Məhkəmə qərarları › İş №2(105)-2498/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2498/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2498/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi F.A.Əliyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) X5 Olan İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: X5 olan QSC “xxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X7 İddiaçı ASC-nin xeyrinə 649.98 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 445.60 ABŞ dolları faiz, 1168.62 ABŞ dolları cərimə və xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 94.41 ABŞ dolları borc, ümumilikdə 2358.61 ABŞ dolları məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.A.Əliyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən tərəflər arasında mübahisə predmeti olan problemli kreditin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşdüyünü qeyd etmişdir. Qərardad prosessual pozuntulara yol verilməklə çıxarıldığından ləğv olunaraq işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur, mübahisələrin nizamlanması mümkün olmadıqda isə Azərbaycan Respublikası məhkəmələrində həll olunur. Göründüyü kimi qərardadda qeyd olunan pretenziya məsələsi kredit müqaviləsində əks olunmuşdur. Bank tərəfindən dəfələrlə müştəri ilə danışıqlar aparılmasına cəhd göstərilmiş, bu nəticə vermədikdə isə müştəriyə hətta xəbardarlıq məktubu göndərilmiş və qeyd olunan xəbərdarlıq məktubu və cavabdehin xəbərdarlıq məktubunu alması barədə qəbz iddia ərizəsinə əlavə olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1500/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi S.Y.Əliyeva şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən, fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli Fərmanının 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacagı nəzərə alınaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi banklara tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin mövqeyi ondan ibarətdir ki, fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olmaması əsası ilə baxılmamış saxlanılmalıdır. Məhkəmə sənədləri geri qaytararkən həmin Qaydaların 7.10.1-ci bəndinə istinad edir və məhkəməyə qədər pretenziya qaydasının iddiaçı tərəfindən pozulduğunu qeyd edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 olan QSC “xxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia tələbinin əsaslandırıldığı borcverən İddiaçı X6 ilə borcalan X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həll edilməsi qaydasının tətbiq olunması imkanı yaranmış və halhazırda da həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının 6.2-ci bəndinə əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nın 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X5 Olan İddiaçı X2 nümayəndəsi X3 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(012)-1500/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar