Məhkəmə qərarları › İş №2(105)-2493/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2493/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2493/2020 05.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X5 və cavabdeh X4 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-47/2018 saylı qətnaməsindən cavabdeh X4 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-47/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlham Kərimli) iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin cavabdehlər X6 və Cavabdeh2 qarşı vaxtında qaytarılmamış borca görə hesablanan faizlərin, dəymiş maddi zərərin və əldən çıxmış faydanın tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 2232,88 manat məbləğində dəymiş maddi zərər və əldən çıxmış fayda, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul vəsaitinin, cəmi 2262,88 manat pulun tutularaq “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh X9 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 875/2019 saylı qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-47/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi X6 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X9 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 3596/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-875/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətin iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X9 və X7 müştərək (birgə) qaydada Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 9.547,31 ABŞ dolları məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank üçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2012-ci il tarixdə “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə X9 arasında 69198/1 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X6 36 ay müddətinə, illik 16% ödənilməsi şərti ilə 22400 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla yanaşı, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə X9 arasında bağlanmış 69198/1 saylı kredit müqaviləsi üzrə kreditlə bağlı borcverən qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin borcalanla tam birgə məsuliyyət daşımasını öhdəsinə götürmüş və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və lazımınca icra etmədiyi təqdirdə, zamin borcverənin ilkin yazılı tələbi ilə kredit məbləğini hesablanmış faiz və cərimələrlə birlikdə dərhal borcverənə ödənilməsini öz üzərinə götürmüşdür. Bundan başqa, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan X4 mülkiyyətində olan “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli avtomobil “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozduğundan “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti Abşeron Rayon Məhkəməsində cavabdehlər X9 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 və Cavabdeh2 müştərək qaydada 8.750,59 ABŞ dolları əsas, 524,66 ABŞ dolları faiz və 272,06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.547,31 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 13,75 manat bildirişlərin göndərilməsinə dair poçt xərcinin əvəzinin tutularaq iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə verilməsi, tələbin ipoteka predmeti olan X10 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə olan borcun ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin borclular tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün icra məmuru tərəfindən borclulara müvafiq bildirişlər verilməsinə baxmayaraq icra sənədi borclular tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, bank qarşısında olan borc ödənilməmişdir. Bu da iddiaçının maddi zərər çəkməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı həmin vəsaiti dövriyyəyə buraxaraq gəlirlər əldə edə bilərdi. “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X3 və Cavabdeh2 müştərək (birgə) qaydada Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 9547,31 ABŞ dolları və 43,75 manat məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faiz borcunun, borcun vaxtında qaytarılmamasına görə banka dəymiş maddi zərər və əldən çıxmış fayda qismində 2232,88 manat məbləğində zərərin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuzdur, işə baxılarkən bütün faktiki hallar araşdırılmamışdır. Onlardan tələb edilən borc olduqca yüksəkdir. Bu borcu bank deyil, mütəxəssis dəqiq hesablaya bilər. Kredit müqaviləsi üzrə borcu maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Bank onun avtomobilini əlindən almış, bununla da gəlir əldə etməyini məhdudlaşdırmış, bu səbəbdən də banka olan borcunu tam ödəyə bilməmişdir. Cavabdeh X9 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, borcunun hər ay hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli, 69198/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti tərəfindən X6 36 ay müddətinə, illik 16% ödənilməsi şərti ilə 22400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə X9 arasında bağlanmış 69198/1 saylı kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin borcalanla tam birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə X9 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 69198/1 saylı ipoteka (girov) müqaviləsinin surətindən görünür ki, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə X9 arasında bağlanmış 69198/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi X4 mülkiyyətində olan “Hyundai Tucson” markalı, 2012-ci il buraxılışlı, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin X9 və Cavabdeh2 qarşı borcun qaytarılması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və əmlakın açıq hərracdan satılması tələbinə dair iddiası təmin edilmiş, X3 və Cavabdeh2 müştərək qaydada 8.750,59 ABŞ dolları əsas, 524,66 ABŞ dolları faiz, 272,06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.547,31 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 13,75 manat bildirişlərin göndərilməsinə dair poçt xərcinin əvəzinin tutularaq, iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə verilməsi, tələbin ipoteka predmeti olan X6 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, KMHJT81B1DU571291 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin hesabına “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə ödənilməli olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin X6 qaytarılması qət edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X4 qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faiz borcu 2232,88 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 3492 saylı, xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot faiz dərəcəsi nəzərə alınmaqla 9547,31 ABŞ dollarına xx xxxxxx 2015-ci il tarixdən iddia qaldırılan xx xxxx 2018-ci il tarixədək hesablanmış faiz 2448,58 manat təşkil edir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin mübahisə edilməyən hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 8750,59 ABŞ dolları əsas, 524,66 ABŞ dolları faiz, 272,06 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9547,31 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində pul vəsaiti, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumun və 13,75 manat bildirişlərin göndərilməsinə dair poçt xərcinin əvəzi tutularaq iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə verilməli, tələb ipoteka predmeti olan “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, avtomobilin satışından əldə olunmuş pul vəsaitinin hesabına iddiaçıya ödənilməli olan borc və dövlət rüsumunun əvəzi ödənilməli, pul vəsaitinin qalan hissəsi X6 qaytarılmalıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi iddianı təmin edərkən cavabdehlərin kredit müqaviləsilə götürdükləri və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmaları, bankın kredit məbləğini borclulardan vaxtında qəbul edib onu yeni kredit müqaviləsinə əsasən başqa şəxsə verərək qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilmək imkanının olması, məbləğ qaytarılmadığı üçün bankın faydadan məhrum olmasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 399.4, 449.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin cavabdehlər tərəfindən vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda qismində zərər tələb edir. Belə olan halda hazırki tələbin hüquqi əsasını Azərbaycan Respublikası MM-nin 449-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna”həsr olunmuş 152.3cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada ”faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Azərbaycan Respublikası MM-nin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməmişdir. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də bu halın müəyyən edilməsidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-nin 449-cu maddəsini, eləcə də həmin maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarını hazırki işin müəyyən edilmiş halları baxımından düzgün tətbiq etməmişdir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən ümumilikdə 9.547,31 ABŞ dolları pul tutulmuş, tələb ipoteka predmeti olan avtomobilə yönəldilmiş və iddiaçı hazırki borcu da həmin qətnamənin icra edilməməsi səbəbindən tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, icra məmuru tərəfindən tələbin ipoteka predmetinə yönəlməsi prosedurunun başlanıb-başlanılmaması, hərracın keçirilib-keçirilməməsi, hərrac keçirilibsə və ya gec keçirilibsə, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehlərin maneə yaradıb-yaratmaması halları araşdırılmamışdır. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək işə əlavə edilmiş icra işinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi əsasında xx xxxxxxxx 2015-ci il tarixdə icra vərəqəsi verilmiş, Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə xx xxxxxxxx 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra məmurunun sifarişi əsasında “Sərraf-N” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən X6 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2015-ci il tarixdə 14000 manat qiymətləndirilmişdir. İcra işində olan Y-154 saylı, xx xxxxx 2016-cı il tarixli “X2 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hərracın nəticələri haqqında yekun protokolunun surətindən görünür ki, X6 məxsus “Hyundai Tucson” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda ilkin satış qiyməti 14000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%-ə enmiş, əmlakın satılmış son qiyməti 8925 manat müəyyən edilmiş və həmin avtomobil “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti tərəfindən alınmışdır. İcra işində olan Abşeron Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 8(012)- 996/2016 saylı qərardadının surətindən görünür ki, Abşeron rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)-2746/2016 saylı qətnaməsi ilə X4 iddiası təmin edilmiş, X4 mülkiyyətində olmuş “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılması ilə əlaqədar hərracın yekunları barədə xx xxxxx 2016-cı il tarixli, Y-154 saylı protokol və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi, X6 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının orta bazar qiymətinin 17.000 manat olduğu əsas götürülməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrasının davam etdirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2720/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2746/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinin 2019-ci ilin yanvarına qədər olan redaksiyasında müəyyən edilmişdir ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonrahərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” qanunun 41.1 və 41.2-ci maddələrinin hazırda qüvvədə olan redaksiyasında isə göstərilir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Göründüyü kimi, istər köhnə, istərsə də hazırda qüvvə olan redaksiyada qanunvericilik ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etmiş və qanunda bu prosedurun icra məmuru tərəfindən ixtisaslaşdırılmış təşkilat vasitəsilə həyata keçirilməsi təsbit olunmuşdur. Yəni ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, qətnamənin icrası tələbin ipoteka predmetinə yönəlməsi ilə təmin edilir. Bunun da proseduru Qanunla müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi əsasında xx xxxxxxxx 2015-ci il tarixdə icra vərəqəsi verilmiş, Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə xx xxxxxxxx 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra məmurunun sifarişi əsasında “Sərraf-N” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən X6 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2015-ci il tarixdə 14000 manat qiymətləndirilmiş, xx xxxxx 2016-cı il tarixdə keçirilən hərracda X6 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti tərəfindən 8925 manat alınmışdır. İcra işində olan Abşeron Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 8(012)-996/2016 saylı qərardadının surətindən görünür ki, Abşeron rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)-2746/2016 saylı qətnaməsi ilə X4 iddiası təmin edilmiş, X4 mülkiyyətində olmuş “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılması ilə əlaqədar hərracın yekunları barədə xx xxxxx 2016-cı il tarixli, Y-154 saylı protokol və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi, X6 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının orta bazar qiymətinin 17.000 manat olduğu əsas götürülməklə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2966/2015 saylı, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrasının davam etdirilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2720/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2746/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyəti hazırki iddia ilə xx xxxxxx 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hərraca çıxarılmış X6 məxsus “Hyundai Tucson” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti reallıqdakı qiymətindən xeyli aşağı həddə müəyyən edilməklə hərracda satıldığından hərracın yekunları barədə xx xxxxx 2016-cı il tarixli, Y-154 saylı protokol qanuni qüvvəyə minmiş qətnamə ilə etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka ilə təmin edilmiş öhdəlik cavabdeh X3 asılı olmayan səbəbdən icra edilməmişdir. Hərracın vaxtında keçirilməməsi, başqa sözlə, ipotekaya tutma yönəldilməməsi səbəbindən qətnamənin icra olunmaması və buna görə əldən çıxmış fayda qismində zərərin ödənilməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi X6 qarşı olan hissədə rədd edilməlidir. İşdən görünür ki, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik öhdəliklərin icrası üsulu olduğundan və zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən və hazırki mübahisə üzrə X9 iddiaçı qarşısında hər hansı öhdəlik daşımadığından iddia tələbi zamin kimi Cavabdeh2 qarşı olan hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 45 manat iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətindən tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-47/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin cavabdehlər X6 və Cavabdeh2 qarşı vaxtında qaytarılmamış borca görə hesablanan faizlərin, dəymiş maddi zərərin və əldən çıxmış faydanın tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 45 (qırx beş) manat iddiaçı “X17 Azərbaycan” qapalı səhmdar cəmiyyətindən tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar