Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2505/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, borclular Borclu2 və Borclu1 iştirakları ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1191/2017 saylı qərardadından Borclu1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1191/2017 saylı qərardadı ilə (sədrlik edən, hakim Anar Sadıqov) Xaçmaz Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(067)-1191/2017 saylı məhkəmə əmrinə Borclu1 tərəfindən verilmiş etiraz geri qaytarılmış, Borclu1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(067)-1191/2017 saylı məhkəmə əmrinə əsasən Borclu2 və Borclu1 6043,35 manat əsas borc, 2424,05 manat faiz borcu və 20 manat dövlət rüsumu birgə qaydada alınıb “Bank of Baku” açıq səhmdar cəmiyyətinin hesabına keçirilməlidir. 01 iyun 2021-ci il tarixdə Borclu1 etirazla Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək məhkəmə əmrinin ləğv edilib işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1191/2017 saylı qərardadı ilə Borclu1 tərəfindən verilmiş məhkəmə əmrinə etiraz geri qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Borclu1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əmri poçt vasitəsi ilə ona göndərilməmiş və digər qaydada təqdim edilməmişdir. Məhkəmə əmrinin mövcudluğunu bu yaxınlarında icra məmurundan öyrənmişdir. Belə olduğu halda müddət ötürülməmişdir. Məhkəmə tərəfindən hazırki günədək məhkəmə əmri ona verilməmişdir.Buna görə də müddətin bərpasından söhbət gedə bilməz. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilib, etiraza mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Borclu1 məhkəmə iclasında şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Borclu2 şikayətin təmin olunmasını xahiş etdi. Tələbkar “Bank of Baku” açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qərardadla Borclu1 Xaçmaz Rayon Məhkəməsinin 10.02.2017-ci il tarixli, 2(067)-1191/2017 saylı məhkəmə əmrinə verdiyi etirazı təmin etməyərkən onun məhkəmə əmrinə etiraz etmə müddətini ötürməsinə, prosessual müddətin bərpa olunması barədə ərizə verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 281.3-cü maddəsinə görə məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 10.02.2017-ci il tarixli, 2(067)-1191/2017 saylı məhkəmə əmrinin surətini Borclu1 15.04.2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır(İ/v-18). Bu halı məhkəmə kollegiyasının iclasında Borclu1 da etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göründüyü kimi, qanunverici məhkəmə əmrinə etiraz verilməsi ilə bağlı 10 günlük müddət nəzərdə tutmuş və bu müddətin axımını borclunun məhkəmə əmrini aldığı gündən hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Borclu1 məhkəmə əmrini 15.04.2021-ci il tarixdə alsa da, onun məhkəmə əmrinə etirazı 01.06.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Bununla da borclu məhkəmə əmrinə etiraz verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən məhkəmə əmrinə etiraz verilməsi müddəti ötürülmüşdür və borclu ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatətlə də məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək, hesab edir ki, şikayətdə göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas sayıla bilməz. Borclu şikayətində məhkəmə əmrinin poçt vasitəsi ilə ona göndərilmədiyini və digər qaydada təqdim edilmədiyini göstərmişdir. İş materiallarının 18-ci vərəqəsində olan məhkəmə qəbzindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 10.02.2017-ci il tarixli, 2(067)-1191/2017 saylı məhkəmə əmrinin surətini 15.04.2021-ci il tarixdə Borclu1 məhkəmə qəbzinə imza etməklə şəxsən almışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu1 şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(067)-1191/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2505/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2505/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver