Məhkəmə qərarları › İş №2(105)-562/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-562/2023

27.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-562/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X5 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-9/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı1 ünvanlanmış xx.xx.2019-ci il tarixli məktubundan görünür ki, onun iştirakı ilə idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, onun istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağları ərazisi 2174B ünvanı ilə Sumqayıt XDS İK-nin bağlar təsərrüfatı idarəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 2127 nömrəli bağ torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Sonradan torpaq sahəsi vərəsəlik şəhadətnamələri əsasında vərəsələrin adına qeydiyyata alınmış və iki hissəyə bölünərək özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası 15 saylı Hüquq məsləhətxanasına ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin 14 avqust 1998-ci il tarixli 8305 nömrəli icarə müqaviləsi və 11 iyul 2008-ci il tarixli A № 061636 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi ünvanında yerləşən 2171a nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində 08 sentyabr 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə X3 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin 18 may 1978-ci il tarixli 2127 nömrəli icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi ünvanında yerləşən 2174B nömrəli bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 05 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhər 1 saylı notariat kontorunun 09 avqust 2017-ci il tarixli 2V-144 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin 28 noyabr 2006-cı il tarixli 43 nömrəli qərarı, 14 dekabr 2006-cı il tarixli 441 qeydiyyat nömrəli torpaqların alqı-satqı müqaviləsinə dair akt və 15 yanvar 2007-ci il tarixli 714 qeydiyyat nömrəli torpaq sahəsinin kadastr planına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanında yerləşən 2174K nömrəli bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 19 aprel 2007-ci il tarixdə ********* qeydiyyat nömrəli çıxarış ilə X6 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. 22 oktyabr 2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi üzərində yerləşən bağ evinin hüquqları qeydiyyata alınmışdır. Bu zaman texniki səhv olaraq 2174K saylı torpağın ünvanı 2147K kimi göstərilmişdir. Sumqayıt şəhəri Corat bağlar massivi ünvanında yerləşən 2147K saylı bağ evi 1 saylı notariat kontorunun 28 oktyabr 2017-ci il tarixli 4Ə-03-679 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1980-cı il tarixdə ölmüş Cavabdeh1 vərəsəsi Sumqayıt şəhəri, Corat qəs., ev 245-də qeydiyyata olan arvadı – X17, oğlu – X19, qızı – X24 və qızı – Cavabdeh2dır və onlar hər biri ¼ hissədə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 verilmiş **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2174B ünvanında yerləşən ümumi sahəsi 0.1025 ha olan torpaq sahəsindən ibarətdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1980-cı il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2174B saylı torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı2 tərəfindən xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlarları massivində, Dəniz kənarı yoldan birinci sırada yerləşən və Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 0.10. ha torpaq sahəsinin yarısının (0.05 ha) vətəndaş X10 xeyrinə imtina etməsi ilə bağlı müraciət edilmiş və bununla əlaqədar notariat hərəkəti aparılmışdır. Sumqayıt Bələdiyyəsinin hazırki işlə bağlı məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərinə əsasən “Corat” bağları massivində yerləşən 2174B saylı bağ torpaq sahəsi vətəndaş Cavabdeh1 ilə keçmiş Bağ təsərrüfatı sahəsi arasında bağlanılmış 18 may 1978-ci il tarixli, 2121 saylı torpaq icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin arxiv sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılmaq üçün Bələdiyyə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Sumqayıt Bələdiyyəsininn arxiv sənədlərində “Corat” bağları massivində yerləşən 2174 saylı bağ torpaq sahəsi X7 və X11 adlarına qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırki işlə bağlı məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən İddiaçı1 və X8 adlarına Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında bağ torpaq sahəsinin, bağ evinin qeydiyyata alınması barədə məlumat, Sumqayıt Bələdiyyəsindən təhvil alınmış arxivdə sözügedən şəxslərin adlarına icarə müqavilələrinin arxivi aşkar edilməmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən B-2171A nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi ünvanında yerləşən 2171A nömrəli torpaq sahələrinə dair icarə müqavilələri başqa şəxslərin adına olmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5312 №-li məktubundan görünür ki, ekspert Teymur Məmmədov tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən onların istifadəsində olan və Cavabdeh1 adına verilmiş xx.xx.1978-ci il tarixli 2174 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş vərəsəlik şəhadətnamələrinin və torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini və iddia tələbi üzrə baxılıb qərar qəbul edilənədək Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən 2174 B saylı bağın alqı-satqısının və ya başqa formada özgəninkiləşdirilməsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Daha sonar iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 18 may 1978-ci il tarixli “Bağ sahəsinin icarə müqaviləsi” əsasında Cavabdeh1 istifadəsinə verilmiş Sumqayıt şəhəri, Corat bağlar sahəsində 0.20 ha sahəsi olan 1274 “B” saylı bağ sahəsinin 0,1025 ha sahəsinin Cavabdeh1 adına verilmiş 05 avqust 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və Sumqayıt şəhər 1 saylı notariat kontoru tərəfindən həmin bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 09 avqust 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi bərədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, təxminən 1990-cı ilin əvvəllərindən Sumqayıt şəhəri, Corat bağlar massivində ümumi sahəsi 0.10 ha (10 sot) olan 2171 A nömrəli bağ sahəsində abadlaşdırma və yaşıllaşdırma işləri görərək həmin sahəni bağ şəklinə salmış və hal hazıradək həmin bağdan istifadə edirlər. 12 may 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə həmin torpaq sahəsinin alqı-satqısı üçün seriya DGM 075929 nömrəli mədaxil qəbzi ilə 2.750.000 manat (köhnə AZN-lə) pul ödəmiş və şəhər Bələdiyyəsi tərəfindən onlara istifadəsində olan 2171 «A» nömrəli bağ sahəsinin plan və ölçüsü tərtib edilərək verilmişdir. Onlar istifadələrində olan mübahisəli torpaq sahəsinə görə torpaq vergisini vaxtlı-vaxtında ödəmişlər. 2017-ci ilin sonlarında istifadələrində olan Corat bağlar sahəsi, 2171 A saylı bağ sahəsinin onların mülkiyyətinə qeydiyyata alınmaqla çıxarış verilməsi üçün cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edəndə onlara 20 noyabr 2017-ci il tarixli **********59 nömrəli məktubla bildirilmişdir ki, Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı sahəsinin 14 avqust 1998-ci il tarixli 8305 nömrəli icarə müqaviləsi və 11 iyul 2008-cı il tarixli A № 061636 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşən 2171 A nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində 08 sentyabr 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış X4 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. X1 adına daşınmaz əmlakın dövlət reyestrində 08 sentyabr 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi vermişlər. Lakin məhkəmə baxışı zamanı qeyd edilən 2171 A nömrəli bağ sahəsinin istifadəsində olan bağ sahəsi ilə heç bir bağlılığı yoxdur. Bundan sonra o, cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsı yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə istifadəsinə verilmiş bağ torpaq sahəsinin dəqiq yerləşdiyi yerin müəyyən edilməsi barədə rəsmi müraciət etmiş və müraciətlərinə əsasən onlar verilmiş 12 aprel 2019-cu il tarixli **********85 nömrəli cavab məktubunda bildirilmişdir ki, onların iştirakları ilə idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və istifadələrində olan torpaq sahəsi Corat bağlar ərazisi 2174B ünvanı ilə Sumqayıt XDS İKnin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli 2174 nömrəli bağ sahəsinin icarəyə verilməsi bərədə müqavilə əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Sonradan torpaq sahəsi vərəsəlik şəhadətnamələri əsasında vərəsələrin adına qeydiyyata alınmış və iki hissəyə bölünərək özgəninkiləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(060)- 6470/2019 saylı qərardadına əsasən DlN-in BPQMl-nin MAPS şöbəsinin verdiyi arayışa əsasən xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 Bərdə rayonunun Bəcirəvan kəndində qeydiyyatda olmuş və 17.07,2019-cu il tarixldə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, 2006-cı ildə istifadələrinə verilmiş bağ sahəsinin adlarına rəsmiləşdirilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər Bələdiyyəsinə, habelə Azərbaycan Respubllkasının Prezidentinə, Baş Prokurora və başqa instansiyalara ərizələrlə müraciət etmiş və onlara rəsmi verilən cavab məktublarında qeyd edilmişdir ki, guya Sumqayıt şəhər ərazisində istifadəyə yararlı torpaq sahəsi olmadığından onlara bağ sahəsi verilməsi mümkün deyildir. Başqa bir cavab məktubunda isə bildirilmişdir ki. istifadələrində olan və mülkiyyətlərinə almaq istədikləri torpaq sahəsindən yeraltı kommunikasiya xətləri keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən rəy verilmədiyindən bələdiyyə tərəfindən qərar verilməsi mümkün olmamışdır. Göründüyü kimi istifadələrində olan bağ torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərə verilmişdir. Belə ki, həmin bağ sahəsi 1990- cı ilin əvvəllərindən onların istifadəsindədir və 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsi həmin sahənin plan və ölçüsünü tərtib etməklə sxemi hər birinə təqdim etmişdir. Eyni zamanda 2005-ci ildən bağ sahəsinə görə torpaq verigisini ödəmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-9/2022 nömrəli qərardadı ilə çıxarışın etibarsız hesab edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-9/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıların hazırki iddianı irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Belə ki, vərəsə olmayan, eləcə də mübahisəli əmlaka dair heç bir hüquq müəyyənedici sənədləri olmayan şəxs, cavabdehin vərəsəsi olduğu miras qoyanın xüsusi mülkiyyətinə aid miras payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini mübahisələndirməyə hüquqi ixtiyara malik olmadığından onun belə bir tələb etmək hüququ yaranmamışdır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4 - ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4- cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına istinad etmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayətləri verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, təxminən 1990-cı ilin əvvəllərindən Sumqayıt şəhəri, Corat bağlar massivində ümumi sahəsi 0.20 ha (20 sot) olan 2171 A nömrəli bağ sahəsi ataları Mustafa Qarayevin istifadəsində olmuş, həmin sahədə abadlaşdırma və yaşıllaşdırma işləri görərək həmin sahəni bağ şəklinə salmış və hal-hazıradək həmin bağdan istifadə edirlər. Ataların vəfatından sonra 12 may 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsinə həmin torpaq sahəsinin alqı-satqısı üçün seriya DGM 075929 nömrəli mədaxil qəbzi ilə hər birinin 2.750.000 manat (köhnə AZN-lə) pul ödədilər və şəhər Bələdiyyəsi tərəfindən onların istifadələrində olan 2171 “A” nömrəli bağ sahəsinin plan və ölçüsü tərtib edilərək onlara sahəsi 0,10 ha olan 2171“A” nömrəli, anaları İddiaçı2 adına da sahəsi 0,10 ha olan B-2171”A” nömrəli bağ sahəsi verilmişdir. Onların istifadəsində olan mübahisəli torpaq sahəsinə görə torpaq vergisini də vaxtlı-vaxtında ödəmişlər.Məhkəmə iş üzrə iddianın rədd edilməsi barədə qətnaməni məhz 1990-cı ildən onların istifadəsində olan və hal-hazırda da onun və anasının adına olan 2171 A və B- 2171A nömrəli bağ sahəsi üzrə deyil 2174B, 2127, 2174K nömrəli bağ sahələri üzrə araşdırma aparmış və həmin bağ sahələrinə aid olan sənədləri tədqiq etmişdir. Məhkəmənin qətnaməsindən belə anlaşılır ki, ümumiyyətlə onların istifadəsində heç bir bağ sahəsi olmamış və yaxud da mövcud deyildir. Halbuki istifadələrində olan bağ sahələri mişar daşı ilə hasarlanmış, bağ sahəsinin dəmir darvazası vardır, bağ sahəsinin içərisində ağaclar əkilmişdir. İstifadələrində olan bağ sahəsinə dair Sumqayıt Bələdiyyəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş bağ sahəsinin planında onun istifadəsində olan 2171A saylı bağın Əvəz Hüseynova məxsus 2170 saylı bağla, Nazim Cəfərova məxsus 2175 nömrəli bağ sahəsi və anası İddiaçı2 istifadəsində olan B- 2171A saylı bağla sərhəd olması qeyd edilmişdir. Bağ sahəsinin planında anası İddiaçı2 isə istifadəsində olan B-2171A saylı bağın onun istifadəsində olan 2171A saylı bağ sahəsi Nazim Cəfərova məxsus 2175 nömrəli bağ sahəsi və Gülnarə Hacıyevaya məxsus 2174 saylı bağ sahəsi ilə sərhəd olması qeyd edilmişdir. Məhkəmə araşdırması dövründə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə verdiyi rəsmi sorğuya verilmiş 04 sentyabr 2018-ci il tarixli **********49 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş Sumqayıt Bələdiyyəsinin 2006-cı il tarixli bağ sahəsi planları əsasında idarənin xidməti istifadəsində olan kadastr məlumat bazasında sözügedən torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahələrinin yerinin müəyyən olunması və həmin torpaq sahələrinin qeydiyyata alınıb-alınmaması, qeydiyyata alındığı halda hüquqi vəziyyəti barədə məlumatın verilməsi üçün idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilməsi zəruridir. Yuxarıda qeyd olunanlara əsasən torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərlə birlikdə torpağa hüququ olan şəxsin və ya onun tərəfindən vəkil edilmiş şəxsin müraciəti əsasında onların iştirakı ilə əraziyə baxış keçirilərək sözügedən torpaq sahələrinin yeri müəyyən olunduqdan sonra sorğunuzun cavablandırılması mümkün olacaqdır. Ona görə də iddia tələbləri üzrə ilk işə baxan məhkəmədə baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatətləri təmin edildi, lakin paydemiya səbəbindən bağ sahəsinə baxış keçirilməsi mümkün olmadı. Sonradan iş hakimin icraatına verildi. Hakim özünün xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar olaraq vəsatəti təmin edərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etdi. Ekspert qarşısında Sumqayıt şəhəri Corat bağlar sahəsi 2171 B saylı bağ sahəsinin sərhədlərinin müəyyən olunmaqla harada yerləşməsi sualı qoyulmuş, ekspert tərəfindən məhkəməyə rəy verilməsi üçün əlavə materiallar təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin hakim vəsatətdə göstərilən tələbləri icra etmək əvəzinə iddia tələbini araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilən arayışdan görünür ki, cavabdehin məhkəməyə gəlməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli,10/5312 №-li məktubundan görünür ki, ekspert tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Göründüyü kimi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası xx.xx.2021-ci il tarixli qərardadla təyin edilməsinə baxmayaraq məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna istinad etməsi tamamilə əsassızdır. Qətnamədə daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırki işlə bağlı məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən onların adlarına Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında bağ torpaq sahəsinin, bağ evinin qeydiyyata alınması barədə məlumat, Sumqayıt Bələdiyyəsindən təhvil alınmış arxivdə sözügedən şəxslərin adlarına icarə müqavilələrinin arxivi aşkar edilməmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən B-2171A nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi ünvanında yerləşən 2171A nömrəli torpaq sahələrinə dair icarə müqavilələri başqa şəxslərin adına olmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddia tələbi üzrə 2019-cu ildən baxılan işlə bağlı cavabdeh tərəflər və habelə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda 2171 A və B- 2171A nömrəli torpaq sahələrinə dair icarə müqavilələri adlarına olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış başqa şəxslər müəyyən edilməmiş, nəticədə iddia tələbi üzrə 5 ilə yaxın davam edən məhkəmə prosesində heç bir araşdırma aparılmamışdır. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, İddiaçı2 tərəfindən xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağlarlar massivində, Dəniz kənarı yoldan birinci sırada yerləşən və Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin yarısının (0.05 ha) vətəndaş X10 xeyrinə imtina etməsi ilə bağlı müraciət edilmiş və bununla əlaqədar notariat hərəkəti aparılmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı1 məhkəmə iclasında özünün apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətlərinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına göndərməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə işdə iştirak edən digər şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayətləri məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, binci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan bağ sahəsi xx.xx.1978-ci il tarixli, 2127 nömrəli bağ torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, daha sonar həmin bağ sahəsinə dair mülkiyyət hüququnun Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə dövlət qedyiyyatına alınmışdır. Cavabdeh1 vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, mübahisə predmeti olan qeyd edilən bağ sahəsi miras əmlak qismində çıxış etməklə, həmin əmlaka dair onun 4 nəfər vərəsəsinin payı müəyyən edilərək, buna dair xx.xx.2017ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədə qeyd edilmiş vərəsələrdən biri də Cavabdeh2 olmaqla, onun mübahisə predmeti olan əmlaka dair ¼ hissədə payı qeyd olunmuşdur. İddiaçılar qeyd edilən torpaq sahəsini (bağ sahsəinin yerləşdiyi) müvafiq bələdiyyə orqanına alqı-satqı ilə bağlı ödəniş edərək, satın almalarını, bununla bağlı mədaxil qəbzi olması halına istinad edərək, həmin torpaq sahəsinə dair verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbini irəli sürmüşlər. Məkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə ilk növbədə iddiaçıların qeyd eidlən iddia tələbinin irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmaması halı aydınlaşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyənolunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbinin irəli sürülməsi üçün iddiaçıların həmin əmlakın mülkiyyətçisi və ya qanuni sahibi qismində çıxış etməsi və ya qanunla qorunan mənafelərinin və hüquqlarının pozulması halları müəyyən edilməlidir. İndiki halda isə vərəslik şəhadətnaməsinin aid olduğu mübahisə predmeti olan əmlakın mülkiyyətçisi məhz Cavabdeh1 vərəsələri çıxış edir, bu halı təkzib edən heç bir hal aşkar olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin əsasları ilə bağlı onu qeyd edir ki, iddiaçılar şəhadətnamənin aid olduğu əmlakı ödəniş edərək müvafiq bələdiyyədən satın aldıqlarını bildirsə də, həmin əmlak bələdiyyə mülkiyyətində olan əmlak qismində çıxış etməmiş, habelə iddiaçıların həmin əmlaka dair mülkiyyət hüququ və ya digər əmlak hüquqlarının dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, mülki qanunvericiliyinin və torpaq haqqında qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinə dair mülkiyyət və digər əmlak hüquqları məhz bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçdikdən sonra yaranır. İndiki halda isə iddiaçılar ilə həmin əmlakın mülkiyyətçisi arasında hər hansı alqısatqı müqaviləsinin bağlanılması və bu hüququn dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Bundan əlavə, indiki halda qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnamənin iddiaçıların hər hansı hüquqlarının pozulmasına gətirib çıxarması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların vərəsəlik hüququ haqqında şəhadətnamənin aid olduğu əmlaka dair hər hansı mülkiyyət və ya digər əmlak hüququna malik olması halı, o cümlədən onların hər hansı qanuni mənafelərinin və hüquqlarının pozulması, qanuni maraqlarına toxunulması halı müəyyən edilmədiyindən, iddiaçılar qeyd olunan iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vərəsə olmayan, eləcə də mübahisəli əmlaka dair heç bir hüquq müəyyənedici sənədləri olmayan şəxs, cavabdehin vərəsəsi olduğu miras qoyanın xüsusi mülkiyyətinə aid miras payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini mübahisələndirməyə hüquqi ixtiyara malik olmadığından onun belə bir tələb etmək hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətlərində göstərdiyi dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur, qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayətləri təmin olunmadığından, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 14 və 15 manat məbləğində dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-9/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 14 (on dörd) və 15 (on beş) manat məbləğində dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar