Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-253/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-761/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 2(029)-761/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehlə İddiaçı ilə birgə nikahlarından 06 avqust 2010-cu il tarixində anadan olmuş X5 və 10 iyul 2012-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər uşağa görə ayda 140 manat olmaqla ayda cəmi 280 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. (hakim Ə.Cəlilov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-761/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları, 06 avqust 2010-cu il tarixində anadan olmuş Məlikov Magamed və 10 iyul 2012-ci il tarixində anadan olmuş Məlikov Məlikməmməd adlı uşaqların yetkinlik yaşlarına çatana kimi, onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər uşağa görə ayda 180 manat olmaqla ayda cəmi 360 manat miqdarında sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya prosesinin keçirilməsi üçün ödənilən vəsaitin yarısının -25,00 manat miqdarında cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 aprel 2010-cu il tarixində Cavabdehlə ailə həyatı qurmuşdur. Həmin nikahdan 06 avqust 2010-cu il tarixində Məlikov Magamed və 10 iyul 2012-ci il tarixində Məlikov Məlikməmməd adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarındakı nikah Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)-518/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Həmçinin həmin qətnamə ilə uşaqların onun yanında saxlanılması və uşaqlar yetkinlik yaşlarına çatana kimi cavabdehdən onun xeyrinə hər uşağa görə ayda 100 manat olmaqla, ayda cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Hal hazırda uşaqların böyüməsi, onların məktəbə getmələri və ümumi tələbat mallarının qiymətlərinin artması ilə əlaqədar onların maddi cəhətdən təmin edilməsi xərcləri də artmışdır. Həmin səbəblərə görə maddi cəhətdən uşaqlarını təmin etməyə çətinlik çəkir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən uşaqlara görə ödənilən alimentin miqdarı artırılmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Qusar şəhərində keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında iştirak etməmiş və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümükün olmamışdır. Mediasiya xərcləri 50,00 manat miqdarında onun tərəfindən ödənilmişdir və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin yarısı ödənilməlidir. Hal hazırda cavabdehin işləyib-işləməməsi və onun gəlirləri barəsində heç bir məlumatı yoxdur və belə məlumatı məhkəməyə təqdim etmək imkanına malik deyildir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, o hazırkı aliment məbləğini ödəməyə belə çətinlik çəkir. Hətta həmin qətnamə üzrə onun iddiaçıya aliment borcu vardır. Hazırda işləmir, heç yerdən gəliri yoxdur. Mövcud qanunvericiliyə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Belə olan halda alimentin artırılması barədə məhkəmənin mövqeyi qanuni hesab edilə bilməz. Beləliklə, işin bütün halları tam araşdırılmadığından qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. İddiaçı məhkəməyə apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq, şikayətin dəlillərini qəbul etmədiyini bildirmiş, cavabdehin təsərrüfatla məşğul olması, normal gəlir əldə etməsini bildirərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-518/2019 saylı, 04 aprel 2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2010-cu il tarixdə Qusar rayonu Quxur Oba kənd İƏN-də 08 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra uşaqları 06 avqust 2010-cu il təvəllüdlü X6 və 10 iyul 2012ci il təvəllüdlü X1 Naidə Bağış qızının yanında saxlanılmış, 25 oktyabr 2018-ci il tarixdən başlayaraq 06 avqust 2010-cu il təvəllüdlü X6 və 10 iyul 2012-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Yenə işdə olan AZ-İ 366886 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2020-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 141 saylı akt qeydi ilə pozulmuşdur. Bundan sonra qadın soyadını dəyişməmişdir. Yenə də işdə olan AZ-İİ 499791 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 06 avqust 2010-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. Mülki işdə olan AZ-İİ 910516 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 iyul 2012-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. Mülki işə əlavə edilmiş 07 iyul 2022-ci il tarixli, 2022-18809 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı təsvir edildiyi kimi, mövcud alimentin artırılmasına dair mübahisə üzrə 07 iyul 2022-ci il tarixdə, saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)- 761/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 05 aprel 2010cu il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan 06 avqust 2010-cu il tarixində Magamed və 10 iyul 2012-ci il tarixində Məlikməmməd adlı iki uşaqları var. Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)-518/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşaqların analarının yanında saxlanılması və uşaqlar yetkinlik yaşlarına çatana kimi cavabdehdən onun xeyrinə hər uşağa görə ayda 100 manat olmaqla, ayda cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Qeyd olunan aliment məbləğinin uşaqların maddi ehtiyaclarının lazımi qaydada qarşılamaması qənaətinə gələn iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Cavabdeh maddi durumunun imkan verməməsi səbəbilə aliment məbləğinin artırılmasını qəbul etməmiş, qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil etmişdir. Hazırda bu məbləğ 220 manat təşkil edir. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin hər uşaq üçün 180 manat olmasına baxmayaraq, cavabdehin azgəlirli olmasını, həmin məbləğin onun özünün, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyini, habelə digər diqqətəlayiq halları nəzərə alaraq, iddianın qismən, aliment məbləğini hər uşaq üçün 140 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 80 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-761/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-253/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-253/2023
24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver