Məhkəmə qərarları › İş №2(105)-2482/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2482/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2482/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Xaçmaz rayon Məhkəməsinin 2(067)-869/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz rayon Məhkəməsinin 2(067)-869/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 7248,12 (yeddi min iki yüz qırx səkkiz manat, on iki qəpik) manat məbləğində əsas borc, 1507,63 (min beş yüz yeddi manat, altmış üç qəpik) manat məbləğində faiz borcu və ödəmilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir (hakim İlkin Xəlilov) Qətnamədən İddiaçı ASC tərəfindən apelyasiya şikayəti verilərək Xaçmaz rayon Məhkəməsinin 2(067)-869/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edib, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 339,25 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7248,12 manat məbləğində əsas borc, 388,91 manat faiz borcu, cəmi 7637,03 manat məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 7248,12 manat məbləğində əsas borc, 1507,63 manat məbləğində faiz borcu və 339.25 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 9095 manat məbləğində kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 339,25 manat faiz borcu hissəsində təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələriin bəzi müddəalarının şərf edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 2-ci bəndində qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 daiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbini qeyd edilən hissədə rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Qərarını nəzərə almamışdır. Odur ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-869/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edib, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 339,25 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apelyasiya şikayətində qətnamənin gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 339,25 manat faiz borcunun tutulması barədə iddianın rədd edilməsi hissəsini mübahisələndirmiş, qalan hissələrdə qətnamə mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddia tələbinin təmin edilməyən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən, illik 5 faiz hesablanmaqla 339,25 manat faiz borcunun tutulması barədə iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 263/16 saylı xx.xx.2016-cı il müqaviləsindən müəyyən olunur ki, cavabdehə illik 10 faizlə 36 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə kredit borcunun ödənilməsi üçün tədbir görməsi, müqavilənin şərtlərini pozmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsicavabdeh tərəfindən yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin tam və vaxtında ödənilməməsini, kredit müqaviləsinin şərtlərindən birinin də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanması olmasını, cavabdehin öz öhdəliyini bu günədək yerinə yetirməməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, iddia tələbinin illik 5 faiz hesablanmaqla 339,25 manat faiz borcunun tutulması hissəsində iddianı rədd etmişdir. İş materaillarından görünür ki, məhkəmə cavabdehin Bank tərəfindən kredit müqaviləsi üzrə ona verilmiş pul vəsaitini qanunsuz saxlamaqla, faydalanmasını, onu qaytarmaqdan qəsdən boyun qaçırmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməməsi əsası ilə iddianı qeyd edilən hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmamışdır. İş materiallarına əlavə edilmiş (i.v.61) maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2020-ci il tarixinə ödənilməmiş əsas borc 7248,12 manat, müqavilə müddətinə ödənilməmiş faiz borcu 1507,63 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu (5%) 339,25 manat təşkil edir. Göründüyü kimi, cavabdehin banka olan borcunu ödəməməsinə görə bank qarşısında müqavilə müddəti bitəndən sonra 339,25 manat faiz borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan maliyyə arayışına istinad edərək Cavabdeh 7248,12 (yeddi min iki yüz qırx səkkiz manat, on iki qəpik) manat məbləğində əsas borc, 1507,63 (min beş yüz yeddi manat, altmış üç qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsində iddia tələbini əsaslı hesab etsə də, maliyyə arayışını müqavilə müddəti bitəndən sonra 339,25 manat faiz borcunun olmasına dair sübut kimi qəbul etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, yxuarıda qeyd edilən qanunvericilik normasına əsasən iddia tələbi müqavilə müddəti bitəndən sonra 339,25 manat faiz borcunun tələb edilməsi hissəsində də əsaslı olduğundan qətnamə həmin hissədə ləğv edilərək iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən, müqavilə müddəti bitəndən sonra 339,25 manat faiz borcunun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, Cavabdeh müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 339,25 manat faiz borcu tutularaq İddiaçı ASC-nə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-869/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən, müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 339,25 manat faiz borcu tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 339,25 manat faiz borcu tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar