Məhkəmə qərarları › İş №2(105)-2510/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2510/2022

13.12.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2510/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(060)-5397/2022 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(060)-5397/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(060)-5397/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci il təvəllüdlü atası Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6747/2019 nömrəli xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Maraqlı şəxs2 ünvan 1 ünvanında yerləşən 59 nömrəli mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən də göründüyü kimi həmin mülki iş zamanı məhkəmə iclasında iddiaçı X2, Ərizəçi və X3 tərəfindən dəvət edilmiş şahid X6 izahat verərək bildirmişdir ki, iddiaçı Laçın Vəliyeva ilə 10 ildən artıqdır ki, qonşudur. Cavabdeh Maraqlı şəxs2 2009-cu ildən Türkiyə Respublikasına daimi əsaslarla köçüb və ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində yaşamır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X4 şahid X1 izahatına uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Laçın Vəliyeva ilə uzun müddətdir ki, qonşudur və Maraqlı şəxs2 10 ildən artıqdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində yaşamır. Hazırda nənəsi X2 vəfat edib və onun mülkiyyətində olan Sumqayıt şəhəri 9-cu mkr ev 11A/12 ünvanında yerləşən 59 nömrəli mənzil ondan miras qalmışdır. Atası Maraqlı şəxs2 nənəsinin vərəsəsidir. Hazırda vərəsənin yeri məlum olmadığından mirasın qəbulunda çətinliklər yaranır, həmin şəxs ilə heç bir əlaqələri yoxdur . İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLAR İ Məhkəmə kollegiyasının iclasında ərizəçi X5 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi qətnaməni qət edərkən maddi hüquq normalarını düzgün tətbiq etməyərək əsassız və qanunsuz qətnamə qət etmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin, şəxsin Türkiyə Respublikasına getməsi və onun harada olması barədə məlumatların olmaması barədə göstərdikləri xəbərsiz itkin düşmüş hesab edilməsi tələb edilən şəxsin hazırda Türkiyə Respublikasında yaşayıb-yaşamamasını yoxlamadan bu qənaətə gəlinməsi üçün əsas hesab edilə bilməz. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə nə qədər ki ərizəçiyə şəxsin Türkiyə Respublikasına getməsi məlumdur, onun göstərdikləri xəbərsiz itkin düşmüş hesab edilməsi yalnız həmin şəxsin Türkiyə Respublikasında olmaması ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Bu isə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqavilə çərçivəsində ərizəçi və yaxud hüquq mühafizə orqanlarının sorğularına əsasən əldə edilə bilinsə də bununla bağlı heç bir müraciət edilməmişdir. Göründüyü kimi ərizəçidə şəxsin Türkiyə Respublikasına getməsi barədə məlumat olsa da onun nə ölkə ərazisində axtarışı, nə də ki, Türkiyə Respublikası ərazisində axtarışı maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Hesab edir ki birinci inistansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(060)-5397/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, ərizəçinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(060)-5397/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan XVİ-JQ seriyalı, 463032 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuş, atası Maraqlı şəxs2dur. Müəyyən edilmişdir ki, Maraqlı şəxs2 ərizəçinin atasıdır, sonuncu 2009-cu ildə Türkiyə Respublikasına köçərək yaşadığı mənzili tərk etmiş, həmin vaxtdan onun barəsində heç bir məlumat yoxdur. On ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində ərizəçi tərəfindən şəxsin axtarılması ilə bağlı heç bir hərəkət edilməmiş, itkin düşməsi və ya ölümü ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün şəxsin olduğu yerin məlum olmaması və onun barəsində iki il ərzində məlumatın olmaması tələb olunur. İşin hallarında göründüyü kimi ərizəçi şəxsin daimi əsaslarla Türkiyə Respublikasına getdiyini, həmin vaxtdan onun barəsində məlumat olmaması əsası ilə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin, şəxsin Türkiyə Respublikasına getməsi və onun harada olması barədə məlumatların olmaması barədə göstərdikləri xəbərsiz itkin düşmüş hesab edilməsi tələb edilən şəxsin hazırda Türkiyə Respublikasında yaşayıbyaşamamasını yoxlamadan bu qənaətə gəlinməsi üçün əsas hesab edilə bilməz. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə nə qədər ki ərizəçiyə şəxsin Türkiyə Respublikasına getməsi məlumdur, onun göstərdikləri xəbərsiz itkin düşmüş hesab edilməsi yalnız həmin şəxsin Türkiyə Respublikasında olmaması ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Bu isə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqavilə çərçivəsində ərizəçi və yaxud hüquq-mühafizə orqanlarının sorğularına əsasən əldə edilə bilinsə də bununla bağlı heç bir müraciət edilməmişdir. Göründüyü kimi ərizəçidə şəxsin Türkiyə Respublikasına getməsi barədə məlumat olsa da onun nə ölkə ərazisində axtarışı, nə də ki, Türkiyə Respublikası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar barədə əsaslı şübhədən kənar müvafiq mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçinin hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində onun hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Bundan başqa müəyyən edilmişdir ki, apellyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək ərizənin təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(060)-5397/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ərizəçi apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar