Məhkəmə qərarları › İş №2(105)-2461/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2461/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2461/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2966/2021 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)- 2966/2021 saylı qiyabi qətnaməsilə (hakim Ə.Ələkbərov) iddia təmin edilmiş, Cavabdeh 45.000 manat borcun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2966/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31.10.2019-cu ildə kredit müqaviləsinə əsasən cavabdehə 45.000 manat borca pul vermişdir. Kredit müqaviləsi 31.10.2019-cu ildə Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Cavabdeh müqavilənin 2-ci bəndinə görə aldığı borcu 31.12.2019-cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də bu günə qədər aldığı pulu qaytarmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə mübahisəni hər tərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bunlar da qətnamənin ləğvi üçün əsaslardır. Məhkəmə iddianı təmin edərkən borcun həqiqətən də X4 tərəfindən götürülməsinə, lakin iddiaçının onu tanımadığına görə borc müqaviləsinin onunla formal bağlanmasına, sonradan H.Əliyevanın onu aldatmasına və borcu qaytarmamasına, bununla bağlı onun tərəfindən Sabunçu Rayon Məhkəməsində H.Əliyevaya qarşı borcun qaytarılması barədə iddia qaldırmasına əhəmiyyət verməmiş, əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə Cavabdeh məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir.. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq edilmiş 31.10.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh borca 45.000 manat pul vermiş və Cavabdeh həmin pul məbləğini 1 aya kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan 21.12.2020-ci il tarixli icra qeydindən görünür ki, Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu T.M.Mustafazadə tərəfindən 31.10.2019-cu il tarixli kredit müqaviləsinə uyğun olaraq Cavabdeh 45.020 manat pulun tutularaq İddiaçı ödənilməsi təklif edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2966/2021 saylı qiyabi qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İşdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas tərəflər arasında 31.10.2019-cu il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi olmuşdur. Həmin müqavilənin 9-cu bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Həmin müqavilənin 10-cu bəndinə görə tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığıyla, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. “İcra haqqında” AR Qanununun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. İşdən görünür ki, tərəflər 1 ay müddətinə qaytarmaq şərtilə 45000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmiş, lakin həmin müddət ərzində borc iddiaçıya qaytarılmamışdır. Bundan sonra isə müqavilənin şərtinə uyğun olaraq, onu təsdiq etmiş notarius vasitəsilə 21.12.2020-ci il tarixli icra qeydi verilmiş və 31.10.2019-cu il tarixli kredit müqaviləsinə uyğun olaraq Cavabdeh 45.020 manat pulun tutularaq İddiaçı ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı müqavilənin 9 və 10-cu bəndlərinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı borc münasibəti üzrə icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda isə İddiaçı borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Buna baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsi səhvən ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Daha öncə qeyd olunduğu kimi tərəflər müqavilədə, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2966/2021 saylı qiyabi qətnaməsi ləğv olunmalı və hazırkı işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 357, 384.0.4, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)- 2966/2021 saylı qiyabi qətnaməsi ləğv olunsun. İş üzrə icraata xitam verilsin. Tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar