Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-252/2024 09.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilin 7/10 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilin 7/10 hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)- 634/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsi xüsusi mülkiyyət növü üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəymiş və ev qəzalı evlər siyahısına daxil edilmişdir. Həmin evin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni inşa olunmuş 110 mənzilli binanın 8 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən, iddiaçının qardaşının arvadı Cavabdeh verilmişdir.
3. Şamaxı şəhəri, 8 Noyabr küçəsi, ev 16-18, 20- 22, mənzil 8 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83,40 kv.metr olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət növü üzrə Cavabdeh adına qeydə alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110 mənzilli binanın 8 saylı mənzilinin 7/10 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində həmin ev yararsız, qəzalı vəziyyətə düşmüş evlərin siyahısına alınmış, bunun əvəzində isə M.Hadi küçəsi 110 mənzilli binanın 8-ci mənzili tikilərək onlara verilmişdir. Lakin, həmin evdə yaşayan cavabdeh heç bir əsas olmadan, evi bütövlükdə öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, şərikli mülkiyyətdə olan qəzalı evin əvəzinə tikilən mənzil sahəsi də, paylara uyğun bölünməli və onların mülkiyyətinə verilməlidir. Yəni, yeni tikilmiş mənzilin 7/10 hissəsi onun mülkiyyətinə verilməlidir.
6. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsi xüsusi mülkiyyət növü üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Cəfər Məmmədova ünvanlanmış məktubda göstərilir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş ünvan 2 saylı evə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və ev qəzalı evlər siyahısına daxil edilmişdir. Həmin evin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni inşa olunmuş 110 mənzilli binanın 8 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən, qardaşınızın arvadı Cavabdeh verilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilir ki; “xx.xx.2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evinizə ziyan dəyməsi nəzərə alınaraq, X3 tərəfindən Sizə yeni evin tikintisinə qərar verilmişdir”.
9. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii fəlakət nəticəsində evə ziyan dəyməsi nəzərə alınaraq, Cavabdeh yeni tikili binadan mənzil verilməsinə etiraz etmir.
10. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhəri, 8 Noyabr küçəsi, ev 16-18, 20- 22, mənzil 8, (yeni qaydalarla Şamaxı şəhəri, 8 Noyabr küçəsi 16, M 2, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 83,40 kv.metr olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət növü üzrə Cavabdeh adına qeydə alınmışdır.
11. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-634/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində mübahisə predmeti olan evə ziyan dəyməsi nəzərə alınaraq, X3 tərəfindən Cavabdeh yeni inşa edilmiş binadan mənzil verilmiş və həmin mənzil cavabdehin xüsusi mülkiyyətində olduğundan, iddiaçının hazırda həmin mənzilə mülkiyyət hüququnun tanınması üçün əsaslar müəyyən olunmur.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1, 152.1, 157.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özünün yaşayış evinə olan mülkiyyət hüququndan imtina etməmişdir. İddiaçı yalnız yeni tikili binada cavabdehə mənzil verilməsinə etirazının olmadığını qeyd etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, həmin fərdi yaşayış evinin əvəzində verilən mənzilin də 7/10 hissəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin Şamaxı şəhəri, 8 Noyabr küçəsi, ev 16-18, 20- 22, mənzil 8, (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə yalnız cavabdehin adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsi bu faktlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh də iddia tələbinə etirazını əsaslandıra bilməmişdir. İddiaçı təbii fəlakət nəticəsində yararsız hala düşmüş fərdi yaşayış evinin paylı mülkiyyətçisi olduğundan, həmin evin əvəzində verilən mənzilə də eyni qaydada paylı mülkiyyət hüquqları qeydə alınmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin əvəzində verilən mənzilə iddiaçının eyni qaydada pay hüquqları tanınmalıdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və onun bacısı yeni tikilmiş binadan onun üçün ev verilməsinə etiraz etmədiklərini bildirmişlər. Mübahisələndirilən evin iddiaçıya aidiyyəti yoxdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...)
21. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
23. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
24. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
28. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/10 hissəsi xüsusi mülkiyyət növü üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə ziyan dəymiş və ev qəzalı evlər siyahısına daxil edilmişdir. Həmin evin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni inşa olunmuş 110 mənzilli binanın 8 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən, iddiaçının qardaşının arvadı Cavabdeh verilmişdir. Şamaxı şəhəri, 8 Noyabr küçəsi, ev 16-18, 20-22, mənzil 8 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83,40 kv.metr olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət növü üzrə Cavabdeh adına qeydə alınmışdır.
29. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Şamaxı şəhəri, M.Hadi küçəsində yerləşən 110 mənzilli binanın 8 saylı mənzilinin 7/10 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Göründüyü kimi mövcud iddia üzrə iddiaçının hüquqi marağı 7/10 hissədə mülkiyyət hüququ olan və zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin əvəzinə verilmiş mübahisəli mənzil üzərində cavabdehin tam olaraq mülkiyyət hüququnun qeydə alınmasının düzgün olmaması, həmin mənzil üzərində onun da mülkiyyət hüququnun qeydə alınmasıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiada göstərilən əsasla cavabdehin adına daşınmaz əmlakın qeydiyyatının düzgün aparılmaması hüquqları qeydə alan inzibati orqanın hərəkətləri ilə əlaqədar mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir.
32. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
33. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda, Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan halını nəzərə almadan işə mahiyyəti üzrə baxmışdır.
34. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-634/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.