Məhkəmə qərarları › İş №2(105)-2532/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2532/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2532/2020 02.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(027)-2283/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(027)-2283/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada İddiaçı QSC-nin xeyriə 32R000001133 saylı kredit razılaşması üzrə 3194.04 manat məbləğində kredit borcu, 2461.70 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5665,74 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 18,15 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. (hakim Z.Tahirov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(027)-2283/2018 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o ilk dəfə mübahisələndirdiyi qətnaməni bu ilin avqust ayında almışdır. İş materiallarında olan qətnamənin qəbul edilməsinə dair qəbzdəki imza ona məxsus olsa da, o həmin vaxt qətnaməni almamışdır. Həmin vaxtı eynəyi yox idi deyə qəbzi oxumadan ona imza etmişdir. Əslində isə ona həmin vaxt qətnamə təqdim edilməmişdir. Sonda cavabdeh apellyasiya şikayətinin mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçıya və digər cavabdehlər Zamin1 və Zamin2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü qeyd olunan şəxslərin iştirakı olmadan müzakirə etməyi mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materiallarının 46-cı vərəqinə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətini xx.xx.2019-cu il tarixdə qəbzə imza edərək qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəlləsinin 135.2-ci maddəsinin tələbinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Qeyd olunan Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Lakin işdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Quba Rayon Məhkəməsinin 2(027)-2283/2018 saylı qətnaməsinin surətinin ona verilməsini xahiş etmiş, elə həmin tarixdə də qətnamənin surətini əldə etmişdir. İşdən görünür ki, apelyasiya şikayəti Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə təhvil verilmiş, xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada aldığı vaxtdan (xx.xx.2019-cu il) 1 ay ərzində apelyasiya şikayəti verə bilərdi. Lakin cavabdeh bu qaydada davranmamış, qətnamənin əldə edilməsindən bir ildən çox vaxt keçdikdən sonra apellyasiya şikayəti vermiş, lakin ötürülmüş müddətin bərpası ilə bağlı ərizə təqdim etməmişdir. Məsələ burasındadır ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmədiyini bildirir və qətnaməni xx.xx.2019-cu il tarixdə qəbzə imza edərək qəbul etdiyini inkar edir. Cavabdeh iddia edir ki, qəbzdəki imza ona məxsus olsa da, o həmin vaxt qətnaməni almamışdır. Həmin vaxtı eynəyi yox idi deyə qəbzi oxumadan ona imza etmişdir. Əslində isə ona həmin vaxt qətnamə təqdim edilməmişdir. Bu səbəbdən də cavabdeh iddia edir ki, müddətin axımı qəbzdəki tarixdən deyil, onun xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Cavabdehin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, hətta işin halı həqiqətən də cavabdehin bildirdiyi kimi olmuş olsaydı belə (məhkəmə kollegiyası bu ehtimalın doğruluğunu qəbul etmir), işdən görünür ki, Cavabdeh mübahisələndirdiyi qətnamənin qəbulu ilə bağlı keçirilmiş Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, izahat vermiş, sədrlik edənin suallarına cavab vermiş, iddiaya münasibətini bildirmişdir. Quba Rayon Məhkəməsinin məlum qətnaməsi də cavabdehin Cavabdeh iştirakı ilə qəbul edilmiş və bu barədə qətnamənin giriş hissəsində qeyd göstərilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh barəsində məsuliyyət yaradan qətnamənin mövcudluğundan ən azı xx xxxxxxxx 2018-ci il tarixdən xəbərdar olmuşdur. Yəni həmin tarixdən etibarən cavabdeh artıq bilirdi ki, bank ona qarşı iddia qaldırıb və borc məbləğinin ödənilməsini tələb edir. Əgər cavabdeh həqiqətən də hüququnun müdafiəsində maraqlı olmuş olsaydı, o məlum qətnamənin qəbulundan sonra qısa zaman ərzində ləngimələrə yol vermədən qətnamənin əldə edilməsinə nail olardı. Lakin cavabdeh bu qaydada davranmamışdır. Bu isə o deməkdir ki, cavabdeh hazırda ləğvini tələb etdiyi qətnamənin mövcudluğundan və məzmunundan vaxtında xəbərdar olsa da, onu qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Halbuki mülki prosessual qanunvericilik qətnamənin məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ərzində rəsmi qaydada təqdim edilməsini imperativ prosessual hərəkət olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Qeyd olunan maddənin tələbini pozaraq apelyasiya şikayəti verən şəxs tərəfindən müddətin axımını nəzərdə tutan halları nəzərə almadan, apelyasiya şikayətinin verilməsi müddətini müzakirə etmədən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi müddətini müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş mübahisələndirilən qətnamədən şikayətin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 400 və 405-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(027)-2283/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş, mübahisələndirilən qətnamədən şikayətin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar