Məhkəmə qərarları › İş №2(105)-2522/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2522/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2522/2022 06.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı İB Cavabdeh qarşı "debitor borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 408,70 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsi ilə İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakim B.Ələkbərov). Qətnamədən İddiaçı İB oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X2 bildirdi ki, qeyd olunan nöqsanlar aradan qaldırılaraq, yenidən apellyasiya şikayəti veriləcəkdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilən apellyasiya şikayəti MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş (MPM-ə 2 saylı əlavəyə uyğun) formada verilməmiş, bununla da, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, apellyasiya şikayəti MPM-in daha öncə sadalanan tələblərinə cavab vermir. Belə ki, iş materiallarında olan ilkin apellyasiya elektron kabinet və elektron imza vasitəsilə verilməmiş, növbəti apellyasiya şikayəti isə elektron imza vasitəsilə imzalanmamış, daha doğrusu şikayəti imzalayan şəxsin adı, soyadı və ata adı göstərilməmişdir. Bu da hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılmaq üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilən apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilən apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırkı halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(059)-436/2022 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar