Məhkəmə qərarları › İş №2(105)-2503/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2503/2021

30.07.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2503/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)-2/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X1 Fatma Bəxtiyar qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş mülkiyyət hüququ barədə sənədin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Sabahgül Soltanova ərizə ilə məhkəməyə müraciət edərək, X4 mülkiyyətində olan Siyəzən şəhəri, Sabir küçəsi, 20 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla, satılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(059)-273/2019 saylı qərardadı ilə iddianın təmini tədbiri barədə ərizə təmin edilmişdir. (hakim B.Ələkbərov) Mülki iş üzrə 13 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən, cavabdeh X6 öldüyünə görə, o, hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadına əsasən iddiaçı X3 öldüyünə görə İddiaçı hüquqi varis kimi iddiaçını əvəz etmişdir. Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)-2/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 30 iyul 2019cu il tarixli 2(059)-273/2019 saylı qərardadı ləğv edilmiş, həmin qərardada əsasən Siyəzən şəhəri, Sabir küçəsi 20 A saylı fərdi yaşayış evinin üzərindəki həbs ləğv edilməklə, özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. (hakim B.Ələkbərov) İddiaçı bu qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(059)-2/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin 07 iyun 2021-ci il tarixli, 2(059)-2/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli evlə bağlı mübahisə davam etməkdədir. Onun iddiasının rədd edilməsi barədə məhkəmə qətnaməsi hələ qanuni qüvvəsini almamışdır və o, bu qətnamədən apelyasiya şikayəti verəcəkdir. Lakin mübahisəli əmlakın bu vaxt ərzində cavabdeh tərəfindən özgəninkiləşdirilməsi ehtimalı böyükdür. Əgər bu əmlak satılarsa, gələcəkdə qətnamənin icrası mümkün olmayacaqdır. Buna görə də, mübahisə predmeti olan Siyəzən şəhəri, Sabir küçəsi, 20 A saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsinə heç bir zərurət yoxdur. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya mərhələsində məhkəmə iclasında Cavabdeh şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Digər cavabdeh AR ƏMDK yanında DƏDRX-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin həmin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)- 2/2021 saylı qərardadı ləğv olunmalıdır. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. MPM-in 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. İşdən görünür ki, iddiaçı tərəf iddianın təmini tədbiri barədə məhkəmə iclasında ərizə vermiş və bu ərizə məhkəmənin 30 iyul 2019-cu il tarixli, 2(059)-273/2019 saylı qərardadı ilə təmin edilmişdir. Hazırda məhkəmə bu həbsi götürərkən ona istinad etmişdir ki, həmin məhkəmənin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmədiyinə, mübahisələndirilən fərdi yaşayış evinin üzərinə iddianın təmini tədbiri qaydasında həbs (qadağa) xeyli müddət qoyulduğuna, habelə bu həbsin (qadağanın) bundan sonra qeyrimüəyyən müddətə qalması iddiaçı tərəfin vərəsəlik qaydasında mülkiyyətlə bağlı gələcəkdə yarana biləcək hüquq və mənafeyini pozduğuna görə hazırda mübahisələndirilən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin (qadağanın) saxlanılması zərurəti aradan qalxmışdır. Odur ki, qətnamə ilə eyni zamanda həmin fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin (qadağanın) götürülməsi barədə qərardad çıxarılmalıdır. Bu zaman məhkəmə MPM-nin 162-ci maddəsinə istinad etmişdir. AR MPM-nin 162-ci maddəsinin İ hissəsinin İ cümləsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin maddənin İİİ hissəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddianın təmini tədbiri biləvasitə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. İddianın mahiyyətindən görünür ki, tərəflər arasında əsas mübahisə Siyəzən şəhəri, Sabir küçəsi 20 A saylı fərdi yaşayış evinə dair reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədədir. Bu yaşayış sahəsi isə cavabdeh tərəfindən istənilən vaxt özgəninkiləşdirilə bilər, yəni bu əmlak üzrəindəki həbsin götürülməsi mübahisə üzrə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin tədbirinin götürülməsini məhkəmə öz qərarında kifayət qədər əsaslandırmamışdır və bu həbsin götürülməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin həbsin götürülməsinin imperativ norma olmadığını da əsas götürür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin ləğvinə heç bir zərurət olmadığı halda, mübahisəli əmlak üzərinə qoyulmuş həbsi əsassız olaraq götürmüşdür. AR Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(059)-2/2021 saylı qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar