Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-254/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü i tarixli 2(060)-3745/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü Cavabdeh1 aid hissədə dəyişdirilmiş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə təyin edilməklə yüngülləşdirilmişdir.
3. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədə iddiaçı Cavabdeh1la barışdığını, Cavabdeh1 tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənildiyini və həmin şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi olaraq 33000 manat və iddiaya görə ödənilmiş dövlət rüsumunun məbləğinin 189 manat müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə pulunu ələ keçirərək iddiaçıya ümümilikdə 44500 manat məbləğində maddi ziyan vurmuşlar. Cavabdehlərin həmin dələduzluq əməlləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə aktlarına əsasən sübuta yetirilmiş və onlar Cinayət Məcəlləsinin 178.2-ci maddəsi təqsirli bilinərək məhkum edilmişlər. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tanışları digər cavabdehlərlə Cavabdeh3 və Cavabdeh1 ilə cinayət əlaqəsinə girərək əlbir olub iddiaçının Sumqayıt şəhər Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən övladı Pərvinin işinin müsbət həllinə köməklik göstərəcəklərinə dair vəd verərək 2014-cü ilin may ayının ortalarından başlayaraq avqust ayınının ortalarına kimi müxtəlif vaxtlarda ümumilikdə 44500 manat məbləğində nağd pul vəsaitini cinayətkar qrupun digər üzvü cavabdeh Şükür Hüseynovla birlikdə əvvəlcədən razılaşdırılmış şəkildə, guya vəd etdiyi işin müsbət həllində kömək etməli olan şəxsə verilməsi adı ilə iddiaçıdan almış, həmin puldan 20000 manatını 2014-cü ilin oktyabr ayının əvvələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında özünü Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli şəxsin qohumu, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edən Cavabdeh3, 7000 manatını iddiaçını tanış edib inamını qazanmaqda köməklik etməsinə görə 2014-cü ilin oktyabr ayının əvvələrində Sumqayıt şəhərində Cavabdeh1 təqdim etməklə iddiaçının ümümilikdə 44500 manat pulunu talayaraq ziyan vurmuşlar. Həmin cinayət nəticəsində vurulmuş ziyandan cinayət mühakimə icraatı zamanı 11500 manat məbləği iddiaçıya ödənilmişdir. Qalan 33 000 manat cavabdehlər tərəfindən bu günə kimi iddiaçıya ödənilməmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü i tarixli 2(060)-3745/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 20 000 (iyirmi min) manat məbləğində pulun Cavabdeh3, 13 000 (on üç min) manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun 113 (yüz on üç) manatının Cavabdeh3, 76 (yetmiş altı) manatının isə Cavabdeh2 tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Emin Abdullayev).
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən iddiaçıya 44500 manat məbləğində maddi ziyan vurulması cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilir. Eyni zamanda həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıdan alınmış 44500 manat pul vəsaitinin 20 000 manatını Cavabdeh3, 7000 manatını Cavabdeh1, 17500 manatını isə Cavabdeh2 mənimsəmişlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin vəsaitdən 7000 manat Cavabdeh1, 4500 manat isə Cavabdeh2 tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı yerdə qalan 33000 manat vəsaiti cavabdehlərdən müştərək qaydada tələb edir. Qeyd edilməlidir ki, cavabdelər tərəfindən iddiaçıya maddi ziyan mülki hüquq pozuntusu nəticəsində deyil, cinayət əməli nəticəsində vurulmuşdur. Həmin ziyanın vurulmasında cavabdehlərin hər birinin payı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bu səbəbdən vurulmuş ziyan məbləğinə münasibətdə cavabdehlərin hər birinə fərdi yanaşılmalıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, Mülki Prosessual Məcəllənin 82.4, 119, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh3 apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3745/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnaməsini qismən - ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən ona hər hansı bir məhkəmə bildirişi göndərilməmiş, iddia ərizəsinin araşdırması gizli aparılmışdır. “Elektron Məhkəmə” sistemi vasitəsilə ona qarşı iddia tələbinin olmasını müəyyən etmişdir. Daha sonra məhkəməyə rəsmi ərizə yazıb iş materialları ilə tanış olanda görmüşdür ki, məhkəmə ona məlum olmayan ünvanlara bildirişlər göndərmişdir. Sonra, yəni 10 oktyabr 2023-cü il tarixdə qətnaməni qəbzə imza etməklə rəsmi olaraq almışdır. Məhkəmə iş materiallarında olan ünvanları hardan əldə edib ona məlum deyil. İşlə bağlı bəzi vacib halları məhkəmənin diqqətinə çatdırmaq istəyir, belə ki, iddiaçı istintaq dövründə, eləcə də bütün məhkəmə iclaslarında açıq-aşkar bildirmişdir ki, ona özü şəxsən 5000 (beş min) manat pul vermişdir. Qeyd olunan məbləğ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılarkən onun tərəfindən iddiaçıya tam olaraq qaytarılmışdır. İddiaçı da məhkəmə iclasında rəsmi ərizə yazaraq bildirmişdir ki, ona verdiyi 5000 (beş min) manatı tam olaraq almışdır. Qeyd olunan 20.000 (iyirmi min) manat guya iş üzrə digər cavabdeh tərəfindən ona verilmişdir. Amma həmin məbləğ qətiyyən ona verilməmişdir. Yəni iddiaçı hər yerdə dəfələrlə bildirmişdir ki, ona şəxsən 5000 (beş min) manat vermişdir və verdiyi pulu da tam olaraq almışdır. Sumqayıt Şəhər Məhkəməsi istinad etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin eləcə də Bakı Apellyasiya Məhkəməsinin hökm və qərarı ilə tam tanış olmamışdır, demək olar ki, hökm və qərarı oxumamışdır. Əgər məhkəmə hökm və qərarla tam tanış olsaydı iş üzrə düzgün və ədalətli qətnamə qəbul etmiş olardı. Birinci instansiya məhkəməsi cavabdeh olaraq onun məhkəmədə iştirakını təmin etməyərək yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq ona münasibətdə iddia tələbini təmin etməklə qanunsuz qətnamə çıxarmışdır. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarından savayı, prosessual hüquq normalarını kobud şəkildə pozmaqla qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin maddi və prossessual hüquq normalarını pozub, maddi hüquq normalarını səhv təfsir edib, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət vermişdir. Məhkəmə hazırkı halda yalnız iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə icraatında əldə olunan sənədlərə istinad etməli olduğu halda bunu etməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
19. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh3 qətnaməni ona aid hissəsini mübahisələndirilərək iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Beləliklə, iddiaçının iddiasına görə cavabdelər tərəfindən ona cinayət əməli nəticəsində maddi ziyan vurulmuşdur. Həmin ziyanın vurulmasında cavabdehlərin hər birinin payı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi vurulmuş ziyan məbləğinə münasibətdə cavabdehlərin hər birinə fərdi yanaşmış 20 000 (iyirmi min) manat məbləğində pulun Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlmişdir.
32. Cavabdeh həmin nəticə ilə razılaşmayaraq apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun məhkəmədə iştirakını təmin etməyərək yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq ona münasibətdə iddia tələbini təmin etmişdir.
33. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, cavabdeh çəkişmə prinsipinin pozulmasına istinad etsə də iş materiallarının 70-ci səhifəsində olan Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o məhkəmə iclasının vaxrtı və yeri barədə məlumatlı olmuş, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan sonra, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında digər cavabdehlərin iştirakının təmin edilməsinə əsasən məhkəmə hazırlıq iclasını xx.xx.2023-cü il tarixə təxirə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh3 da göndərilmişdir. İş materiallarının 77-ci səhifəsində olan xəbərnamədən isə görünür ki, şəxsən “Məmmədov imza” qeyd emtəklə həmin bildiriş cavabdeh tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası iclasa gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş Cavabdeh3 iştirakı olmadan keçirilmiş və mülki iş məhkəmə baxışına təyin edilmiş, müvafiq olaraq tərəflərə məlumat verilmişdir. Cavabdeh növbəti dəfə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmin müraciət təmin edilməyərək iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir.
34. Göründüyü kimi, cavabdehin onun iştirakının təmin edilməməsinə dair dəlili əsassız olmaqla məhkəmə kollegiyasının araşdırması zamanı təkzib olunmuşdur.
35. Cavabdehin digər dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh3 iki epizod üzrə təqsirli bilinmişdir. Belə ki, mülki işdən (İş vər. 18) görünür ki, təqsirləndirilən şəxs Cavabdeh3 əvvəl 20000 manat və sonradan təkrar dələduzluq edərək 5000 manat məbləğində pul vəsaitini İddiaçı almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı yalnız 5000 manat pul vəsaiti qaytarılmışdır (İş vər. 31). Belə olan halda kollegiya apellyantın 5000 manat məbləğində zərər vurulması və pul vəsaitinin qaytarılmasına dair dəlilini əsassız sayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
37. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
38. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
40. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin Cavabdeh3 münasibətdə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
41. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü i tarixli 2(060)-3745/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü i tarixli 2(060)-3745/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.