Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2468/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060-4092/2021 saylı, 26 may 2021-ci tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4092/2021 saylı, 26 may 2021-ci tarixli qətnaməsi ilə (hakim Almaz Süleymanova), İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasının rədd olunması və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin fevral ayının ortalarında işlədiyi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən rəngsaz işi ilə məşğul olduğu avtomobil təmiri sexində işdə olarkən tanışı Cavabdeh onun yanına gəlmiş, söhbət zamanı bildirmişdir ki, satışa çıxarılmış “VAZ 2106” markalı avtomobil var. Həmin avtomobili almaq üçün Cavabdeh ondan 2000 manat pul istəmişdir. O da qardaşı X6 yanında cavabdehə 2000 manat pul vermiş və cavabdeh də avtomaşını alıb ona verməsini öhdəsinə götürmüşdür. O da razılaşmışdır. Avtomobili gətirmədiyi üçün İlyasa zəng etmiş və cavabdeh bildirmişdir ki, Gəncə şəhərində qaynanasının hüzründədir. Bundan 3 gün sonrə İlyasın yaşadığı ünvana getmişdir. İlyasın həyat yoldaşı demişdir ki, o, Rusiya Federsiyasına gedib. 15 gündən sonra İlyasla telefon əlaqəsi saxlayanda aldığı 2000 manat pulu qaytaracağını desə də, pulu qaytarmamışdır. O, Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə və Yevlax rayon PŞ-nə müraciət etmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Yevlax rayon PŞ 15.02.2020-ci il tarixli məktubla isə məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)- 4092/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə onun göstərdiklərini, sübutlarını nəzərə almadan, cavabdehin nümayəndəsinin - qızı X5 atasını müdafiə xarakteri daşıyan və həqiqətə uyğun olmayan izahatına əsaslanmış, işi ətraflı araşdırmadan əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Belə ki, iddia ərizəsində və məhkəmə iclasında göstərdiklərini bir daha təsdiq etməklə, qısaca da olsa vurğulamaq istəyir ki, 2018-ci il fevral ayının ortalarında tanışı olan Cavabdeh işlədiyi avtomobil təmiri sexinə gələrək bildirmişdir ki, satışa çıxarılmış «VAZ- 2106» markalı avtomobil vardır. Həmin avtomobili almaq üçün cavabdeh ondan 2000 manat pul istəmiş və o da razılaşıb qardaşı Ramalın yanında cavabdehə 2000 manat pul vermişdir. Cavabdeh də avtomobili alıb ona verməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh avtomobili gətirmədiyi üçün ona zəng etmiş, cavabdeh bildirmişir ki, Gəncədə qaynanasının hüzüründədir. Bundan 3 gün sonra cavabdehin yaşadığı ünvana getmişdir. Cavabdehin həyat yoldaşı demişdir ki, İlyas Rusiyaya gedib. 15 gündən sonra cavabdehlə telefon əlaqəsi saxlayanda, cavabdeh aldığı 2000 manat pulu qaytaracağına söz versə də, pulunu qaytarmamışdır. Sumqayıt ŞPİ-nin 4-cü PB- nə və Yevlax rayon Pİ-nə müraciət etmiş, lakin nəticəsi olmamışdır. 4-cü PB-nin 19.12.2019- cu il tarixli başdansovdu qərarı ilə cavabdehdən izahat almaq mümkün olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Yevlax rayon PŞ isə ona 15.02.2020-ci il tarixli məktub göndərərək, mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yəni polis orqanları da ətraflı yoxlama aparmadan işə biganə yanaşmışlar. Hətta cavabdehə onun yanında 2000 manat pul verdiyini təsdiq edən qardaşı X7 ifadəsini də inandırıcı hesab etməmişdir. Guya qardaşı işin nəticəsində maraqlı şəxsdir. Əgər Ramil onun qardaşıdırsa, Günay da cavabdehin qızıdır. Məhkəmə nəyə görə cavabdehin qızının göstərdiklərini əsas götürür, onun qardaşının göstərdiklərini isə inandırıcı hesab etmir. Buradan da görünür ki, məhkəmə işə birtərəfli, başdansovdu baxmışdır. Qeyd edir ki, 2000 manat məbləğində pulu cavabdehə verərkən daim müştərisi olan, maşınını həmişə onun yanımda təmir etdirən X2 da yanlarında olmuşdur. Hesab edir ki, həmin şəxs məhkəmədə şahid kimi dindirilməlidir. X1 Apellyasiya Məhkəməsinə gətirməyə zərurət yaranarsa ünvanını bilmədiyi üçün onu özü məhkəməyə gətirəcəkdir. Maraqlı burasıdır ki, məhkəmə eyni tərəflər arasında, eyni predmetlə, eyni sübutlara qiymət verərək 02.11.2020-ci ildə çıxardığı qiyabi qətnaməsində onun iddiasını təmin etmiş, 26.05.2021- ci il tarixli qətnamə ilə isə iddiasını rədd etmişdir. Bütün bunlar göstərir ki, məhkəmə həqiqətən də onun iddia tələbinə laqeyd yanaşmış, işə başdansovdu yanaşmışdır. Hesab edir ki, cavabdehin özünün məhkəmə iclasında iştirakı mütləq təmin olunmalı idi. İşə tələm- tələsik yekun vurmaq lazım deyildi. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, iddianı təmin etməməklə qanunsuzluğa yol vermişdir. Belə olan halda qətnamə qüvvədə qala bilməz və Azərbaycan Respublikası MPM- nin 384- cü mədəsinə əsasən tamamilə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətinin dəlillərinə uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddia tələbi və apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur, iddiaçının iddia tələbini təsdiq edən hər hansı bir mötəbər subut mövcud deyil, ona görə də iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 19.12.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi üzrə Cavabdeh çağırılıb dindirilməsi, bu yolla ondan izahat alınması mümkün olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yenə işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax rayon Polis şöbəsinin 15.02.2020-ci il tarixli, 195-3646Ə-3220 saylı məktubundan görünür ki, İddiaçı müraciəti araşdırılmış, göstərilən hallar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı tərəf 2018ci il fevral ayının ortalarında tanışı olan Cavabdeh işlədiyi avtomobil təmiri sexində satışa çıxarılmış «VAZ- 2106» markalı avtomobili əldə etmək üçün 2000 manat pul verdiyini, cavabdehin həmin avtomobili alıb ona verməsini öhdəsinə götürdüyünü, lakin öhdəliyini yerinə yetirmədiyini iddia edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək iddiaçının qeyd edilən məsələ ilə bağlı ona pul verilmədiyini, sonuncuya heç bir borcu olmadığını bildirir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edərkən, iddia tələbinin əsası kimi istinad olunan halların, yəni iddiaçının cavabdehə avtomobil alqı-satqısı üçün 2000 manat məbləğində pul verməsinin, cavabdehlə iddiaçı arasında hər hansı bir borc, yaxud xidmət müqaviləsinin bağlanmasının, cavabdehin müqaviləyə uyğun olaraq hər hansı bir öhdəlik götürməsinin iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmamasına və beləliklə də iddia tələbinin sübuta yetirilməməsinə əsaslanaraq iddia tələbinin rədd edilməsinə dair yekun nəticəyə gəlmiş və tərəflər arasında olan mübahisəyə Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 214-cü madələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan mübahisəni faktlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün həll etmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, qanunvericilik iddianın əsaslılığını qanunda olan hər hansı bir müddəanın hüquqi nəticəsi ilə iddia tələbinin üst-üstə düşməsi, yaxud istənilən hüquqi nəticənin bilavasitə tərəflərin iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlməsi, iddiaçının işin halları barədə məruzəsinin həmin qanun müddəasının dispozisiya şərtlərinə, yaxud mqavilənin mətninə uyğun olması ilə şərtləndirmişdir. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəf qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kolegiyası iş üzrə müəyyən olunmuş faktiki hallara və mövcud sübutlara qiymət verərək hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq cavabdehə avtomobil alqı-satqısına görə 2000 mana pul verməsininin hüquqi əsasının, yəni cavabdehlə onun arasında bu barədə hər hansı bir müqavilənin olmasını və cavabdehin müaviləyə görə iddiaçı qarşısında bu və ya digər öhdəlik götürməsini, habelə cavabdehin həmin pulu almasını və həmin əsaslarla da iddia tələbinin əsaslı və təmin edilən olmasını hər hansı bir rəsmi sənədlə sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, qanunda iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri ilə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, məhkəmə üçün hüquqi dəyərlərindirmə başa çatır. Belə olan halda isə cavabdehin dəlillərini araşdırmağa ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur, iddiaçının dəlillərinə əsasən iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işi düzgün araşdırmaması, məhkəmə baxışı zamanı şahidinin dindirilməməsi, dindirilmiş şahidin ifadəsinə düzgün hüquqi qiymət vrilməməsi barədə dəlillərinə qiymət verərək həmin dəlilləri konkret hüquqi əsası söykənməyən sübyektiv mülahizə xarakterli dəlilər kimi qəbil edir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim olunmuş şahid dindirilmiş, həmin şahid ifadəsinə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilmiş və iddiaçının əlavə sübutların təqdim edilməsi barədə hər hansı bir vəsatəti olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan normaların məzmunundan da göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya qanunda nəzərdə tutulmuş digər əsasları istisna olmaqla şəxslər arasında öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında müqavilə mövcud olmalıdır. İş materiallarından görünür ki, iddia tələbinin əsaslı hesab edilməsi üçün İddiaçı həqiqətən də Cavabdehlə aralarında hər hansı xidmət və ya borc müqaviləsinin bağlandığını, onun cavabdehə iddia ərizəsində göstərilən məbləğdə pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını sübut edə bilməmişdir, halbuki qeyd edildiyi kimi MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu onun prosessual vəzifəsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün qanuni əsas kimi qiymətləndirlə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hüquqi əsası olmayan formal mülahizə xarakterli dəlillər olduğundan birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060-4092/2021 saylı, 26 may 2021-ci tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060-4092/2021 saylı, 26 may 2021-ci tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2468/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2468/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver