Məhkəmə qərarları › İş №2(105)-2507/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2507/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2507/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli e-2(060)- 3884/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli e-2(060)-3884/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, əsas borc üzrə 1013,41 manat, faiz borcu üzrə 311,83 manat olmaqla, cəmi 1325 (min üç yüz iyirmi beş) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3884/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən 1013,41 manat əsas borc, 311,83 manat faiz borcu olmaqla, cəmi 1325,24 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd edilən qətnaməsini əsassız hesab edir. Bildirir ki, işə baxılarkən işin faktiki halları, işdə olan dəlillər düzgün araşdırılmamış və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə iddia müddətini tətbiq etməmişdir. Belə ki, tərəflər arasında müqavilə 05 yanvar 2018-ci il tarixdə bağlanmış, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3884/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. PROSESSUALMƏSƏLƏLƏR: İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə iclaslarına iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RK/63362/61 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 28%- lə, 1120 manat kredit vermişdir. Kreditin cavabdehə verilməsini işdə olan eyni tarixli ödəniş tapşırığı təsdiq edir. İş materiallarıqnda olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya hər ay 46,33 manat, sonuncu ay isə 47,20 manat ödəniş etməlidir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya həmin tarixə 1013,41 manat əsas borcu, 311,83 manat faiz borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 34 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Azərbaycan Respublikası Mülki Məcəlləsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Müəyyən edilmişdir ki, cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən iddia ərizəsində göstərilmiş məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Lakin hazırki apellyasiya şikayətində cavabdeh qətnamənin düzgün hesab etmədiyi əsaslarını göstərməmiş, yalnız ümumi ifadələrlə qətnaməni düzgün saymadığını bildirmişdir. Apellyasiya şikayətində cavabdeh idjdia müddətinin tətbiq edilməli olduğunu qeyd edərək göstərmişdir ki, məhkəmə iddia tələbi üzrə iddia müddətini tətbiq etməmişdir. Belə ki, tərəflər arasında müqavilə 05 yanvar 2018-ci il tarixdə bağlanmış, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə, 36 ay müddətinə bağlanılmışdır, yəni kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitir və ondan sonra üç il müddətində iddia qaldırıla bilər. Ona görə də iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3884/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(060)-3884/2022 saylı dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar