Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2557/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-4220/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-4220/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 2621,60 manat əsas və 22,62 manat faiz borcu olmaqla, cəmi 2644,22 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-ə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-4220/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi, qalan borcun ödəniş qrafiki üzrə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğvi, cavabdehdən 2621,60 manat əsas və 22,62 manat faiz borcu olmaqla, cəmi 2644,22 manat borc və ödənilmiş 30 dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamışdır. Bu səbəbdən qətnamə ləğv edilməlidir. Cavabdeh apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-4220/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi, qalan borcun ödəniş qrafiki üzrə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-4220/2021 saylı qətnaməsin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)- 4220/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019cu il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 60 ay müddətinə, illik 1% olmaqla 2621,60 manat kredit verilmişdir. İş materiallarından olan 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2621,60 manat əsas və 22,62 manat faiz olmaqla, cəmi 2644,22 manat borcu vardır. İş materiallarından olan 08-19-23-097602 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 60 ay müddətində 09.10.2019-cu il tarixdən 09.10.2020-ci il tarixədək hər ay 2,18 manat, 09.10.2020-ci il tarixdən 09.09.2024-cü il tarixədək hər ay 55,74 manat ödəniş etməli idi. İş materiallarından olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019cu il tarixli kredit müqaviləsinin 5.1.2-ci bəndindən görünür ki, borc verən bu müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq kredit və faizlər vaxtında ödənilmədikdə və yaxud qismən ödənildikdə borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb edə bilər. İş materiallarından olan Problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh İddiaçı ASC-ə olan borcundan 1460,39 manat kompensasiya edilmiş, qalan 2621,60 manat isə restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. İş materiallarından olan Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddiaçı ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödəməyi öhdəsinə götürməsini, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməməsini, cavabdehin 2621,60 manat əsas və 22,62 manat faiz borcunun yaranmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 739.1, 379.2, 442, 448.1, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 09.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin 5.1.2-ci bəndinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi 2621,60 manat əsas və 22,62 manat faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh 2621,60 manat əsas və 22,62 manat faiz borcu olması da iş materiallarında olan maliyyə arayışı ilə təsdqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın ödədiyi 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddia tələbi əsaslı olduğundan şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Eyni zamanda borc məbləğinin yeni qrafik əsasında ödənilməsi barədə cavadbehin xahişinə qiymət verərək qeyd edilir ki, cavadbeh qeyd edilən məsələ ilə bağlı iddiaçı banka müraciət edə bilər, Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə 5 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-4220/2021 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(060)-4220/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Məcnun qızının apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2557/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2557/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver