Məhkəmə qərarları › İş №2(105)-249/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-249/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-249/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 mart 2021ci il tarixli, 2(012)-698/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-698/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1098,91 manat əsas, 165,80 manat faiz, cəmi 1264,71 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-698/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1138,51 manat əsas, 16,64 manat faiz, cəmi 1155,15 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtiylə 1300 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlər əsasında iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə qismən əsassızdır. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə onun iddiaçı Unibank KB ASC-yə 1098,91 manat əsas, 165,80 manat faiz, cəmi 1264,71 manat borcu vardır. İddiaçı isə iddia ərizəsində qeyd edir ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə 1300 AZN məbləğində kredit verilmişdir. Müqavilə öhdəliyi borclu tərəfindən düzgün icra edilmədiyi üçün, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1138,51 AZN əsas 16,64 AZN faiz, cəmi 1155,15 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məğləbində vəsaitin tutulmasını xahiş edir. Cavabdeh bildirir ki, iddiaçı bir tərəfli qaydada hesabat apararaq ondan yüksək faizlə pul vəsaiti tələb edir. Belə bölgünün hansı əsasla aparıldığı məlum deyil, məhkəmə yaranmış borc məbləğinin hansı qaydada hesablanmasını araşdırmamışdır. İddiaçının hesabladığı və tələb etdiyi əsas və faiz borclar bir-birinə mütənasib deyildir. Çünki, 2019-cu ilin dekabr ayında iddiaçı bir tərəfli qaydada verdiyi kartı bloklamış və həmin gündən sonra, kartdan istifadə etmək mümkün olmamışdır. Həmin gündən sonra, cavabdeh iddiaçıya təxminən 600 manat vəsait ödəsə də, iddiaçı həmin vəsaiti hesablamamış, əsassız olaraq borcu faizə silmiş və nəticədə hazırkı mübahisə yaranmışdır. Digər tərəfdən, iddiaçı iddia ərizəsində qeyd etdiyi 1300 manatı birdəfəlik karta köçürtməmişdir. Müqavilə bağlanan gün 300 manat, 1 ildən sonra 200 manat, yenə də, 1 ildən sonra 300 manat, növbəti 1 ildən sonra 200 manat və yenə də 1 ildən sonra 300 manat vəsaiti ona məxsus karta köçürtmüşdür. Bunun müqabilində isə iddiaçıya təxminən 2000 manat vəsait ödəmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan, iddia tələbinə uyğun qətnamə qəbul etmişdir. Hesab edir ki, onun apellyasiya şikayətinin dəlilləri əsasında iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli və yalnız bundan sonra əsaslı, qanuni qətnamə qəbul edilməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 186tkNFT/15 saylı, xx.xx.2015-ci il tarixli kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" X2 səhmdar cəmiyyətinin Neftçilər filialı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 30% ödəmək şərti ilə 1300 manat məbləğində kredit limiti ayrılmış, ona bank hesabı (cari, ssuda) açılmış və plastik kart təqdim edilmişdir. Yenə iş materiallarında olan "xxxx" X2 Səhmdar Cəmiyyətinin BANK/PİKMD/909635 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 186tkNFT/15 saylı kredit müqaviləsi üzrə banka 1138,51 manat əsas borcu və 16,64 manat faiz borcu, cəmi 1155,15 manat borcu vardır. Mülki işdə olan "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, kredit borcunu 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Yenə işə əlavə edilmiş "xxxx" X2 Səhmdar Cəmiyyətinin BANK/PİKMD/942557 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 186tkNFT/15 saylı kredit müqaviləsi üzrə banka 1098,91 manat əsas borcu və 165,8 manat faiz borcu, cəmi 1264,71 manat borcu vardır. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respubılikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5832 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 186tkNFT/15 saylı, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə 12 mart 2021-ci il tarixə (maliyyə arayışında borc hesablanan tarixə) kredit müqaviləsinin bitdiyi xx.xx.2020-ci il tarixdən 5 faiz hesablanmaqla 714,13 manat əsas borc, 15,97 manat faiz borcu vardır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-698/2021 nömrəli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtiylə 1300 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona edilən xəbərdarlıqların nəticəsi olmadığı üçün iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini təmin etmiş, narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin iddiaçıya olan borc məbləğinin iddia tələbində qeyd olunan məbləğdə deyil, daha az məbləğdə (xx.xx.2022-ci il tarixli, 9/5832 nömrəli ekspert rəyinə əsasən 714,13 manat əsas borc, 15,97 manat faiz borcu) olduğu müəyyən edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yenə həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin faktiki hallarından çıxış edərək kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya daha öncə qeyd olunan kredit müqaviləsi üzrə borcunun olmasını etiraf edir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan tələb edilən əsas və faiz borcun məbləğinin əsassız şəkildə şişirdilməsidir ki, apellyasiya kollegiyası bu ziddiyətin aradan qaldırılması və yaranmış mübahisə üzrə ədalətli nəticənin əldə edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və müvafiq ekspert rəyinə əsasən cavabdehin bu xüsusatda dəlili qismən sübuta yetirilmişdir. Belə ki, daha öncə də qeyd olunduğu kimi işə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5832 nömrəli ekspert rəyinə əsasən cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixə, 714,13 manat əsas borc, 15,97 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, müqavilə üzrə cavabdeh tərəfindən qismən ödəniş edildiyi nəzərə alınmaqla qeyd olunan ekspert rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməli və rəydə qeyd olunan məbləğdə 714,13 manat əsas borc, 15,97 manat faiz borcu olmaqla, cəmi 730.10 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla təsdiq olunur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1098,91 manat əsas, 165,80 manat faiz, cəmi 1264,71 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmalı hisssində qətnamə dəyişdirilməli, cavabdehdən 714,13 manat əsas borc, 15,97 manat faiz borcu olmaqla, cəmi 730.10 manat pul tutulmaqla, "xxxx" KB ASC–yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinin tələblinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı Cavabdeh özünə aid edilməli, 5 manatı iddiaçı bankdan onun xeyrinə tutulmalıdır. Eləcə də, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 72,50 manat hissəsi Cavabdeh, 72,50 manatı isə "xxxx" KB ASC–dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(012)-698/2021 nömrəli qətnaməsi iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1098,91 manat əsas, 165,80 manat faiz, cəmi 1264,71 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmalı hisssində dəyişdirilərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə tutulmalı pulun məbləği, 714,13 manat əsas borc, 15,97 manat faiz borcu olmaqla, cəmi 730.10 manat müəyyən edilsin. Qətnamə dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməsi hissəsində dəyişdirilsin, 25 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilsin, 5 manat iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 10 manatı Cavabdeh özünə aid edilsin, 5 manatı iddiaçı "xxxx" KB ASC-dən onun xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 72,50 manat hissəsi Cavabdeh, 72,50 manatı isə "xxxx" KB ASC–dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə qətidir, ondan şikayət verilə bilməz. Qətnamə dərhal qüvvəyə minir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar