Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2489/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “X2 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka qoyulmuş avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka qoyulmuş avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir (hakim G.İmanova) Qərardaddan Cavabdeh şikayət verərək, onun ləğv edilməsini, ərizəsinin isə təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir Zəngilan Rayon Məhkəməsinin 11.01.2021-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1156/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və onun qəbul olunmamış hesab olunması, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-cu il tarixli, 2(105)-1156/2021 saylı qərardadından şikayət verərək Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadından verdiyi şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2021-ci il tarixli qərardadının ləğv edilməsi və Zəngilan Rayon Məhkəməsinin 21.06.2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə verdiyi ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3074/2021 saylı, 16 may 2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1156/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qərardadının ləğv olunması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2489/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət mümkün hesab edilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, 03.12.2020-ci il tarixdə keçirilən iclasda bu günədək keçirilmiş məhkəmə iclasları barədə məlumatının olmamasını göstərmiş, barəsində qəbul edilmiş qətnamədən məlumatsız olmasını bildirmiş, qətnamənin tərəfindən alınmasına dair iş materiallarında hər hansı sübutun olubolmamasının araşdırılmasını qeyd edərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Odur ki, Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadının ləğv edilməsi, Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X2 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, şikayəti təmsil etdiyi qurum verməsə də, şikayətin təmin olunmasına etirazı yoxdur. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsinin ləğv edilərək mahiyyəti üzrə baxılması barədə Cavabdeh ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlərin və məhkəmə qətnaməsinin cavabdehə təqdim edilməsi üçün Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Zəngilan kənd ərazi üzrə İcra nümayəndəliyinə göndərilməsini müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq nəticəni əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Hazırki işdən də görünür ki, birinci instansiya məhkəməsi məhkəmə bildirişlərinin və məhkəmə qətnaməsinin cavabdehə təqdim edilməsi üçün Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Zəngilan kənd ərazi üzrə İcra nümayəndəliyinə göndərilməsini müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəmə məhkəmə bildirişlərinin və məhkəmə qətnaməsinin cavabdehə təqdim edilməsi üçün Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Zəngilan kənd ərazi üzrə İcra nümayəndəliyinə göndərilməsini qeyd etsə də, həmin bildirişlərin, eləcə də məhkəmə qətnaməsinin cavabdehə təqdim edilməsinə dair dair iş materiallarında hər hansı sübut, qəbz, mövcud deyildir. İş materiallarından görünür ki, Cavabdeh 17.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək qətnamənin ona təqdim edilməsini xahiş etmiş və həmin gün qəbzə imza etməklə qətnamənin surətini almış, 25.11.2020-ci il tarixdə qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 243-cü maddəsinə əasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Hazırki işdən görünür ki, məhkəmə iclasıları barədə, eləcə də məhkəmənin qəbul etdiyi qiyabi qətnamənin cavabdeh tərəfindən alınması barədə, eləcə də məhkəmə bildirişlərinin və qətnaməsinin Zəngilan kənd ərazi üzrə İcra nümayəndəliyi tərəfindən cavabdehə təqdim edilməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Qiyabi qətnamənin 17.11.2020-ci il tarixdə cavabdeh tərəfindən qəbzə imza etməklə alınması müəyyən edilir və cavabdeh qiyabi qətnamənin ləğvi barədə 25.11.2020ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə bildirişlərinin və qətnaməsinin cavabdehə təqdim edilməsi üçün Zəngilan kənd ərazi üzrə İcra nümayəndəliyi göndərilməsini qeyd etsə də, nümayəndəlik tərəfindən bildirişlərin və qətnamənin cavabdehə təqdim edilib-edilməməsi, eləcə də təqdim edilibsə nə vaxt təqdim edilməsi məsələsini aydınlaşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan halların araşdırılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadı ləğv edilməli, Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə Cavabdeh ərizəsinin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə tərəflərin iştirakını təmin etməklə, ərizəyə yenidən qiymət verməli və bunun nəticəsi olaraq əsaslandırılmış qərar qəbul etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(034)-412/2016 saylı qərardadı ləğv edilsin. Zəngilan Rayon Məhkəməsinin 21 iyun 2016-cı il tarixli, 2(034)-412/2016 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə Cavabdeh ərizəsi yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2489/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2489/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver