Məhkəmə qərarları › İş №2(105)-254/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-254/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-254/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4394/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4394/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 1 ədəd “Fantaziya” brilliant komplekt qızılziynət əşyalarının, həmin əşyalar olmadıqda isə dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. (hakim A.Behbudova) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4394/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməməsini xahiş etmişlər. İŞİN HALLARİ: Səmədova X1 Günel Şadin qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısı qızı, Cavabdeh2 isə Günelin həyat yoldaşıdır. Təxminən 2019-cu ilin yanvar ayında o, iddiaçıya bildirib ki, toy mərasiminə gedir və toy mərasimində taxmaq üçün qızıl- ziynət əşyalarını ona versin. İddiaçı onun bu təklifini qəbul edərək, ümumi çəkisi 25 qram olan müxtəlif adda qızıl-zinət əşyalarını ona vermişdir. Cavabdeh1 həmin ziynət əşyalarının bəzilərini sonradan qaytarsa da, “Fantaziya” üzük-sırğa dəstini qaytarmamışdır. İddiaçı bu müddət ərzində dəfələrlə ondan həmin komplekti qaytarmasını tələb etmiş, lakin o hər dəfə müxtəlif bəhanələr gətirərək onu qaytarmamışdır. Bundan sonra, iddiaçı şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsinə müraciət etmiş və Bölmədə məsələ ilə bağlı araşdırma aparılmışdır. Həmin araşdırma zamanı cavabdehin və onun həyat yoldaşının izahatları alınmış, sonuncular 2018-ci ilin mart ayında ondan qızıl-ziynət əşyaları aldıqlarını etiraf etmişlər. Lakin onlar qızılların hamısını iddiaçıya qaytardığını bildirsə də, Günelin həyat yoldaşı Cavabdeh2 vermiş olduğu izahatında həqiqətən də bir ədəd “Fantaziya” üzük və sırğa komplektinin onlarda qaldığını, iddiaçıya vermədiklərini etiraf etmiş, izahatında həmin qızılları maddi durumu ilə bağlı olaraq qaytara bilmədiyini göstərmişdir. Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsinin 13.01.2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə həmin materialda cinayət tərkibinin olmaması qeyd olunaraq iddiaçının mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bundan sonra isə hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin qərarı əsassız və qeyri-obyektivdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki hallarını nəzərə almamış, onlara öz arqumentlərini irəli sürməyə şərait belə yaradılmamışdır. Məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının dəlillərini nəzərə almışdır. Məhkəmə prosesinin gedişatında iş üzrə yeni şahidlərin dindirilməsinə ehtiyac olacaqdır və buna dair yazılı vəsatət məhkəməyə təqdim ediləcəkdir. Bu şahid ifadələri iddianın əsassız olmasını təsdiq edəcəkdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, əlavə etdi ki, götürülmüş bütün qızıl əşyaları 34 qram olub. Bu qızılları iddiaçı (xalası) özü ona verib ki, lombarda qoyub borc götürsün, çünki ona təcili pul lazım idi. Onları lombarda qoyub pul götürmüş, lakin sonradan borcu ödəyərək əşyaları geri götürmüşdür. Polisə şikayət edildikdən və izahat alındıqdan 1 ay sonra bütün qızılları xalasına qaytarmışdır. Hazırda iddiaçının onda heç bir qızılı qalmamışdır. Apellyasiya baxışı zamanı digər Cavabdeh2 da apellyasiya şikayətini müdafiə edərək, əlavə etdi ki, onlara brilyant dəsti verilməmişdir. Polis bölməsinə arvadı gedib ifadə verməməsinə görə özü getmiş və izahat vermişdir. Götürülmüş qızılları 2019-cu ilin sentyabr-oktyabr aylarında qaytarmışlar, heç bir qızıl onlarda qalmayıb. Arvadı ilə xalası arasında qohumdaxili ədavət olduğuna görə hazırkı iddia qaldırılmışdır. Sonda cavabdehlər şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və əlavə etdi ki, cavabdehlərin dedikləri əsassızdır. Əgər o, yalan söyləmək istəsəydi, bütün qızılları qaytarılmadığını deyərdi. Amma ona özgənin heç nəyi lazım deyil, öz malını istəyir, cavabdehlər ona məxsus qızıl dəstini qaytarmalıdırlar. Əgər bu əmlak yoxdursa, onun dəyəri kimi 6000 manat qaytarılmalıdır. Sonda iddiaçı şikayətin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsinin təhqiqatşısının cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 yanvar 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı polisə müraciəti əsasında cavabdehlərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğu üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış X2 izahatında bildirmişdir ki, iddiaçıya məxsus qızılları lombarda qoyub pul götürmüşlər. 2019-cu ilin iyun ayında lombardın pulunu ödəyib qızılların çoxunu götürüb qaytarmışlar. Lakin “Fantaziya” adlı bir ədəd üzük və sırğa dəsti lombardda girovdadır, 2019-cu ilin sentyabr ayının sonuna qədər İddiaçı qaytarmağa söz verir. İş materiallarna əlavə olunmuş "xxxx" MMC-nin məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 2018-2021-ci illər ərzində bağlanmış girov müqavilələrinə əsasən 3 ədəd sep, 2 ədəd kulon, 2 ədəd komplekt, 2 cüt sırğa,1 ədəd qolbağ MMC-də girov qoyulmuşdur. Yenə iş materiallarna əlavə olunmuş "xxxx" MMC-nin 25 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, "Altun F.C.” MMC ilə Cavabdeh1 arasında 30 mart 2018-ci il tarixində sənədləşdirilmiş girov müqaviləsi (GB № 72167) bağlanmışdır. Hal-hazırda girovlar Günel xanım tərəfindən çıxarıldığından və müqavilədə girovların ümumi çəkisi göstərildiyinə görə (ümumi çəki - 34.9 qram) dəstin ayrılıqda çəkisi qeyd edilmir. Yenə də iş materiallarna əlavə olunmuş "xxxx" MMC-nin 13 yanvar 2022-ci il tarixli məhkəmə sorğusuna cavabından görünür ki, İddiaçı təqdim etdiyi 1 ədəd boyunbağının çəkisi 1,38 qram, 1 ədəd boyunbağının çəkisi 4,9 qram, 1 ədəd kulonun çəkisi 1 qram, 1 cüt sırğanın çəkisi 5,1 qram olmaqla, cəmi 12,38 qram təşkil edir. İşdə olan “B+Ş Audit” Konsaltinq MMC-nin 21 yanvar 2022-ci il tarixli, A-02/04 saylı qiymətləndirmə rəyindən görünür ki, çəkisi 22,52 qram, 585 əyarlı bir cüt sırğa və bir üzükdən ibarət “Fantaziya” dəstinin qiyməti 1900 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4394/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 xalası, Cavabdeh1 isə digər cavabdehin arvadıdır, yəni tərəflər qohumdurlar. İddiaçı iddia edir ki, bacısı qızı Cavabdeh1 tədbirdə taxmaq məqsədilə ondan bir neçə adda qızıl-ziynət əşyasını müvəqqəti almış, lakin sonradan onları qaytarsa da, bir cüt sırğa və bir üzükdən ibarət “Fantaziya” dəstini qaytarmamışdır. Bu dəstin qiyməti 6000 manat təşkil edir, dəst ona məxsus olduğundan geri qaytarılmalıdır, bu mümkün deyilsə, cavabdehlərdən onun dəyəri alınmalıdır. Cavabdehlər isə bildirirlər ki, qızıl-ziynət əşyalarını İddiaçı özü vermişdir ki, onları girova qoyub pul götürsünlər, çünki onların pula ehtiyacları vardı və Cavabdeh1 bu cür köməklik göstərmişdir. Qızıllar lombard fəaliyyəti göstərən "xxxx" MMC-yə qoyulmuş, pul götürülmüş, lakin sonradan vəsait geri qaytarılaraq qızıllar təhvil alınmış və İddiaçı qaytarılmışdır. Beləliklə, iddiaçının özünə məxsus, daha öncə sadalanan qızıl-ziynət əşyalarının cavabdehlərə verməsi işin mübahisəsiz halıdır. Mübahisə “Fantaziya” qızıl-sırğa komplektinin qaytarılıb- qaytarılmaması barədədir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İşdən görünür ki, cavabdeh tərəf iddiaçıdan bir neşə adda qızıl-ziynət əşyalarını götürdüklərini etiraf etmişlər. Lakin hazırda əsas mübahisə bu əmlaklardan “Fantaziya” dəstinin qaytarılıb-qaytarılmaması barədədir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının şikayət ərizəsinə əsasən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində Cavabdeh2 izahatı alınmışdır. İzahatında Cavabdeh2 göstərmişdir ki, arvadı ilə birlikdə İddiaçı borca pul verməsini demişlər. İddiaçı pulu olmadığını, lakin qızıllarını lombarda girova qoyaraq pul götürmələrini söyləmişdir. 2019-cu ilin iyul ayında lombardın pulunu ödəyərək, İddiaçı qızlllarının çox hissəsini qaytarmışlar. Lakin bir cüt sırğa və üzükdən ibarət “Fantaziya” dəsti hələ də lombardda girovdadır. Bu dəsti 2019-cu ilin sentyabr ayının sonuna kimi İddiaçı qaytaracaqdır. AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 polisdə araşdırma zamanı verdiyi izahatla hazırda tələb edilən dəstin cavabdehlərin istifadəsində qaldığı müəyyən olunur. Bir cüt sırğa və üzükdən ibarət “Fantaziya” dəstinin iddiaçıya məxsus olması isə işin mübahisəsiz halıdır. İşin hallarından görünür ki, cavabdehlər həmin dəsti iddiaçıya qaytardıqlarını bildirsələr də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası tələb edilən qızıl-ziynət əşyalarının 04.09.2019-cu ildə lombardda girovda qalması barədə cavabdehin Polis Bölməsində etirafını qəbul edərək hesab edir ki, iddianın predmetinin mövcudluğunun bu cür etiraf olunması məhkəmə kollegiyasının qənaətincə onun əsaslı olmasından irəli gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instasiya məhkəməsi haqlı olaraq 1 ədəd “Fantaziya” brilliant komplekt qızıl-zinət əşyalarının, həmin əşyalar olmadıqda isə dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi barədə nəticəyə gəlmişdir. Bununla belə, işdən görünür ki, tələb edilən əmlakın hazırda naturada mövcudluğu şübhəlidir, belə ki, bu qızıl-ziynət əşyasının satılması, lombarda girov qalaraq borcla əvəzlənməsi, yəni özgəninkiləşdirilməsi istisna olunmur. Belə olan halda isə əmlakın qaytarılmasının mümkünsüzlüyü məsələsi ortaya çıxır ki, bu cür hallarda onun dəyəri sahibinə qaytarılmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Cavabdeh1 tərəfindən 30 mart 2018-ci ildə 3 ədəd sep, 2 ədəd kulon, 2 ədəd komplekt, 2 cüt sırğa, 1 ədəd qolbağ "xxxx" MMC-də girov qoyulmuşdur. Bu qızıllardan İddiaçı qaytarılmış 1 ədəd boyunbağının çəkisi 1,38 qram, 1 ədəd boyunbağının çəkisi 4,9 qram, 1 ədəd kulonun çəkisi 1 qram, 1 cüt sırğanın çəkisi 5,1 qram olmaqla, cəmi 12,38 qram təşkil edir. Girov qoyulmuş əşyaların ümumi çəkisi 34,9 qram təşkil etdiyi nəzərə alınarsa, bu zaman tələb edilən dəstin çəkisinin 22,52 qram olduğu məlum olur. “B+Ş Audit” Konsaltinq MMC 21 yanvar 2022-ci il tarixli, A-02/04 saylı qiymətləndirmə rəyi ilə müəyyən etmişdir ki, çəkisi 22,52 qram, 585 əyarlı bir cüt sırğa və bir üzükdən ibarət “Fantaziya” dəstinin qiyməti 1900 manat təşkil edir. Məhkəmə kollegiyası bu rəylə razılaşır və hesab edir ki, həmin dəst iddiaçıya qaytarılmadığından cavabdehlər əsassız varlanmışlar. Buna görə də, həmin qızıl-ziynət dəsti cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı, onu qaytarmaq mümkün olmadığı halda, həmin dəstin dəyəri olaraq 1900 manat onlardan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qənaətinə görə tələb olunan qızıl-ziynət əşyalarının qaytarılması barədə cavabdehlərin dəlilləri əsassızdır. Cavabdehlər şikayətdəki dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişlər, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, tələb edilən “Fantaziya” dəstinin cavabdehlərə verilməsi işin mübahisəsiz halı olsa da, həmin dəstin iddiaçıya qaytarılması mübahisələndirilmiş, lakin bununla bağlı cavabdehlər tərəfindən heç bir tutarlı əsas gətirilməmiş, bu barədə hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını tədqiq edərək hesab edir ki, bir cüt sırğa və bir üzükdən ibarət “Fantaziya” dəstinin cavabdehlərin qanunsuz istifadəsində qalması iddiaçı tərəfindən məhkəmədə sübut edilmişdir və bu barədə onun dəlilləri daha ağlabatandır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X3rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bununla yanaşı, qeyd edildiyi kimi işə baxan məhkəmə 1 ədəd “Fantaziya” brilliant komplekt qızıl-ziynət əşyalarının, həmin əşyalar olmadıqda isə dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi nəticəsinə gəlsə də, həmin əşyaların dəyərini müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələblərinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2851/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. 1 ədəd “Fantaziya” brilliant komplekt qızıl-ziynət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri kimi 1900 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlərin ödədikləri 15,40 manat onların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar