Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2502/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin e-2(059)-200/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Siyəzən Rayon Məhkəməsinin e-2(059)-200/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməmişdir. (hakim B.Ələkbərov) Qətnamədən iddiaçı "xxxx" MMC apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 1509,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1539,81 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış malların alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehə müəyyən çeşiddə mallar satmışdır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən göründüyü kimi, iddiaçı malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında və lazımi qaydada yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, ümumi dəyəri 11.155,50 manat olan satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaiməfakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Lakin, iddiaçı tərəfindən cavadehə müvafiq ödəniş sənədləri təqdim olunsa da, sonuncu iddiaçıya bir sıra fakturalar üzrə yalnız 9.645,69 manat məbləğində pul ödəmişdir. Nəticədə, cavabdehin iddiaçıya müqavilə üzrə 1509,81 manat məbləğində borcu yaranmışdır. Cavabdehə 28 yanvar 2021-ci il tarixli pretenziyanın göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun şəkildə əsaslandırılmış, əlavə olaraq "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinad edilmiş, iddia müddətinin keçməməsi vurğulanmışdır. Apelyasiya baxışı zamanı iddiaçı "xxxx" MMC iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Siyəzən Rayon Məhkəməsinin e-2(059)- 200/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. İddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq, habelə yuxarıda qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, habelə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2014-cü il tarixli, 02/SS-022F saylı malların alqı-satqısı müqaviləsinə əsasən satıcı malı (polimer məmulatı) müqavilənin bir hissəsi olan qaiməfakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi, alıcı isə malı (polimer məmulatı) qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürmüş, müqavilənin icrasının sonuncu günü kimi 31 dekabr 2014-cü il tarix müəyyənləşdirilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 28 yanvar 2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, o, müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş müxabirləşmə jurnalından çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən MMCnin xeyrinə 25 iyul 2014-cü il tarixdə 8902,68 manat, 06 fevral 2017-ci il tarixdə isə 743,01 manat, cəmi 9645,69 manat ödəniş edilmişdir. İşə əlavə edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizədən görünür ki, cavabdeh iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2014-cü il tarixli malların alqı-satqısı müqaviləsinə malı (polimer məmulatı) müqavilənin bir hissəsi olan qaiməfakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi, alıcı isə malı (polimer məmulatı) qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürmüş, habelə bu müqaviləyə əsasən cavabdehin iddiaçı MMC-yə şəxsi istifadəsi üçün götürdüyü mallara görə 1509,81 manat borcu yaranmışdır. Edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu müqavilə üzrə Cavabdeh tərəfindən həyata keçirilən son ödəniş 06 fevral 2017-ci il tarixdə icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4 və 373.5-ci maddələrinin tələblərinə görə tələblərin ayrıayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Yenə həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, müqavilə üzrə Cavabdeh tərəfindən həyata keçirilən son ödəniş 06 fevral 2017-ci il tarixdə icra edilmişdir. İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən sonra müraciət etmişdir və beləliklə, mülki qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti haqqında müəyyən edilmişdir ki: Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; Üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Eyni zamanda “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericilik “müddət” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddələrinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin e-2(059)-200/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2502/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2502/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver