Saraclı” restoranında pulun geri qaytarılmaması ilə bağlı Cavabdeh2la görüş vaxtı onunla söhbətləri haqqında aralarında olan səs danışıqlarına dair cd diski də o, istintaqa təqdim etmişdir. Danışıq zamanı Cavabdeh2 pulu qaytaracağına dair söz vermişdir. Birinci instansiya məhkəməsi isə heç bir əsas olmadan Cavabdeh2 ondan şəxsən pul alması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsini qeyd edərək onu cavabdehlər siyahısından çıxarmış, iddia tələbini Cavabdeh2 aid hissədə ümumiyyətlə təmin etməmişdir. Əgər belə idisə, yəni Cavabdeh2 ondan pul almamışdırsa niyə ona pulu qaytaracağı barədə vəd verirdi. İş materiallarından göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi 78000 manat öz təsdiqini tapır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən (iddianın təmin edilməmiş hissəsində) ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi 78.000 manat məbləğin və 324 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78.324 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qazanc məqsədilə ayrı-ayrı vaxtlarda 78.000 manat məbləğində borc pul verdiyini, həmin puldan ona cəmi 13.000 manat qaytarıldığını, qalan məbləğin cavabdehlər tərəfindən qaytarılmadığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

18. Birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir /bənd 6/.

19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbində və məhkəmə baxışı zamanı İddiaçı hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 78.000 məbləğində borcunun olmasını bildirsə də, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ümumilikdə 58.960 manat məbləğində pul vermiş, həmin puldan 1.300 manat və 13.000 manat olmaqla, ümumilikdə 14.300 manat İddiaçı qaytarılmış, hazırda Cavabdeh1 iddiaçıya 44.660 manat borcu qalmışdır. Məhkəmənin təklif etməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehlərin ona hazırda 78.000 manat borclarının olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində pul məbləğinin cavabdehlərdən Cavabdeh2 da müştərək qaydada tutulmasını xahiş etsə də, Cavabdeh2 ondan şəxsən pul alması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda İddiaçı izahatından görünür ki, 13.000 manat və 67.000 manat məbləğində pullar iddiaçı tərəfindən şəxsən Cavabdeh1 verilmişdir.

20. Həmçinin məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də izahatında Cavabdeh1 aldığı 58.960 manat pulu 52.040 manat faizi ilə birlikdə cəmi 111.000 manat qaytardığını bildirsə də, bununla bağlı hər hansı bir sübutu istintaq şöbəsinə təqdim edə bilməmiş, nə də məhkəmə baxışı iclasında iştirak edərək bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.

21. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(012)- 2806/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən (iddianın təmin edilməmiş hissəsində) ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq qismən əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, prosessual hüquq normalarının tələblərini nəzərə almamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, aidiyyəti maddi hüquq normaları üzrə qiymətləndirmə apamamış,

23. Göründüyü kimi araşdırılan mübahisə iddiaçı tərəfindən cavabdehlərə pulun verilməsi, həmin pul məbləğinin geri qaytarılmaması barədədir.

24. Apellyator şikayətinin dəlili olaraq təqdim edilmiş səs yazısının məhkəmə iclasında tədqiq olunmamasını, bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların aydınlaşdırılmamasını göstərmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir.

26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları hərtərəfli araşdırmamış, iddiaçı cavabdehlə danışıqları barədə diski mülki işə əlavə etsə də, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə olunmamış, diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmaması öyrənilməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

29. Qeyd edildiyi kimi iddiaçı iddia tələbinin əsası olaraq cavabdehlərin ona borclu olmasını təsdiq edən birinci instansiya məhkəməsinə təqdim edilmiş səs yazılarına istinad edir.

30. Məhkəmə araşdırması zamanı mülki iş materiallarında olan disk tədqiq edilmiş, Cavabdeh2 həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir.

31. Tərəflər arasında olan danışıqların məzmunundan görünür ki, iddiaçı Regina Dobrınina ilə Cavabdeh2 arasında söhbət olmuş, Zaman Reginaya «onlardan aldıqca göndərəcəm sənə, şəxsən özüm,…. , hər gün qapılarına gedirəm pula,…. 78.000 borcluyuq» bildirmişdir.

32. Eləcə də apellyasiya icraatı zamanı cavabdehlər birinci instanisya məhkəməsində iştirak etmədiklərindən təqdim edə bilmədikləri üçün hazırda bir ədəd disk təqdim edərək sübut növü olaraq qəbul edilməsini və məhkəmə iclasında tətqiq edilməsini xahiş etdilər.

33. Tədqiq edilən həmin disk materiallarından müəyyən edildi ki, iddiaçı Regina Dobrınina ilə Cavabdeh1 arasında olmuş telefon danışığı zamanı: Cavabdeh1- «Mənim səndən götürdüyüm pulun kökü 58000 manatdır. 70 min neçəsə faizi ilə edir.», Regina Dobrınina- «hal-hazırda qeyd olunan məbləğləri evdə olmadığım üçün hesablaya bilmirəm, evə getdiyim zaman dəqiq hesablayıb deyəcəm. Hər ay 10590 manat faiz verirdin, onun da 3 aylıq təxmini məbləğini 31500 manat deyə bilərik», Cavabdeh1-«faizlə birlikdə 76 min neçəsə edir», Regina Dobrınina-«yəqin hə..» bildirmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunan disk materiallarını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirərək hesab edir ki, həmin səs yazılarındakı məlumatlar MPM-nin 76-cı maddəsinə müvafiq olaraq subut növü olaraq qəbul edilməlidir.

35. Kollegiya xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin səs yazısında Cavabdeh1 iddiaçıya pulun kökünün 58.000 manat olması, 76 min neçəsə faizlə birlikdə borcun yaranmasının bildirməsi, bunun qarşılığında iddiaçının «yəqin hə» sözlərini deməsi kimi hallar iddiaçının cavabdehlərə 78.000 manat borc verdiyinə dair göstərdiklərini şübhə altına almaqla iddia tələbinin qeyd olunan məbləğ həddində əsaslı olması qənaətinə gəlməyə əsas vermir.

36. Kollegiya qeyd edir ki, bu halın əksini subut edən heç bir tutarlı arqument iddiaçı tərəfindən irəli sürülməmiş, dəlil olaraq göstərilməmişdir.

37. Kollegiya həmçinin vurğulayır ki, işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, iddiaçı cavabdehə borc məbləğini faizlə vermişdir. Bu barədə cavabdeh tərəfin göstərdiklərini də kollegiya inandırıcı hesab edir.

38. Bu baxımdan kollegiya hesab edir ki, müəyyən olunan faktlar iddiaçının 78.000 manat tələbində haqlı olması qənaətinə gəlməyə əsas vermir. Kollegiyanın qənaətincə iddiaçının cavabdehlərə 78.000 manat borc verməsi əsaslı şübhədən kənar, təkzib olunmaz sübutlarla təsdiqini tapmır, iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir.

39. Bununla yanaşı qeyd olunmalıdır ki, iş üzrə toplanmış sübutlarla, cavabdehin etirafı ilə cavabdehlərin iddiaçıdan 58960 manat borc aldığı təsdiqini tapdı.

40. Kollegiya qeyd edir ki, cavabdeh tərəf 58960 manat borcu razılaşdırılmış faiz məbləği ilə birlikdə qaytardıqlarını bildirsələr də etirazlarının əsası olaraq hes bir sübut məhkəməyə təqdim edə bilmədilər. Halbuki mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

41. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər tərəfindən iddiaçıya 13000 manat ödənilmişdir.

42. İddiaçı bildirdi ki, ona cəmi cavabdehlər 13.000 manat ödəmişlər, 1300 manat faiz ödənişi də 13.000 manata daxildir. Odur ki, bu halın nəzərə alınmasını xahiş edir.

43. Kollegiya hesab edir ki, iş üzrə toplanmış və tətqiq edilmiş sübutlar əsasında cavabdehlərin iddiaçıdan 58960 manat borc götürməsi, cavabdehlər tərəfindən 13000 manat ödəniş olunması öz təsdiqini tapdığından cavabdehlərdən birgə qaydada 45960 manat (58960m-13000m=45960m) pulun tutularaq iddiaçıya ödənilməsi hissədə iddia tələbi əsaslı hesab olunmalı və təmin edilməlidir.

44. Məhkəmə kollegiyiası qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehlərin iddiaçıya 45960 manat məbləğində borcunun olması tədqiq edilmiş sübutlarla təsdiqini tapır.

46. Mülki qanunvericliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

47. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır.

48. Qanunvericiliyin tələbinə görə yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

49. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

50. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qanunla nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmamaqla əqdin formasına dair şərtlər pozulmuşdur. Bu isə tərəflər arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd kimi qiymətləndirməyə əsas verir. Qanunvericiliyin tələbinə görə əhəmiyyətsiz əqd üzrə tərəflərdən hər biri aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur.

52. Apellyatorun dəlillərindən biri də cavabdehlərin müştərək qaydada mülki məsuliyyətə cəlb edilməsi ilə bağlıdır.

53. Kollegiya şikayətin bu dəlilini də əsaslı hesab edir.

54. İşin faktiki və mübahisəsiz hallarından göründüyü kimi Cavabdeh2 da iddiaçıdan pulun alınmasında iştirak etmiş, sonuncu iddiaçı ilə aralarında olan danışıq zamanı iddiaçıya borcu şəxsən özü qaytaracağını bildirmişdir.

55. Lakin işə baxmış birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Halbuki işin bu halı iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsində əhəmiyyətli rol oynayır.

56. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borc öhdəliyinin cavabdehlər tərəfindən birlikdə qəbul edilməsi müəyyən edilir. Odur ki, Cavabdeh2 da Cavabdeh1 ilə birgə borclular kimi məsuliyyət daşıyır.

57. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(012)-2806/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.

58. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 292 manat cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, 194 manat iddiaçıya aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(012)-2806/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 45.960 (qırx beş min doqquz yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 292 (iki yüz doxsan iki) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar