Məhkəmə qərarları › İş №2(105)-250/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-250/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-250/2025 06.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(060)-864/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair qərardad Açar sözlər: apellyasiyanın mümkünlüyünün yoxlanılması, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən 57292 manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(060)-864/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi olmuş vəkil Nümayəndə və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən 46792 manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini, daha sonra isə nümayəndəsi və vəkili vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 46792 manatdan əlavə Yaşat fondu tərəfindən verilmiş 10000 manat vəsaitin və AR ƏƏSMN tərəfindən verilmiş 11000 manat vəsaitin yarısının, yəni 10500 manat pulun Cavabdeh2, 46792 manat pulun isə hər iki cavabdehdən müştərək qaydada alınaraq ona barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(060)-864/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 21000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Eyni zamanda iddiaçının nümayəndəsi olmuş vəkil Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməklə iddianın bütünlüklə təmin olunması, 10500 manat pulun Cavabdeh2, 46792 manat pulun isə hər iki cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi şikayətləri işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.

6. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 365, 366 və 151.2-ci maddələrinə əsasən iddiaçının nümayəndəsi olmuş vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxılmasını zəruri hesab edərək mümkünlük iclası təyin edilmiş, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər iddiaçının nümayəndəsi olmuş vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsini, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdilər.

8. İddiaçı və onun adından apellyasiya şikayətini imzalamış vəkil Nümayəndə, habelə iddiaçının nümayəndəsi (bacısı) Qanuni nümayəndə qız məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəblərdən gəlməmələri barədə hər-hansı məlumat təqdim etməmişlərr. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 66. Vəkil Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər.

Maddə 68. Vəkilin hüquq və vəzifələri 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. 68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir.

Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

Maddə 357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

Maddə 361. Apellyasiya şikayətinin məzmunu ... 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; ... 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. ... Maddə 365. Ümumi şərtlər Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.

Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, cavabdehləri dinləyib, apellyasiya şikayətlərinin mümkünlüyü məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının nümayəndəsi olmuş vəkil Nümayəndə tərəfindən iddiaçının adından verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkündür.

11. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bir sıra mühüm qaydalar nəzərdə tutulmuşdur. Bunlardan biri də MPM-nin 363.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydadır. Həmin normaya əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 12.Hazırki işin materiallarından görünür ki, iddiaçının apellyasiya şikayəti 08 dekabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi olmuş vəkil Nümayəndə tərəfindən elektron imza ilə imzalanmaqla “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim olunmuşdur. Lakin iş materiallarında olan (cild 1, s 15) İddiaçı tərəfindən təmsilçilik məqsədi ilə, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi (imzalanması) səlahiyyətlərinin vəkil Nümayəndə verilməsinə dair xx.xx.2023-cü il tarixli AR-İİİ №026267 saylı etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İş materiallarında, habelə “Elektron məhkəmə” informasiya sistemində iddiaçının adından apellyasiya şikayəti vermək səlahiyyətinin vəkil Nümayəndə ötürülməsinə dair qüvvədə olan başqa etibarnamə aşkar edilməmişdir. 13.İş materiallarından görünür ki, 28 aprel 2023-cü il tarixli AR-İİİ №00036 nömrəli digər etibarnamə ilə İddiaçı təmsilçilik səlahiyyətlərini bacısı Qanuni nümayəndə da vermiş, sonuncu hazırkı iş üzrə bir neçə məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak etmişdir. Həmin eitbarnamə hazırda da qüvvədədir (cild 1, s.171). 14.İşdə olan (cild 1, s.204) xx.xx.2024-cü il tarixli AR-İİİ №497421 saylı etibarnamə ilə isə Qanuni nümayəndə öz adından təmsilçilik səlahiyyətlərini vəkil Nümayəndə etibar etmişdir. Etibarnamənin məzmunundan göründüyü kimi, Qanuni nümayəndə hazırkı iş üzrə iddiaçı olan qardaşı İddiaçı deyil, özünü təmsil etmək səlahiyyətlərini vəkil Nümayəndə vermiş, başqa sözlə 28 aprel 2023-cü il tarixli AR-İİİ №00036 nömrəli etibarnamə əsasında təmsilçilik səlahiyyətlərini sonuncuya ötürməmişdir.

15. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının adından verilmiş apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan vəkil Nümayəndə tərəfindən imzalanmışdır ki, bu da MPM-in yuxarıda istinad edilən 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

16. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi olmuş vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361.2-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən işə hazırkı mərhələdə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də həmin şikayət qeyri-mümkün hesab olunaraq qəbul olunmamış hesab edilməli və iş materialları həmin apellyasiya şikayətinə münasibətdə MPM-nin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır.

17. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin şikayət MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olsa da, hazırkı mərhələdə iddiaçının adından verilmiş apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları ilə birgə birinci instansiya məhkəməsinə qaytarılmalı olduğundan və bununla da iş apellyasiya instansiyası məhkəməsinin icraatından çıxdığından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması prosessual baxımdan mümkün olmayacaqdır. Bu səbəbdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə iş apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqdan sonra baxılacaqdır.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363-366, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Hazırkı mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e- 2(060)-864/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi olmuş vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə həmin şikayətə münasibətdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar