Məhkəmə qərarları › İş №2(105)-2552/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2552/2021

17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2552/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim E.Abdullayev) Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutularaq birgə nikahdan olan 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması və birgə nikahdan olan uşaqların iddiaçının yanında saxlanmaları və hər ay hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat müəyyən edilmişdir. İddiaçı 280 manat alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh iddiaçıya heç bir əlavə köməklik göstərmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsi ilə 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat aliment məbləğinin azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat aliment məbləğinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə cavabdeh 13.06.2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından 11.11.2019-cu il təvəllüdlü X10 adlı üçüncü övladı dünyaya gəlmişdir. Hazırda "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Pandemiya ilə əlaqədar ondan tutulan alimenti ödəməkdə çətinlik çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 2007-ci ildə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuş, birgə nikahdan 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 15.05.2017-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 İddiaçı yanında qalmaları və hər uşaq üçün 125 manat olmaqla ümumilikdə 250 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan Sumqayıt Şəhər Məhkəməsinin 27.03.2019-cu il tarixli, 2(060)-3520/2019 saylı qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq 140 manat ümumilikdə 280 manat müəyyən edilmişdir. Əfsanə İsmyılova artıq üçüncü dəfədir ki, aliment miqdarının artırılmasına dair məhkəmə mübahisəsi açır. Qanunun mənasına görə tərəflərin ailə vəziyyətlərinin dəyişməsi, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Hazırda ikinci dəfə ailə həyatı qurub, 11.11.2019-cu il tarixdə X10 adlı üçüncü övladım dünyaya gəlib. Özü "xxxx" MMCdə işləyir və aylıq əmək haqqı 500 AZN təşkil edir. Hal-hazırki vəziyyətlə, yəni pandemiya ilə əlaqədar olaraq, ondan tutulan alimenti ödəməkdə çətinlik çəkir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, onun həyatıında hər hansı diqqətəlayiq hal baş verməmişdir. Digər rəsmi nikahdan olan övladı nəzərə alınmamışdır. Apelyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən X9 03.10.2008-ci ildə, X6 isə 04.06.2010-cu ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Yenə işdə olan 338408 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11.11.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X1r. İşə əlavə edilmiş 342317 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 13.06.2018-ci ildə X3 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3520/2019 saylı, 27.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6480/2017 saylı, 15.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 03.10.2008-ci il təvəllüdlü X9 və 04.06.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. "xxxx" MMC-nin 022 saylı, 10.03.2021-ci il tarixli arayışına əsasən Zaur Məmədov həmin müəssisədə fəhlə işləyir və aylıq gəliri 500 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarına istinad etmişdir. Həmin qərarın 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Sumqayıt Şəhər Məhkəməsinin 27.03.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan ümumilikdə 280 manat aliment hal hazırda iki uşağın saxlanması və onların zəruri minimal ehtiyaclarının ödənilməsi üçün kifayət edə bilməz. Cavabdeh qarşlıqlı iddia ərizəsində fəhlə işlədiyini və 500 manat əmək haqqı aldığını bildirmiş və hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat alimentin ondan iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində pul uşaqların saxlanmaları üçün kifayət deyildir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, ilk iddia üzrə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuşdur. Onun ikinci dəfə nikaha girməsi və bu nikahdan uşağının olması isə birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi qismən təmin edilməklə nəzərə alınmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hər ay ümumilikdə 300 manat alimenti ödəmək imkanının olmaması barədə məhkəməyə mötəbər sübut növü təqdim etmədiyindən tələbin həmin məbləğdə təmin edilməsi qanuni və əsaslıdır. Buna görə də, alimentin miqdarının bu həddə (əvvəlki cəm məbləğdən 20 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3037/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar