Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-256/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" (keçmiş "xxxx" İKB) ASC-nin Cavabdeh qarşı kredit müqviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3665/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3665/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 4-Y- 1-0-1657-19 saylı, 04.07.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 04 iyul 2019cu il tarixli kredit müqaviləsi üzrə 7827,41 manat əsas borc, 25,57 manat faiz borcu, 9,19 manat cərimə borcu olmaqla, cəmi 7862,17 manat borcun və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu 30 manatın tutularaq İddiaçı ASC -nə ödənilməsi qət edilmişdir. (hakim E.Hüseynov) Cavabdeh bu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 04 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7827,41 manat əsas borc, 25,57 manat faiz borcu və 9,19 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7862,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh 04 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 12000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 23 fevral 2021-ci ilədək Cavabdeh banka 04 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7827,41 manat əsas borc, 25,57 manat faiz borcu və 9,19 manat cərimə borcu olmaqla ümumilikdə 7862,17 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi üzrə banka 2763,31 manat ödəniş etmişdir. Bank hazırkı iddianı qaldırarkən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddətini keçirmişdir. Bundan başqa, mübahisə araşdırılarkən onun iştirakı təmin edilməmiş, nəticədə onun ziyanına qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, məhkəmə baxışı zamanı cavabdeh tərəfindən mövcud borcunun bir hissəsi ödənilsə də, onun ərizəsində göstərdiyi kimi borcu tam ödənilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, səbəblərini bildirmədən məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddiaçıya olan borcunu tam ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 4-Y-1-0- 1657-19 saylı, 04.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə, 12000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 04.07.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 12000 manat məbləğində pul vəsaitini "xxxx" İKB ASC-dən götürmüşdür. Yenə iş materiallarında olan 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 7827,41 manat əsas borc, 25,57 manat faiz borcu, 9,19 manat cərimə borcu olmaqla, cəmi 7862,17 manat borcu vardır. İşə əlavə edilmiş AR Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının 22.11.2019-cu il tarixli çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarına əlavə edilmiş ərizədən və ərizəyə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, məhkəmə baxışı dövründə onun tərəfindən banka olan borcun bir hissəsi dənilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən nümayəndənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3665/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı bankdan 4-Y- 1-0-1657-19 saylı, 04.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, istehlak məqsədilə illik 20 faizlə 36 ay müddətinə 12000 manat kredit götürmüşdür. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq, borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə7827,41 manat əsas borc, 25,57 manat faiz borcu, 9,19 manat cərimə borcu olmaqla, cəmi 7862,17 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, habelə maliyyə arayışı ilə təsdiq olunur. Doğrudur, cavabdeh məhkəmə kollegiyasına ərizə yazaraq borcdan müəyyən məbləğ ödəməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit borcundan müəyyən hissə ödənilməsi qətnamənin icra mərhələsində nəzərə alınacaqdır. Mübahisə birinci instansiya məhkəməsində araşdırılarkən cavabdeh əsas borcun, faiz borcunun və cərimə borcunun olmaması və ya daha da az olması barədə o, məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, işə baxan məhkəmə isə haqlı olaraq borc hissəsində iddianı göstərilən həcmdə təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlıdır. İşdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 04 iyul 2022-ci il tarixdə bitməli idi. Lakin cavabdeh dövri olaraq icra etməli olduğu ödənişləri vaxtında yerinə yetirmədiyindən iddiaçı bank hazırkı iddianı qaldırmışdır və məhkəmə qətnaməsilə tərəflər arasında imzalanmış müqavilə vaxtından öncə ləğv edilmişdir. Göründüyü kimi, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin dəlili absurddur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3665/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-256/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-256/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver