Məhkəmə qərarları › İş №2(105)-2525/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2525/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2525/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X7, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kreditin, kredit faizlərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldiməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı «əsas və faiz borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə» dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" QSC BOKT Cavabdeh qarşı «əsas və faiz borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7040 manat əsas və 6230.70 manat faiz borcu olmaqla, cəmi 13270.70 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ21154 minik” markalı (buraxılış ili 2011, ban- XTA21154ƏC5090172, rəngi -tünd albalı metal) avtomobilə yönəldərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1554 saylı, 05 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 13.01.2012-ci il tarixdə, 23/12 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 7040 manat məbləğində kredit verilmişdir. 13.01.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21154 minik” markalı (buraxılış ili 2011, ban- XTA21154ƏC5090172, rəngi -tünd albalı metal) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X6 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 13.01.2012-ci il tarixli, AA seriyalı, 028520 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 7040 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 7040 manat, faiz borcu üzrə 6230.70 manat olmaqla cəmi 13 270.70 manat borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Bəkirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Halbuki, 13 yanvar 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 5-ci maddəsində göstərilir ki, bu müqavilə bağlandıgı andan qüvvəyə minir və öhdəlik tam icra olunduqdan sonra qüvvədən düşmüş hesab olunur. Kreditin tam həcmdə qaytarılması tarixi isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc hesabına daxil olduğu tarix hesab olunur. Birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(060)-761/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.K.Ağayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, iş üzrə iddia müddətinin tətbiq olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi S.Bəkirovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının iş üzrə məhkəmə tərəfindən kredit müqaviləsinin 5-ci maddəsinin tələblərinin nəzərə almaması barədə gətirdiyi dəlili qəbul etmir. İşin araşdırılan halları və iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 13.01.2012-ci il tarixdə, 23/12 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 7040 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin müddəti isə 13.01.2014-cü il tarixdə bitmişdir. Lakin işdən görünür ki, İddiaçı QSC 06.10.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da qanunvericilikdə müəyyən edilmiş üç il iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi Süleyman Bəkirovun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 26 aprel 2021-ci il tarixli 2(060)-761/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar