Məhkəmə qərarları › İş №2(105)-2490/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2490/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2490/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən böhtan xarakterli məlumatların təkzib edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir - şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatların həqiqətə uyğun olmayan, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə müvafiq olaraq iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş məlumatlarla bağlı “Xalqxeber” internet qəzetində və “Kanal 13” internet televiziyasında eyni qaydada və eyni həcmdə yayılmaqla təkzib verilməsi vəzifəsinin qoyulması, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti barəsində “Xalqxeber” internet qəzetində “Aldadılanlar "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin rəhbərinin məsuliyyətə cəlb olunmasını tələb edir - şikayət” başlıqlı məqalədə dərc edilmiş məlumatlar və “Kanal 13” internet televiziyasında getmiş video müsahibədə səsləndirilmiş həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin işgüzar nüfuzunun ləkələnməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq Cavabdeh1 10000 manat, Cavabdeh2 7000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yayılan, həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib edilməsi, o cümlədən bu çirkin əməllər nəticəsində onlara dəymiş maddi-mənəvi zərərin əvəzi kimi cavabdehlərin hər birindən 50000 manat məbləğində pulun, eləcə də cavabdehlər tərəfindən onlara qarşı məhkəmədə qaldırılmış əsassız iddialarla bağlı vəkilin hüquqi yardımı ilə bağlı xərclədikləri 2400 manat pulun, cəmi 102400 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmiyyətə qarşı əsassız iddialar qaldıraraq müxtəlif tələblər (cəmiyyətin onların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, qanunsuz tikililərin aparılması, yaşadığı evin onlar tərəfindən tikilməsi, evinin 40 kv.metrinin kəm tikilməsi, həyətinin onları tərəfindən abadlaşdırılması öhdəliyi, qaz, işıq tariflərinin ondan artıq məbləğdə alınması və eləcə də 15000 manat mənəvi zərər) irəli sürmüşlər. Cavabdeh2 və Cavabdeh1 iddia tələblərinin əsassız olması və rədd olunması barədə yekun məhkəmə qərarları artıq hüququ qüvvəsini almışdır. Ötən bu müddət ərzində Cavabdeh2 və Cavabdeh1 bir neçə şəxslə birlikdə (həmin 6 nəfər də cəmiyyətə qarşı məhkəmədə əsassız iddialar qaldırmış, onların da iddia tələbləri rədd olunmuşdur) müxtəlif dövlət orqanlarına (Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurora, Milli Məclisə, Vergilər Nazirliyinə və s.) şərböhtan dolu şikayətlər yazaraq cəmiyyəti bir sıra qanunsuz işlər görməkdə, hətta ******* manatı vergidən yayınmaqla ağır cinayət törətməkdə ittiham etmiş, müxtəlif mətbuat orqanlarına onların barəsində heç bir əsası olmayan müsahibələr verərək cəmiyyətin sahibi olduğu “Park-Solero” yaşayış kompleksində tikilən evlərin keyfiyyətsiz tikildiyini, evlərdə çatlar olduğunu, evlərin uçub dağıldığını, vətəndaşların aldadıldığını və s. bildirmişlər. Cavabdeh1 son vaxtlar “Kanal-13”-ə müsahibə verərək onları və “Bank Respublika”nın rəhbər şəxslərini ağır cinayətdə ittiham edərək, onların vəhabilərlə əlaqədə olduqlarını, onu vəhabilərin əli ilə öldürtdürəcəkləri barədə xəbərdar edildiyini, eləcə də həmin ərazidə tikinti işləri aparılarkən tikintidə çalışan bir fəhlənin öldüyünü və həmin fəhlənin meyidinin onlar tərəfindən ərazidən çıxarılaraq yox edildiyini göstərmişdir. Bununla da “Park-Solero” yaşayış kompleksindən (fiziki şəxslər tərəfindən və ya torpaq almış şəxslər tərəfindən tikilmiş) ev almaq istəyən və ya torpaq sahəsi alaraq ev, villa tikdirmək istəyən şəxslərə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək (guya burada koteclər, villalar qanunsuz tikilir, torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır, torpaq sahələrində sürüşmə var, kanalizasiya xətti yoxdur, oralar söküləcək və s.) həmin şəxsləri yaşayış kompleksindən ev, torpaq sahəsi almaq fikrindən daşındırmışlar. Cavabdeh1 və onun ətrafında olan şəxslərin cəmiyyətə qarşı apardığı bu iyrənc, çirkin kompaniyalar nəticəsində cəmiyyətin işgüzar nüfuzu ləkələnmiş və cəmiyyətə maddi-mənəvi ziyan dəymişdir. Bundan əlavə, Cavabdeh1 və onun ətrafında olan şəxslər “Park-Solero” yaşayış kompleksində yaşayan və eləcə də evləri olan şəxsləri aldadaraq onların adından ərizələr hazırlayaraq guya yaşayış kompleksinə yeni su xəttinin çəkilməsi üçün imza toplamaqla həmin vətəndaşların imza etdikləri vərəqələrin surətlərini çıxardaraq öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə etmişlər. Belə ki, cəmiyyətin işgüzar nüfuzuna xələl gətirən, ləkələyən, hətta ağır cinayətlərin törədilməsində ittiham edildiyi ərizələr yazaraq vətəndaşların başqa müraciətlərlə bağlı imza etdikləri vərəqələrin surətlərini həmin ərizələrə əlavə edərək müxtəlif dövlət orqanlarına göndərərək həmin şəxslərin də cəmiyyətdən narazı olmaları görüntüsü yaratmaq istəmişlər. Bundan xəbər tutan sakinlər başda Cavabdeh1 olmaqla həmin şəxslərin bu cür çirkin əməllərinə kəskin etiraz etmiş və fərdi qaydada ərizələr yazaraq kommunal xidmətlərlə bağlı müraciətlərə imza etdiklərini, onların cəmiyyətdən heç bir narazılıqlarının olmadığını bildirmişlər. “Park-Solero” yaşayış kompleksində evi olan, yaşayan onlarla sakin kollektiv halında səlahiyyətli dövlət orqanlarına müraciət yazaraq imza etmişlər və həmin müraciətlərdə “Park-Solero” yaşayış kompleksində torpaq sahələri aldıqlarını, öz vəsaitləri hesabına ev tikdiklərini, cəmiyyətin bu tikinti işlərinin aparılmasında iştirak etmədiyini, yaşayış kompleksində sakinlər üçün hər cür şəraitin yaradıldığını göstərmişlər. Cavabdeh2, qardaşı Cavabdeh1 və onların ətrafında olan şəxslər dəfələrlə cəmiyyətə sifarişlər göndərərək onlarla razılığa gəlməyəcəkləri təqdirdə bu cür çirkin oyunlarını davam etdirəcəklərini bildirmişlər. Bu şəxslər “Bank Respublika”dan külli miqdarda kreditlər götürərək “Park-Solero” yaşayış kompleksindən torpaq sahələri almışlar və həmin kreditlərin hesabına Abşeron rayonu İcra Hakimiyyətinin təsdiq etdiyi layihələrə uyğun koteclər tikdirərək, təmir etdirmişlər və beş ilə yaxındır ailə üzvləri ilə birlikdə həmin evlərdə yaşayırlar. Lakin bankın kreditlərini ödəmədiklərinə görə bank həmin şəxsləri məhkəməyə verərək kreditlərin həmin şəxslərin torpaq sahələrinə və torpaq sahələrində tikdirdikləri evlərə yönəldilməsini tələb etmiş, artıq bu tələblərlə bağlı məhkəmə qətnamələri çıxarılmış və bankın iddiaları təmin edilmişdir. Bu şəxslər isə cəmiyyətin bankla iş birliyində olduğunu bildirərək onlara qarşı bu cür çirkin kompaniyalar aparırlar və müəyyən qədər istədiklərinə çatmışlar. Belə ki, cəmiyyətin işgüzar nüfuzuna ciddi zərbə dəymiş, işgüzar nüfuzu ləkələnmiş, bir sıra dövlət orqanlarının yoxlamalarına məruz qalmış, bir sıra ciddi iş adamları cəmiyyətlə işgüzar sövdələşmələrdən imtina etmiş, bunun nəticəsində də onlar bir sıra iri layihələrin həyata keçirilməsindən kənarda qalmışlar. Cavabdeh1 "Kanal-13"-ə müsahibə verməsindən sonra bir sıra mətbuat orqanları, jurnalistlər bu məsələ ilə araşdırma apararaq, onları hər gün narahat etmiş və sonda bunun Cavabdeh1 yalanı, şəri, böhtanı olmasını görmüşlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(105)-1106/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(012)-2942/2019 saylı qətnaməsinə işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərin ödənilməsinə aid hissələrdə dəyişiklik edilməsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılması nəticəsində dəymiş zərərə görə Cavabdeh1 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 3000 (üç min) manat, Cavabdeh2 2000 (iki min) manat tutulması, qətnamə iddianın təmin olunmuş qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli 2(102)-2082/2021 Qərarına əsasında Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(105)-1106/2020 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi mübahisəni araşdırarkən işə birtərəfli yanaşmış, işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini və qanunvericiliyin tələblərini hərtərəfli qiymətləndirmədən birmənalı olaraq iddiaçının mənafeyinə xidmət edən qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının iddia ərizəsində sadaladığı faktların və iddiasının hüquqi əsası kimi istinad etdiyi halların bir hissəsi açıq-aşkar ziddiyyətli olmaqla bir-birini təkzib edir, digər hallarda isə sübut olunmayan və ya şərəf və ləyaqətin müdafiəsini ehtiva etməyən ərizələrə istinad edir. Belə ki, iddiaçı bir tərəfindən həmin yaşayış kompleksində olan evlərin onun tərəfindən inşa edilmədiyini və həmin kompleksə aidiyyatı olmadığını bildirir (məhkəmə mübahisələri zamanı da bu faktı sübut etməyə cəhd edir), digər tərəfdən isə, iddia ərizəsində bildirir ki, “Park-Solero” yaşayış kompleksindən (fiziki şəxslər tərəfindən və ya torpaq almış şəxslər tərəfindən tikilmiş) ev almaq istəyən və ya torpaq sahəsi alaraq ev, villa tikdirmək istəyən şəxslərə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək, (guya burada koteclər, villalar qanunsuz tikilir, torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır, torpaq sahələrində sürüşmə var, kanalizasiya xətti yoxdur, buralar söküləcək və s.) həmin şəxslərin yaşayış kompleksindən ev, torpaq sahəsi almaq fikrindən daşındırmışlar. Qeyd edilənləri isə iddiaçıya qarşı “iyrənc, çirkin kompaniya” adlandıran iddiaçı, bunun nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir. Bunun üçün iddiaçı hər şeydən əvvəl bir suala cavab verməlidir-həmin kompleks onun tərəfindən inşa edilib, yoxsa yox? Əgər bu suala müsbət cavab verəcəksə, onda istinad etdiyi qanuni qüvvədə olan məhkəmə qərarlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsas yaranır. İddiaçı bütün məhkəmə proseslərində kompleksin onun tərəfindən inşa olunmadığını bildirmiş və bunun əksini (evlərin onun tərəfindən inşa edilməsini) təsdiq edən sübutların olmadığına istinad etmişdir. Əgər həmin suala mənfi cavab verəcəksə, onda iddiaçıya aidiyyəti olmayan kompleksdə kiminsə ev alıb-almaması və ya kiminsə buna mane olması iddiaçının hansı hüquqlarını pozur? İddiaçı iddia ərizəsində göstərir ki, külli miqdar vergidən yayınması ilə bağlı vergi orqanlarına məlumat verilməsi nəticəsində də ziyan dəymişdir. Halbuki, vergi yoxlamaları qanunvericiliklə nəzərdə tutulmuş və vergi ödəyicisi olan bütün fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanılmasını, vergilərin və digər məcburi ödənişlərin hesablanması, büdcəyə vaxtlı-vaxtında ödənilməsinin yoxlanılması üzrə Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş tədbirdir və heç bir halda, “maddi və mənəvi zərərə səbəb olan” və ya “işgüzar nüfuzuna xələl” gətirən tədbir hesab edilə bilməz. Əgər iddiaçı doğrudan da, vergi yoxlamaları nəticəsində vergi orqanı tərəfindən tətbiq edilmiş cərimə və ya sanksiyalara məruz qalmışsa, deməli, bu, vergi qanunvericiliyinin pozulmasının nəticəsi olmuşdur. Həmçinin iddiaçı tərəfindən vergi yoxlamasına məruz qalması barədə vergi orqanının hər hansı aktını məhkəməyə təqdim etməmişdir. Bu baxımdan da iddiaçı tərəfindən vergidən yayınma hallarına yol verilmiş və bu barədə onu qane etməyən akt mövcuddur ki, ona görə də məhkəməyə təqdim etməmişdir. Onun və yaşayış kompleksində yaşayan digər çoxsaylı sakinlərin dövlət orqanlarına ünvanlanan ərizə və şikayətlər heç bir halda iddiaçının şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumat hesab edilə bilməz. Əks yanaşma, vətəndaşların, ümumiyyətlə, həmin orqanlara müraciətini imkansız etmiş olardı. Digər tərəfdən, müraciətlərdə barəsində şikayət edilən hallar doğrudan da mövcud olmuş, sonradan bu nöqsanların bəziləri aradan qaldırılmışdır. Məsələn, kanalizasiya sisteminin yarıtmaz olması, çirkab suların yaxınlıqda yerləşən duzlu gölə axıdılması faktı mövcud olmuş, onların müraciətlərindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq reaksiya verilmiş, yalnız bundan sonra pozuntu aradan qaldırılmışdır. İddiaçının digər dəlili ondan ibarətdir ki, guya, onlar torpaqların təyinatı barədə yalan məlumat veriblər. Halbuki, tərəflərindən iddiaya verilmiş etiraza əlavə edimiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlardan da görünür ki, həmin torpaqlar ehtiyat torpaqları və kənd təsərrüfatı təyinatlı torpaqlardır. Qeyd edilən torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı mövcud deyildir. Belə olan halda, həmin torpaq sahəsində yaşayış kompleksinin tikilməsinə icazə verilməsi və tikinti aparılması qanuna zidd olmuşdur. Qanunda təsbit edilən müddəaların isə bildirilməsi kiminsə şərəf və ləyaqətini alçaldan məlumat hesab edilə bilməz. Ümumiyyətlə, iddiaçının hazırki iddia ilə müraciət etməsi də yol verilmiş qanunsuzluqların və mövcud vəziyyətin açıqlanmasına yönəlmiş cəhdlərin qarşısının alınmasına hesablanmış qərəzli bir addımdır. İddiaçı bu qərəzli niyyətini həyata keçirmək üçün hətta onlara böhtan atmaqdan belə çəkinməmişdi. Belə ki, iddiaçı polis orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdi ki, guya onlar iddiaçıya məxsus generatorun akkumlyatorunu oğurlamışdır. Həmin araşdırmanın nəticəsi olaraq Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən 09 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da təhqiqatçı müəyyən etmişdir ki, iddiaçının direktoru X5 həmin akkumlyatorun oğurlanmasından və Cavabdeh2 şübhələndiklərini bildirsə də, araşdırma zamanı şübhələrin hansısa real dəlilə əsaslanmadığı və ehtimallar üzərində qərəzli formada iddia edildiyi aşkar olunmuşdur. Abşeron Rayon Məhkəməsində mülki iddia qaldırdıqlarından iddiaçının direktoru Ruslan Əliyev həmin şəxslər barəsində qərəzli şikayət etmişdir. Bundan əlavə, həmin kompleksdəki evlərin tikilməsi və istismarı ilə əlaqəsi olmadığını bildirən iddiaçı yaşayış kompleksinin su təchizatı ilə bağlı "xxxx" ASC ilə müqaviləni də iddiaçı bağlamışdır. Bundan başqa, Cavabdeh1 şikayətlərinə heç bir orqandan cavab verilmədiyinə görə, həyatına real təhlükənin qarşısını almaq məqsədi ilə bu barədə “Kanal 13”-ə bildirmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 barəsində qeyd edir ki, “Park-Solero” yaşayış kompleksində yaşayan və eləcə də evləri olan şəxsləri aldadaraq onların adından ərizələr hazırlayaraq guya yaşayış kompleksinə yeni su xəttinin çəkilməsi üçün imza toplamaqla həmin vətəndaşların imza etdikləri vərəqələrin surətlərini çıxardaraq öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə etmişlər. İddiaçının bu dəlili də tamamilə əsassız olmaqla müvafiq sənədlərlə tam təkzib edilir. Belə ki, həmin ərizələri imzalamış şəxslər hansı orqana və hansı məqsədlə müraciət etdiyini bilmişlər, həmin şikayətlərə də müvafiq orqanlardan cavablar gəlmiş və həmin cavablar iş materiallarına əlavə edilmişdir. Müraciəti imzalayan şəxslərdən X10, X11 və X6 məhkəmədə izahat verərək, bildirmişlər ki, yaşayış kompleksi iddiaçı tərəfindən inşa edilmişdir və bu barədə onlarla iddiaçı arasında müqavilə, həmçinin iddiaçının verdiyi maliyyə arayışları olmuşdur. Lakin bankdan kredit götürən zaman bank həmin müqavilə və maliyyə arayışlarını onlardan almışdır. Buna baxmayaraq, X2 maliyyə arayışının birinin əsli qalmışdır. Hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya, ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. İddiaçı ilk növbədə hüquqi şəxs olmaqla cavabdehlər tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına araşdırma aparılması üçün yazdıqları ərizənin hüquqi şəxsin “şərəf, ləyaqət və işgüzar nüfuzunu” hansı ifadələrlə və məlumatları yaymaqla ləkələməsi, həmin ərizəni yazmaqla onların iddiaçıya hansı maddi və mənəvi zərər vurması barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. İddiaçının iddia ərizəsində qeyd etdikləri nəticəsində iddiaçıya onların mənəvi zərərin vurulması sübuta yetirə biləcək mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019cu il tarixli 2(002)-2942/2019 saylı qətnaməsini ləğv edib, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlir. İddiaçının nümayəndəsi və vəkili B.S.Şirinov məhkəməyə ərizə təqdim edib göstərdi ki, "xxxx" MMC-yə qarşı aparılan bu çirkin oyunlarda Cavabdeh2 rolunu, yəni onun adından qardaşı olan nümayəndəsi digər Cavabdeh1 hərəkətlər etməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının mövqeyini, Cavabdeh2 mülkiyyətində olmuş torpaq sahəsi və bank krediti hesabına həmin torpaq sahəsi üzərində tikdirdiyi evin hərraca çıxarılmaqla satılmasını və hazırda həmin torpaq sahəsi və ev başqa bir şəxsin mülkiyyətində olmasını, S.H.X9 yaşayış kompleksi ilə heç bir bağlılığı qalmadığını nəzərə alaraq Cavabdeh2 aid hissədə iddia tələbindən imtina edirlər. Ona görə də, iddia tələbindən imtina ərizəsini qəbul edib, iş üzrə Cavabdeh2 aid hissədə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin iddiadan imtinaya qarşı fikrini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili B.S.Şirinovun iddia tələbindən imtina etməsi barədə ərizəsi qanuni və əsaslı olduğu üçün qəbul olunmalı, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 hissəsində ləğv edilməli və həmin hissədə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 365, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 iddiadan imtina etməsi qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən böhtan xarakterli məlumatların təkzib edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2(002)-2942/2019 saylı qətnaməsi Cavabdeh2 hissəsində ləğv edilsin və Cavabdeh2 aid hissədə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar