Məhkəmə qərarları › İş №2(105)-252/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-252/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-252/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-88/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-88/2020 saylı qətnaməsi ilə (hakim A.Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh 213889 manat pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 213889 manat məbləğində əmlakın dəyərinin, 10694,45 manat məbləğində faiz borcunun, 10694,45 manat məbləğində əldən çıxmış faydanın və 31 manat dövlət rüsumu və bank xərci olmaqla, cəmi 235308,90 manat məbləğində pul vəsaitinin cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC-də xx xxxxxx 2011-ci ildən Məişət və Keramika Əşyaları satışı şöbəsində satış üzrə menecer vəzifəsində çalışmaqla ona etibar olunmuş, çalışdığı şirkətə məxsus ümumi dəyəri 235 437 manatlıq məişət texnikası olan malları İddiaçı QSC-dən götürmüş və bundan həmin malların ayrı-ayrı şəxslərə topdan və pərakəndə satışını həyata keçirmiş, həmin malların dəyərini şirkətin xəzinəsinə təhvil verməməklə İddiaçı QSC-yə bu məbləğdə ziyan vurmuşdur. Cavabdeh İddiaçı QSC arasında bağlanmış xx.xx.2011-ci il tarixli tam məsuliyyət haqqında müqavilə üzrə o, şirkət tərəfindən ona satılması üçün etibar olunmuş qiymətli əmlaklarla bağlı öz üzərinə tam məsuliyyət götürmüşdür. Cavabdeh ilə “İddiaçı» QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 007 saylı üzləşmə aktına əsasən onun şirkətə xx.xx.2015-ci il tarixə olan borcu 235437 manat olmuşdur. Həmçinin onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən şirkətə xx.xx.2015-ci il tarixə olan borcu 235.437 manat olmaqla borc verənin sərəncamında olan həmin məbləğdə mal-materiallarını geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissəhissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 01.09. 2015-ci il tarixdən Cavabdeh şirkətə olan 235437 manat borcundan cəmi 475 manat ödəmiş, 21073 manatlıq malı şirkətə qaytarmışdır. Cavabdehin İddiaçı QSC-yə verdiyi xx.xx.2016-cı il tarixli yanvar ayı üçün malpul hesabatına əsasən cavabdehin şirkətə xx.xx.2016-cı il tarixə olan borcu 213889 manat olmuşdur. İddiaçı QSC Cavabdeh dəfələrlə müraciət etsə də, ondan müsbət cavab ala bilməmiş, o, şirkətə olan borcunu ödəməmişdir. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni həll edərkən işin bütün faktiki hallarını tam və hərtərəfli araşdırmamış, çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuş, bunların nəticəsində isə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Mübahisənin araşdırılmasına tərəf kimi o, cəlb edilməmiş, məhkəmə iclasında izahatı alınmamışdır. İddiaşının istinad etdiyi sənəd onun tərəfindən başqa məhkəmədə mübahisələndirilmiş, həmin iş üzrə yekun məhkəmə qətnaməsinin qəbul edilməsini gözləmədən qanunsuz nəticəyə gəlmişdir. Halbuki, istinad edilən sənəd digər məhkəmə araşdırılması nəticəsində etibarsız hesab edilərsə, hazırkı tələbin bu qaydada həll edilməsi mümkün deyildir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh vəkili və nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək onun təmin edilməsini, Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-88/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iştirak etdiyi əvvəlki məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi olmuş X4 apelyasiya şikayətinə etiraz edib göstərdi ki, cavabdeh işin gedişatını uzadır, məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün əsassız iddialar qaldırır. Sonuncu məhkəmə iclasında müəyyən edildi ki, nümayəndənin səlahiyyət müddəti artıq birmişdir. Ona görə də məhkəmə baxışı zamanı onun izahatı alınmadı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşə əlavə edilmiş İddiaçı QSC-nin Nizamnaməsindən və digər təsis sənədlərdən görünür ki, Cəmiyyət kommersiya fəaliyyətini həyata keçirən təsərrüfat subyektidir. Yenə işə əlavə edilmiş İddiaçı QSC-nin baş direktoru X3 ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh məişət əşyaları və satışı şöbəsində satış meneceri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin baş direktoru X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli tam maddi məsuliyyət barədə müqavilədən görünür ki, satış meneceri vəzifəsində çalışan və bilavasitə həmin şöbənin mallarının satışını həyata keçirən Cavabdeh ona şirkət tərəfindən etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün öz üzərinə tam maddi məsuliyyəti götürür. Yenə iş materiallarında olan xx.xx.2015-ci il tarixli, ambardan alınan mal- materiallara görə 007 saylı üzləşmə aktından görünür ki, xx.xx.2015-ci il tarixə maddi məsul şəxs Cavabdeh İddiaçı QSC-yə borcu 235437 manat təşkil edir. İşdə olan xx.xx.2015-ci il tarixli, 007 saylı mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, borclu bir il ərzində bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə borc verənə sərəncamında olan ümumi dəyəri 235437 manat məbləğində malmaterialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürür. Yenə işdə olan xx.xx.2015-ci il tarixli, 007 saylı üzləşmə aktından görünür ki, xx.xx.2015-ci il tarixə maddi məsul şəxs Cavabdeh İddiaçı QSC-yə ambardan alman malmateriallara görə borcu 235437 manat məbləği təşkil edir. İşə əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 007 saylı borcun etirafı haqqında müqavilədən görünür ki, borclu bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə borc verənə sərəncamında olan ümumi dəyəri 235437 manat məbləğində mal-materialı geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürür. Yenə işə əlavə olunmuş xx.xx.2016-cı il tarixli üzləşmə aktından görünür ki, maddi məsul şəxs Cavabdeh İddiaçı QSC-yə ambardan alman mal-materiallara görə borcu 213889 manat məbləği təşkil edir. İşdə olan İddiaçı QSC üzrə xx.xx.2016-cı il tarixli, 35-K saylı əmrdən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə həmin tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “c” bəndlərinə əsasən xitam verilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-308\2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə qarşı borcun etirafı haqqında xx.xx.2015-ci il tarixli müqavilələrin, xx.xx.2015-ci il tarixli üzləşmə aktının və xx.xx.2016-cı il tarixli ödəniş cədvəlinin etibarsız hesab edilməsi tələbinə dair idiası təmin edilməmişdir. Yenə işə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-360/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə qarşı borcun etirafı haqqında xx.xx.2015-ci il tarixli müqavilələrin, xx.xx.2015-ci il tarixli üzləşmə aktının və xx.xx.2016-cı il tarixli ödəniş cədvəlinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yenə də işə əlavə edilmiş elektron portaldan şıxarışdan məlum olur ki, AR Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh həmin qətnamədən kassasiya şikayəti təmin edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-88/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı QSC ilə xx xxxxxx 2011-ci ildən əmək müqaviləsi bağlamaqla orada satış üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, ona etibar olunmuş, çalışdığı şirkətə məxsus ümumi dəyəri 235 437 manatlıq məişət texnikası olan malları İddiaçı QSC-dən götürmüş və bu malların ayrı-ayrı şəxslərə topdan və pərakəndə satışını həyata keçirmişdir. Cavabdeh İddiaçı QSC arasında bağlanmış xx.xx.2011-ci il tarixli tam məsuliyyət haqqında müqavilə üzrə o, şirkət tərəfindən ona satılması üçün etibar olunmuş qiymətli əmlaklarla bağlı öz üzərinə tam məsuliyyət götürmüşdür. Lakin iş materiallarından görünür ki, Cavabdeh həmin malların dəyərini şirkətin xəzinəsinə tam keçirməmiş, bununla da İddiaçı QSC-yə bu məbləğdə ziyan vurmuşdur. Cavabdeh ilə İddiaçı» QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 007 saylı üzləşmə aktına əsasən şirkətə xx.xx.2015-ci il tarixə olan borcu 235437 manat olmuşdur. Həmçinin onun İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən şirkətə xx.xx.2015-ci il tarixə olan borcu 235437 manat olmaqla borc verənin sərəncamında olan həmin məbləğdə mal-materiallarını geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdən Cavabdeh şirkətə olan 235437 manat borcundan cəmi 475 manat ödəmiş, 21073 manatlıq malı şirkətə qaytarmışdır. Cavabdehin İddiaçı QSC-yə verdiyi xx.xx.2016-cı il tarixli “yanvar ayı üçün mal-pul hesabatı”-na əsasən cavabdehin şirkətə xx.xx.2016-cı il tarixə olan borcu 213889 manat olmuşdur. Bundan sonra, Cavabdeh İddiaçı QSC-yə qarşı borcun etirafı haqqında xx.xx.2015-ci il tarixli müqavilələrin, xx.xx.2015-ci il tarixli üzləşmə aktının və xx.xx.2016-cı il tarixli ödəniş cədvəlinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxx 2017-ci il tarixli qətnaməsilə iddia təmin edilməmişdir. İşdə olan məlumatlardan görünür ki, onun iddiasının təmin edilməməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur, başqa sözlə, xx.xx.2015-ci il tarixli müqavilələr, xx.xx.2015-ci il tarixli üzləşmə aktı və xx.xx.2016-cı il tarixli ödəniş cədvəli hazırda qüvvədədir. Bu sənədlərə əsasən isə cavabdehin iddiaçı şirkətə ödəmədiyi malların dəyəri olan 213889 manat borclu olduğu və öhdəlik daşıdığı müəyyən olunur. AR Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq və s. aid edilmişdir. Yenə həmin Məcəllənin 11-ci maddəsinə görə əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları sırasına bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək və s. daxil edilmişdir. İstinad olunan maddi hüquq normalarının əsas dispozitiv şərtlərindən göründüyü kimi qanunverici istər işəgötürənin, istərsə də işçinin hüquq və vəzifələrini dəqiq müəyyən etməklə bir-birinə münasibətdə bərabərliklərini təmin etmişdir. İşçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək işəgötürənin hüququ kimi müəyyən edilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi cavabdeh işçi kimi hüquqlarından istifadə edərək işəgötürən qarşısında olan əmək müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməmiş, bununla da işəgötürən olaraq iddiaçı ümid etdiyi gəlirdən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarındakı mötəbər sübutlardan görünür ki, əmək müqaviləsi əsasında İddiaçı QSC-də satış meneceri vəzifəsində işləmiş Cavabdeh ambardan alınan malmateriallara görə 213889 manat borcunun olduğunu etiraf etmiş, bu barədə xx.xx.2016-cı il tarixli üzləşmə aktını imzalamışdır. Sonradan bu sənədlər Cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, son nəticədə onların etibarsızlığı barədə dəlil öz təsdiqini tapmamışdır, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Beləliklə də, iş materiallarından görünür ki, onun tərəfindən şirkətə həmin məbləğdə ziyan vurulmuş, özü isə əsassız varlanmışdır və bu ziyanın əvəzi ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin tələblərinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Yenə həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə əmək münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Beləliklə də məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, cavabdeh əmək müqaviləsi nəticəsində onun tərəfindən dəymiş maddi zərərin əvəzini iddiaçıya ödəməlidir və mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, habelə qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yekunda mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-88/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar