Məhkəmə qərarları › İş №2(105)-2488/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2488/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2488/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2555/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi X1 nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2555/2020 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KBnın cavabdehlər Cavabdeh və X9 qarşı borc pulun tutulması tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh və X5 müştərək qaydada 547,65 (beş yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borc, 205,80 (iki yüz beş manat səksən qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləgində cərimə borcu, 84,72 (səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 888,17 (səkkiz yüz səksən səkkiz manat on yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi X1 nümayəndəsi F.A.Əliyev apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2555/2020 saylı qətnaməsinin cərimə bocu hissəsində dəyişdirilib, həmin hissədə iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2015-ci il tarixində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ərizə ilə müraciət edərək 1500 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X10 Ziya Aslan oğlu ilə xx xxxxxxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/126996/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən borcluya illik 28 faiz ödənilməsi şərti ilə, 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X11 xx xxxxxxxx 2015-ci il tarixli 1xx/xx/126996/15 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 547,65 (beş yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borc, 205,80 (iki yüz beş manat səksən qəpik) manat məbləğində faiz borcu, 1572,89 (min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) manat məbləgində cərimə borcu, 84,72 (səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 2411,06 (iki min dörd yüz on bir manat altı qəpik) manat məbləğində borcu qalmışdır. Zaminlik müqaviləsinə uyğun olaraq borc alan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin borc alan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən borcluya və zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də, 547,65 (beş yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borcun, 205,80 (iki yüz beş manat səksən qəpik) manat məbləğində faiz borcunun, 1572,89 (min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) manat məbləgində cərimə borcunun, 84,72 (səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümumilikdə 2411,06 (iki min dörd yüz on bir manat altı qəpik) manat məbləğində pulun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh və X5 ləğv prosesində olan “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi X1 nümayəndəsi F.A.Əliyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli, 2(060)-2555/2020 saylı qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bankın tələbindən göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 547,65 (beş yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borc, 205,80 (iki yüz beş manat səksən qəpik) manat məbləğində faiz borcu, 1572,89 (min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu, 84,72 (səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 2411,06 (iki min dörd yüz on bir manat altı qəpik) manat məbləğində borcu qalmışdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə cərimə hissəsi 1572,89 (min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) manat olduğu halda yalnız 50 manat təmin edilmişdir. Halbuki, kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimədən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4cü maddəsinin tələbinə görə «Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır». Həmin pul vəsaitlərinin qanunvericiliyin tələbinə uyğun silinməsini, qalıq borcun olub-olmamasını müəyən etməli olduğu halda məhkəmə tərəfindən lazımi araşdırılması aparılmamışdır, bununlada qeyd edilən məsələ üzrə mübahisə həll edilməmişdir. Kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan cərimə üzrə borcun olmasını da qeyd etməmiş və nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir." Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcu hissəsində dəyişdirilib, həmin hissədə iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edib, təmin olunamsını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh və X9 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və A.B.Aslanovanın iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanmış, X2 QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. 1xx/xx/126996/15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” X8 filialı tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə mənzil təmiri üçün 1500 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. 1xx/xx/126996/15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh 1xx/xx/126996/15 saylı, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdeh X7 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx xxxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay banka 103,01 manat, ümumilikdə 1854,18 manat ödəməklə qaytarmalıdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdeh X9 xx xxxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx xxxxxxxx 2015-ci il tarixli, 1xx/xx/126996/15 saylı kredit müqaviləsi üzrə borcunu 3 gün müddətətində banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lpo QSC “Bank Standard” KB tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 1xx/xx/126996/15 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə Cavabdeh banka 547,65 manat məbləğində əsas, 205,80 manat məbləğində faiz borcu, 1572,89 manat məbləgində cərimə borcu, 84,72 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2411,06 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, kreditor tərəfindən kredit müqaviləsi üzrə kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə 1572,89 (min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) manat məbləgində cərimə borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi 1572,89 manat cərimə borcunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad etməklə azaldaraq 50 manat məbləğində müəyyən etmiş, lakin iddiaçı bank həmin məbləğlə razılaşmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab dir ki, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafik üzrə aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan göründüyü kimi dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə pul məbləğinin tələb edilməsi əsaslıdır. Lakin bu zaman kreditorun həm əmlak mənafeyi, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Ona görə də məhkəmə kollegiaysı apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qisməm təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi – «cavabdehlər Cavabdeh və X5 müştərək qaydada 50 (əlli) manat məbləgində cərimə borcu iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi X1 nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2555/2020 saylı qətnaməsi –«cavabdehlər Cavabdeh və X5 müştərək qaydada 50 (əlli) manat məbləgində cərimə borcu iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Qətnamə – «cavabdehlər Cavabdeh və X5 müştərək qaydada 547,65 (beş yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borc, 205,80 (iki yüz beş manat səksən qəpik) manat məbləğində faiz borcu, 84,72 (səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı LPO QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulsun və iddia qalan hissədə təmin edilməsin» hissəsi mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar