Məhkəmə qərarları › İş №2(105)-2480/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2480/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2480/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı X4 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-635/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-635/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 14469,85 manat əsas borc, 2160,11 manat faiz borcu və 100 manat cərimə borcunun tutularaq ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi X2 ödənilməsi qət edilmişdir (hakim A.Sadıqov). Qətnamədən iddiaçı LPO İddiaçı ASC apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-635/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14469,85 manat məbləğində əsas borc, 2413,14 manat faiz borcu, 2168,09 manat cərimə borcu, 2046,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 21097,26 manat məbləğində kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona təmir məqsədi üçün 36 ay müddətinə illik 6% olmaqla 14500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 14469,85 manat məbləğində əsas borcu, 2413,14 manat faiz borcu, 2168,09 manat cərimə borcu, 2046,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 21097,26 manat məbləğində kredit borcu mövcuddur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı LPO İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi kredit müqaviləsi üzrə yaranmş borcun təmin edilməməsi hissəsində qanunsuzdur. Cavabdeh bankla müqavilə bağlayarkən kredit ödənişlərini vaxtında ödəmədiyi təqdirdə hər gecikdirilən gün aylıq ödəniş məbləğinin 1 % cərimə, 12 % vaxtı keşmiş kredit üzrə faiz ödəməlidir. Bu müddəa, müqavilənin 2.5-ci maddəsində əksini tapmışdır. Bu normaya əsasən bank tərəfindən cavabdehdən 2168,09 manat cərimə borcu tələb edilmişdir. Bundan başqa, bank Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə istinad edərək cavabdehdən kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ kimi 290,79 manat vəsait tələb etsə də, məhkəmə bu iddianı təmin etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qətnamə iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2171 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh bank tərəfindən illik 6 % olmaqla 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 2171 saylı kredit müqaviləsi üzrə 14469,85 manat məbləğində əsas borc, 2413,14 manat faiz borcu, 2168,09 manat cərimə borcu, 2046,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 21097,26 manat məbləğində kredit borcu vardır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/839 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2171 nömrəli kredit müqaviləsi üzrə borcalanın xx xxxxxx 2017-ci il tarixə (kredit müqaviləsi müddətinin bitdiyi tarix) banka olan borcu 14469,85 əsas borc, faiz borcu üzrə 2160,11 manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehdən 14469,85 manat məbləğində əsas borcun tutulması hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-635/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə ev təmiri məqsədilə illik 6 % olmaqla, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı kredit müqaviləsinin müvafiq müddəalarına əsaslanaraq cavabdehdən 2413,14 manat faiz borcu, 2168,09 manat cərimə borcu, 2046,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğin də tam tutulmasını tələb edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, bankdan kredit götürsə də xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İşdən göründüyü kimi, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, habelə faiz borcu və dəbbə pulu borcu yaranmışdır. Məhkəmə 2160,11 manat faiz borcunun tutulması üçün ekspertin verdiyi xx.xx.2020-ci il tarixli, 9/839 saylı rəyə istinad etmişdir. Məhkəmə kollegiyası ekspertin bu rəyini kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması üçün mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, faiz borcunun müəyyənləşdirilməsi məsələsində bankın maliyyə arayışı mötəbərlik baxımından mühasibatlıq ekspertizasının rəyinə nisbətən zəifdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən 2168,09 manat dəbbə pulunun tutulmasını xahiş etmiş və həmin tələb də qismən təmin olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 2168,09 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 100 manata endirilməsi barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa, işdən görünür ki, iddiaçı cavabdehdən 2046,18 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğin də tutulmasını xahiş etmiş və həmin tələb təmin olunmamışdır. Bank cavabdehdən həmin məbləği tələb edərkən Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, onlar zərər kimi dəbbə pulunun tutulması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasma dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-nin 449-cu maddəsinin "ondan faydalanmağa görə" müddəası özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, MM-nin 449-cu maddəsinə əsasən faydalanmağa görə fazilərin tutulması-pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki - hüquqi məsuliyyət tədbiridir. Hazırki halda cavabdehin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində maddi xeyrin əldə edilməsi öz təsdiqini tapmamışdır. Beləliklə də, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın cavabdehin təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə faiz borcu və cərimə borcunun qeyd edilən məbləğdə tutulması, kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış məbləğin isə tutulmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedici ƏSF apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-635/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar