Məhkəmə qərarları › İş №2(105)-2524/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2524/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2524/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh X5 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2689/2021 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2689/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2689/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı2 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən diş protezinin düzəldilməsi məqsədi ilə borca alıb ödədiyi 300 manat, 9 ay 30 manatdan faiz pulu olaraq ödədiyi 270 manat, 30 manat dövlət rüsumu və 1000 manat mənəvi ziyana görə, cəmi 1600 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə həyat yoldaşı X2 diş protezini yenisi ilə əvəz etmək üçün 300 manat nağd pul vermiş, lakin cavabdeh nə bu günə kimi diş protezini düzəltmiş, nə də aldığı pulu geri qaytarmamışdır. O özünün pulu olmadığı üçün hər ay faizini ödəməklə borca götürmüş və hər ay 30 manat faiz ödəyir. Bu barədə cavabdehə dəfələrlə müraciət etsə də hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadaraq nə diş protezini düzəltmiş, nə də pulu geri qaytarmışdır. Cavabdeh söz verdiyi vaxtda diş protezini düzəltmədiyindən artıq 9 aydan çoxdur ki, həyat yoldaşı normal qida qəbul edə bilmir və bu səbəbdən onun sağlamlığında çox ciddi problemlər əmələ gəlmişdir. Xeyli müddət əvvəl irad və təkidlərdən sonra həyat yoldaşının çənəsinə uyğun gəlməyən və çox güman ki, kiminsə protezini pul əvəzi kimi təklif etsə də ölçüsü düz gəlmədiyindən tərəfindən özünə qaytarılmışdır. Sonuncu dəfə 15.02.2020-ci il tarixdə cavabdehdən ödədiyi pulu geri qaytarmasını tələb edəndə cavabdeh səbəbsiz yerə onu təhqir edərək pulu qaytarmayacağını bildirmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə və 4-cü polis bölməsinə şikayətlə müraciət etmiş, lakin onlar məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə düzəliş barədə ərizə təqdim edərək cavabdehdən yalnız 300 manatın və 270 manat faiz məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3436/2020 saylı, 13.10.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2689/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3436/2020 saylı, 13.10. 2020-ci il tarixli qiyabi qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, qətnamə icraya yönəldilmiş, lakin sonradan cavabdehin ərizəsinə əsasən həmin qətnamə ləğv edilmişdir. Qətnamədə iddia ərizəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən düzəlişə təşəbbüsün guya onun tərəfindən edildiyi qeyd olunmuşdur. Bu da doğru deyildir çünki, təklif onun deyil, hakimin özü tərəfindən, cavabdehin adından verilmişdir və görünür ki, bu da məhkəmə iclaslarından kənar onun təhriki ilə edilmişdir. Qətnamədə məhkəmə haqlı olaraq tələbin hüquqi əsası kimi 25.01.2020-ci il tarixli qəbzə və şahid ifadəsinə əsaslandığı, lakin "xxxx" MMC-yə 180 manat pulun Xatirə Süleymanova tərəfindən ödənildiyindən həmin qəbzin tələbin əsası olduğunu sübut edə bilmədiyi qənaətinə gəldiyindən və qəbzdəki pulun guya iddiaçı tərəfindən ödənilmədiyindən 13.10. 2020-ci il tarixdə onun xeyrinə özünün qəbul etdiyi qiyabi qətnaməni özü də ləğv edərək, cavabdehin xeyrinə əsası olmayan başqa bir qətnamə qəbul etmişdir. Xatirə Süleymanova onun həyat yoldaşıdır, onu "xxxx"ə özü aparıb, ödənişi də o edib. Bunu həmin an yanında olan şahid Əlibala Tağıyev də öz ifadəsi ilə məhkəmədə də təsdiq etmişdi. Həmin pulu borca da o alıb. Cavabdehin ona və ailəsinə qarşı etdiyi dələduzluğa görə o, indi də borc faizi olaraq hər ay 30 azn ödədiyindən təkcə faiz borcu hər ay artaraq iddia ərzəsini yazdığı vaxta qədər olan 270-dən 630 azn-ə qədər yüksəlmişdir. Qiyabi qətnamənin qəbuluna da o, bu faiz borcunu ödəməmək xətrinə razılaşmışdı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2689/2021 saylı qətnaməsinin ləğv edilməsini və cavabdehə nağd verdiyi 300 manat, 270 manat 09.04.2020-ci ildə qaldırdığı iddiaya qədər faiz borcu, 09 aprel 2020-ci il tarixdən 09 iyun 2021-ci il tarixə qədər 13 aya hər ay 30 manatdan 390 manat borcun faizi, 1000 manat ailəsinə vurulmuş mənəvi ziyana görə və 30 manat ödədiyi məhkəmə xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh X5 lazımi qaydada xəbərdarlıq edilsə də o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində cavabdeh X4 nümayəndəsi və vəkili X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. İddiaçı cavabdehdən müəyyən məbləğdə pul tələb etsə də həmin pulun tələb edilməsi ilə bağlı heç bir sübutu yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan ĞĞY seriyalı 203610 nömrəli 25.01.2020-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, "xxxx" MMC-yə (VÖEN: **********) Süleymanova Xatirə adından 180 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödməyi öhdəsinə götürür (752.1). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir (752.2). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (759.2). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. İddiaçı bu müqavilə üzrə podratçının öz vəzifələrini düzgün yerinə yetirməyərək görülən işin qüsurlu olduğuna əsaslanaraq cavabdehdən ona ödənilmiş müəyyən məbləğdə pulun geri qaytarılmasını tələb edir. İş materiallarından görünür ki, iddiaçı tələbinin hüquqi əsası kimi 25.01.2020-ci il tarixli qəbzə və şahid ifadəsinə əsaslanmışdır. Qeyd edilən qəbzdə Xatirə Süleymanova tərəfindən "xxxx" MMC-yə 180 manat pul ödənildiyi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin qəbz tələbin əsaslı olduğunu sübut edə bilməz. Belə ki, qəbzdə pulun iddiaçı tərəfindən deyil, Xatirə Süleymanova tərəfindən ödənildiyi qeyd edilmişdir. Eyni zamanda həmin qəbz cavabdehin həqiqətən iddiaçıya qüsurlu xidmət göstərməsi, bunun nəticəsində iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borcu olmasını təsdiq edə bilməz. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının sübut hesab etdiyi şahid ifadəsindən görünür ki, şahid iddiaçı ilə cavabdeh arasında olan söhbətlərdə birbaşa iştirak etməmiş, sadəcə iddiaçının həyat yoldaşına diş protezi düzəltmək üçün cavabdehə hansısa pul məbləği ödədiyinin şahidi olduğunu bildirmiş, öz ifadəsini iddiaçının bildirdiyi məlumatlar əsasında vermişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia etdiyi pulu cavabdehə verməsinə dair hər hansı bir mötəbər sübüt təqdim edə bilməmişdir. Bundan başqa iş materiallarından göbrünür ki, iddiaçı 180 manat pulu cavabdehə deyil, "xxxx" MMC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil. iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın təmin edilməməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Eləcə də apellyasiya şikayətindən görünür ki, iddiaçı eləcə də cavabdehə 270 manat 09.04.2020-ci ildə qaldırdığı iddiaya qədər faiz borcu, 09 aprel 2020-ci il tarixdən 09 iyun 2021-ci il tarixə qədər 13 aya hər ay 30 manatdan 390 manat borcun faizinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir, halbuki onun belə bir iddiası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2689/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar