Məhkəmə qərarları › İş №2(105)-2546/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2546/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2546/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında verilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(060)-653/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı 16.05.2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında verilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı 16.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 və Cavabdeh 24 mart 2018-ci il tarixində nikaha daxil olmuşlar. İddiaçı X3 12.12.2019-cu il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat ofisində Cavabdeh ** BS *** dövlət qeydiyyat nişanlı, Opel Vectra minik nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə vermişdir. Reyestr nömrəsi 25782 olan, X8 tərəfindən tərtib edilmiş və X4 tərəfindən isə təsdiq edilmiş etibarnamənin etibarlılıq müddəti 12.12.2020-ci ilədək olmuşdur. Daha sonra, 29.02.2020-ci il tarixində iddiaçı və cavabdeh arasında münasibətlərdə problem yarandığı üçün iddiaçı “Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi barədə” notarial hərəkət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılması və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Beləliklə, həmin etibarnaməyə iddiaçı tərəfindən 29.02.2020-ci il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat ofisində xitam verilmişdir. Bununla yanaşı İddiaçı 16.05.2020-ci il tarixində Cavabdeh və X2 Sumqayıt şəhər 3 saylı notariat ofisində, ** BS *** dövlət qeydiyyat nişanlı, Opel Vectra minik nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən başqa bir etibarnamə vermişdir. Reyestr nömrəsi 7E-5669 olan, X6 tərəfindən tərtib edilmiş və eyni şəxs tərəfindən təsdiq edilmiş etibarnamənin etibarlılıq müddəti 12.12.2020-ci ilədək olmuşdur. Bundan sonra, iddiaçı 07.09.2020-ci il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat ofisində “Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi barədə” notarial hərəkət etmişdir. Belə ki, iddiaçı 16.05.2020-ci il tarixində, Sumqayıt şəhər 3 saylı notariat ofisində, X2 verdiyi 7E- 5669 nömrəli etibarnamənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılması və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsi barədə müraciət etmiş və qeyd olunan etibarnaməni ləğv etmişdir. 22 sentyabr 2020-ci il tarixində Sumqayıt şəhər “ASAN” xidmət mərkəzinin notariat ofisinə İddiaçı tərəfindən aparılmış notariat hərəkətləri barədə “Elektron notariat” X1 çıxarışların verilməsi barədə sorğu göndərilmişdir. Sumqayıt şəhər “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən 22 sentyabr 2020-ci il tarixində həmin çıxarışların təsdiq edilmiş surətləri iddiaçıya göndərilmişdir. Bu çıxarışlara əsasən iddiaçı tərəfindən verilmiş və daha sonra xitam verilmiş etibarnamələri müəyyən etmək mümkündür. Lakin etibarnamələrə notariat ofislərində xitam verilməsinə baxmayaraq, etibarnamələrin xitamı prosesi tam baş tutmamışdır. Belə ki, cavabdeh, Cavabdeh etibarnamələrin xitam verilməsi müddətindən sonra həmin etibarnamələr əsasında, etibarnamədə göstərilmiş nəqliyyat vasitəsi üzrə alqı-satqı müqaviləsi bağlamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İşə baxan məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları pozulmuş və əsassız qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini İddiaçı tərəfindən Cavabdeh “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş etibarnaməyə 29.02.2020-ci il tarixdə xitam verildiyindən həmin etibarnamənin qanuni qüvvəsi olmadığı halda “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı alqı-satqı hərəkətləri etməsi ilə əsaslandırmışdır. İşdən görünür ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər 24 mart 2018-ci ildə rəsmi nikaha daxil olmuş və İddiaçı 12.12.2019-cu il tarixdə Cavabdeh “Opel Vectra” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək üçün 1 il müddətinə etibarnamə vermiş, həmin etibarnaməyə 29.02.2020-ci il tarixdə də xitam verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 359-cu maddəsi təşkil edir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (Mülki Məcəllənin 359.1, 359.3-cü maddələri). Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Mülki Məcəllənin 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsinə baxmayaraq, mövcud əqdi bağlaması, o cümlədən qanuni qüvvədə olmayan etibarnamədən istifadə edərək avtomobili öz adına keçirməsi bu əqdin etibarsızlığı üçün əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh arasında “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı 16.05.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar