Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2524/2022 08.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçılar X6 və X3 cavabdehlər X2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərardadlarından iddiaçılar X6 və X5 tərəfindən verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X4 və X3 Sumqayıt şəhəri, Corat bağlar sahəsində 1274 «B» saylı bağın 0,1025 ha sahəsinə dair Sumqayıt şəhər 1 saylı Notariat Kontoru tərəfindən cavabdeh X1 adına verilmiş 09 avqust 2017-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərardadı ilə qətnamədən iddiaçılar X4 və X3 vəkili Vəkil tərəfindən verilən apellyasiya şikayəti elektron formada verilmədiyindən geri qaytarılmışdır. Bu qərardaddan İddiaçı tərəfindən verilən şikayət yenə elektron formada verilmədiyindən məhkəmənin bu iş üzrə 20 iyul 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçılar ayrı-ayrılıqda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərardadları ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpası barədə iddiaçılar X6 və X5 tərəfindən verilən ərizələr təmin edilməmişdir. (hakim Ə.Ələkbərov) Qərardadlardan müvafiq olaraq iddiaçılar X6 və X5 tərəfindən verilmiş şikayətlər Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qərardadları ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası AR MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərardadları ləğv olunmalı, ərizə təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçılar X6 və X5 tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülməmiş hesab olunmalıdır. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, iddiaçı Oqtay Qarayev qətnaməni məhkəmə qəbzini şəxsən imzalamaqla 17 may 2022-ci il tarixində əldə etmişdir. Bundan sonra nümayəndə Vəkil tərəfindən verilən apellyasiya şikayəti məhkəmənin 17 iyun 2022-ci il tarixli qərardadı ilə prosessual qanunvericiliyin forma və məzmun tələbinə əsasən geri qaytarılmışdır. Bu zaman sonuncu həmin qərardaddan şikayət vermiş, həmin şikayət də məhkəmənin bu iş üzrə 20 iyul 2022-ci il tarixli qərardadı ilə yenə eyni əsasla geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı Mahirə Qarayeva ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmiş və qətnaməni əldə etmişdir. Bundan sonra yuxarıda sadalanan hallardan da məlum olduğu kimi iddiaçılar tərəfindən ayrı-ayrılıqda qətnamədən daha öncə məhkəmə qərardadında qeyd olunan prosessual nöqsanlar aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizələr təqdim edilmiş, məhkəmə isə ərizələri əsassız hesab edərək təmin etməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini qəbul etməyən kollegiya aşağıdakların qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər İşdən görünür ki, iddiaçılar qətnaməni rəsmi qaydada aldığı tarixdən vaxtında mübahisələndirmiş, lakin işə baxan məhkəmə şikayəti prosessual əsasla geri qaytarmış, habelə bu barədə qərardaddan verilən şikayət də yenə eyni əsasla geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçıların məhkəmə aktını vaxtında mübahisələndirməsi müəyyənləşir, belə olan halda isə prosessual müddət ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda iddiaçıların qətnamədən verdiyi apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddət daxilində verilməməsi əsası ilə geri qaytarılmasına heç bir zərurət yoxdur. İş materialları ilə müəyyən olunur ki, apellyantlar qətnaməni rəsmi qaydada aldığı tarixdən 1 ay müddət ərzində mübahisləndirmiş, heç bir prosessual müddəti pozmamışdır. Hətta daha sonra yuxarıda sadalanan prosessual ardıcıllıqla məhkəmə aktlarından şikayət verilmiş, başqa sözlə iddiaçılar mövcud qətnamə ilə barışmamışlar. Sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçılar tərəfindən verilən prosessual müddətin bərpası barədə ərizələrin təmin edilməməsi və apellyasiya şikayətlərinin bu əsaslarla geri qaytarılması ədalətli yanaşma hesab edilə bilməz. Eləcə də, bu hal hər hansı ciddi zərurət olmadan tərəflərin prosessual hüquqlarının məhdudlaşmasına xidmət etdiyindən kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hazırki halda iddiaçıların apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması barədə gətirdiyi səbəbi üzrlü hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların müddətin bərpası barədə ərizələrini təmin etməməklə, həmçinin onların apellyasiya şikayətlərini geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayətlər təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Ərizələr təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçılar X6 və X5 tərəfindən apellyasiya şikayətlərinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2524/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2524/2022
08.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver