Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2465/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1109/2020 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi A.Ə.Bayramovun verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1109/2020 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, dövlət büdcəsindən ididaçı İddiaçı xeyrinə mənəvi zərərə görə 1000 (bir min) manat pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1109/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi A.Ə.Bayramov apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 1109/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, xx xxxxxx 2017-ci il tarixdə barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul edilmiş, ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. xx xxxxxx 2018-ci il tarixə kimi 20 gün həbsdə saxlanılmışdır. İttihamın məzmununa görə guya o, xx xxxxxx 2017-ci ildə sərxoş vəziyyətdə X2 İdarəsinə kəsici, deşici xassəyə malik olan soyuq silah hesab edilən bıçaqla gələrək polis əməkdaşını hədələmiş, bununla da Azərbaycan Respublikası CM- nin 228.4-cü maddəsində olan cinayəti törətmişdir. xx xxxxxx 2018-ci ildə barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Barəsində bəraət hökmü çıxarılan günə, xx xxxxxx 2018-ci il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri qüvvədə qalmışdır. Həmin iş üzrə Şuşa Rayon Məhkəməsi xx xxxxxx 2018-ci ildə barəsində bəraət hökmü çıxarmışdır. Həbsinin səbəbi Sumqayıt “xxxxxxxxx” MMCdə işlətdiyi marşurutun əlindən alınması ilə bağlı vəzifəli şəxslərin təzyiqləri və bununla bağlı uydurma cinayət işi olmuşdur. Onu həbs etməklə iş yerini əlindən alaraq başqa şəxsə vermişlər. Bununla bağlı külli miqdarda ziyana düşmüşdür. Müdafiəçilərin hüquqi yardımından istintaq və məhkəmə instansiyasında istifadə etməyə məcbur olmaqla və yaxınları ilə görüş və ona gətirilən bağlamalara görə əlavə xərclər çəkməli olmuşdur. Həbs edilənə qədər “xxxxxxxxxx” MMC-də icraçı direktor vəzifəsində işləmişdir və ayda 700 manat əmək haqqı almışdır. Eyni zamanda Sumqayıt-Bakı marşrutu üzrə fiziki şəxs kimi iki ədəd avtobus işlədərək günü 50 manat olmaqla gəlir əldə etmişdir. xx xxxxxx 2017-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməsi və xx xxxxxx 2018-ci ilə kimi həbsdə saxlanılmasında, xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilə kimi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı iş yerlərini və qazancını tam həcmdə itirmişdir. Hal-hazırda da işsizdir, marşurutu başqa şəxslər tərəfindən işlədilir. “xxxxxxxxxx” MMCdən itirdiyi gəlir ayda 700 manat olmaqla bəraət aldığı günə xx xxxxxx 2018 -ci ilə kimi səkkiz ay ərzində 5600 manat edir. Sumqayıt-Bakı marşurutu üzrə işlətdiyi avtobuslardan əldə etdiyi gəlir ayda 3000 manat olmaqla səkkiz ay ərzində 2400 manat edir. Bundan əlavə barəsində olan cinayət işinin istintaq və məhkəmə instansiyalarında aparılması üçün müafiəçi haqqı kimi 2500 manat, cəza çəkmə müəssisəsində qaldığı 20 gün müddətində qohumları tərəfindən çəkilən xərc 600 manat, yol xərci məsrəfləri 200 manat, cəmi dəyən maddi ziyan 32800 manat təşkil etmişdir. Bundan başqa cinayət əməli törətməkdə - 20 gün müddətinə həbsdə saxlanması, cəmiyyətdə mənfi cinayətkar obrazının formalaşması, çirkin bir əmələ görə cinayətin törədilməsi şaiyəsi, qarabağ əlili kimi ona və ailə üzvlərinə ciddi mənəvi zərbə vurmuşdur. Şəkər xəstəliyinə tutulmuşdur. Ağır əsəb gərginliyi keçirmişdir. Hal-hazırda müalicə alır. Sağlamlığını itirmişdir. Vurulmuş mənəvi zərərin dəyərini 20.000 manat məbləğində dəyərləndirir. Beləliklə, istintaq və məhkəmə orqanlarının qanunsuz və əsassız qərarları nəticəsində ona bəraət hökmü çıxarılan günə kimi 32.800 manat maddi və 20.000 manat mənəvi ziyan dəymişdir. Ona görə də əsassız və qanunsuz cinayət məsuliyyətinə cəlb olunmasına və həbsdə saxlanılmasına görə ona dəymiş maddi və mənəvi ziyana görə vurulmuş ziyanın müqabilində maddi ziyana görə 32.800 manat və mənəvi ziyana görə 20.000 manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi apelyasiya şikayətini və apelyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli, qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1, 1100, 1101.1, 1101.2-ci maddələrinin, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi A.Ə.Bayramov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli, qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərər məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də Sumqayıt Şəhər Məhkəməsi iddianı cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin etməklə vurulmuş zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulmasına qərar verməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 345/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonuna kimi, yəni xx xxxxxx 2018-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-15/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı barəsində xx xxxxxx 2018-ci il tarixə kimi seçilmiş həbs qətimkan tədbiri həmin müddətə ev dustaqlığı ilə əvəz edilmiş, X1 yaşayış yerindən çıxmasına qadağa qoyulması, üzərinə nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifəsi qoyulması qərara alınmışdır. Şuşa Rayon Məhkəməsinin 1(077)-1/2018 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş və ona həmin maddə ilə bəraət verilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı cinayət təqbinə məruz qalmaqla, barəsində ilk öncə həbs qətikan tədbiri seçilmiş, daha sonra, həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, iddiaçı 20 gün həbsdə olmuşdur. İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Azərbaycan Respublikası CPM-nin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 56.0, 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılapraq hesablandıqdan sonra kompensasiya verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi» haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorlduq və məhkəmə orqanlarının səhvi və sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququnun yaranması əsaslarından biri bəraətverici hökm çıxarılmasıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürürlməsi, üzərinə həbs qoyulması və vurulmuş əmlak ziyanı; 3) ödənilmiq məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əladəqar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və ya mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilmədir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İşin hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının araşdırılan iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı maddi zərərin əvəzinin ödənilməsi barədə tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Cinayət təqibinə məruz qalması nəticəsində işdən (vəzifədən) çıxarılması və ya işini itirməsi, bu nəticəsində iddia edilən məbləğdə zərərə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Birinci instansiya məhkəməsi ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlmişdir ki, iddia maddi zərərin əvəzinin ödənilməsi hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi hissəsində tələbi əsaslı hesab edərək hesab etmişdir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibai və s. hüquq pozuntularında) ifadə oluna bilər. İzah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunveriliklə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulumş zərərə görə). Birinci instansiya hesab etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Birinci instansiya hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq hesab etmişdir ki, iddiaçının qanunsuz cinayət təqibinə məruz qalması iddiaçıya mənəvi zərər vurması qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, qeyd olunan Plenum Qərarında izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Birinci instansiya məhkəməsi iddiaçının qanunsuz olaraq cinayət təqibinə məruz qalmasını, cinayət təqibinin aparıldığı müddət ərzində mənəvi iztirab və sarsıntılar keçirməsinin real olması ehtimalını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab etmişdir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən, eyni zamanda iddiaçının barəsində bəraət hökmü çıxarılmaqla pozulmuş hüququnun bərpa edilməsini həm də mənəvi zərərin qismən ödənilməsi kimi qiymətləndirmişdir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi A.Ə.Bayramovun verdiyi apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1109/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2465/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2465/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver