Məhkəmə qərarları › İş №2(105)-257/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-257/2022

13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-257/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(067)-1780/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(067)-1780/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Dövlət Sığorta Kommersiya Şirkətinə dəymiş 43065,85 manat məbləğində maddi zərərin müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq şirkətin bank hesabına ödənilməsi qət edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ilə məhkəməyə müraciət edərək şirkətə dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq şirkətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialında 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr üçün aparılmış audit yoxlaması ilə müəyyən edilmişdir ki, Xaçmaz rayon filialında sığorta işlərinin təşkil edilib aparılmasında, ciddi uçotda sayılan şəhadətnamə və qəbzlərin saxlanılmasında və istifadəsində, sığorta etdirənlərdən alınmış sığorta haqlarının sığorta vasitəçiləri tərəfindən filialın bankda olan hesabına təhvil verilməsində, maliyyə əməliyyatlarının və mühasibata dair işlərin aparılmasında filial direktoru Cavabdeh4, baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 və müqavilə üzrə fəlaliyyət göstərən sığorta vasitəçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ciddi nöqsanlara və pozuntulara yol verilmişdir. Belə ki, ciddi uçot blanklarının qeydiyyatı və istifadəsinə dair 24 və 25 saylı kitablar (mühasibat uçotuna dair digər kitablar, mədaxil və məxaric cədvəlləri, orderlər, mühasibat hesabatları və statistik hesabatlara dair formalar) baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 tərəfindən işlənməmiş, şəhadətnamə və qəbzlərdən istifadə edilməsinə nəzarət edilmədiyinə görə daşınmaz əmlakın icbari sığortası üzrə 20 ədəd, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartı üzrə 16 ədəd, əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 3 ədəd və bütün növ sığortaların mədaxil qəbzi (F.7S) üzrə 17 ədəd olmaqla, cəmi 56 ədəd filialın xəzinəsində baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 öhdəsində olan şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Ümumiyyətlə, audit zamanı cəmi 56 ədəd şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Şirkətdən alınan ciddi uçot blanklarına dair məlumatlar İcbari Sığorta Bürosundan çıxarılmış filialın detallı hesabatları ilə üzləşdirilərkən müəyyən edilmişdir ki, sığorta vasitəçiləri tərəfindən sığorta etdirənlərdən alınmış (toplanılmış) sığorta haqlarının filialın bankda olan hesabına təhvil verilməsinə filialın direktoru və baş mühasib vəzifəsini icra edən Cavabdeh6 tərəfindən nəzarət edilmədiyüinə görə, sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 14 ədəd şəhadətnamə üzrə alınmış 2217 manat, sığorta vasitəçisi Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 19 ədəd şəhadətnamə üzrə alınmış 5620 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən daşınmaz əmlakın icbari sığortasından 69 ədəd şəhadətnamə üzrə alınmış 3044 manat 28 qəpik, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 5 ədəd şəhadətnamə üzrə alınmış 1460 manat və 3-cü şəxs qarşısında məsuliyyət sığortasından alınmış 200 manat, cəmi 3 növ sığorta üzrə alınmış 4704 manat 28 qəpik, ümumiyyətlə 3 sığorta vasitəçisi tərəfindən 108 ədəd sığorta şəhadətnamələri üzrə sığorta etdirənlərdən alınmış 12541 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Bundan başqa, sığorta vasitəçiləri tərəfindən toplanılmış sığorta haqlarına dair tərtib edilmiş hesabatlar (12 cədvəl formalara əsasən) üzrə məlumatlar bank çıxarışları ilə üzləşdirilərkən sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən 120 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən 430 manat olmaqla, cəmi 550 manat sığorta haqqının banka az verildiyi aşkar edilmişdir. Ümumiyyətlə, 3 nəfər sığorta vasitəçisi tərəfindən audit əhatə etdiyi dövrdə alınmış 13091 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli qanununa əsasən 01 aprel 2017-ci il tarixdən nağd hesablaşmaların dayandırılmasına baxmayaraq, bəzi hallarda sığorta vasitəçiləri tərəfindən qanunun 3.4.2-ci maddəsinin tələblərinə əməl edilməyərək sığorta haqları nağd qaydada alınmış, sığorta vasitəçisi Cavabdeh2 tərəfindən toplanmış sığorta haqları 17 halda 30 gündən 253 günədək gecikdirilməklə banka təhvil verilmişdir. Filialda baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 verilmiş göstərişlərə əməl etməmiş, şirkətin razılıq məktubu olmadan filiala məxsus avtomaşının təmiri adı ilə 600 manat vəsait filialın direktoru Cavabdeh4 əmək haqqı kartına vurularaq çıxarılmış, 2 halda 2056 manat 50 qəpik vəsait mal-material alınmasına xərclənmişdir. Filialda işçilərə ödənilməli əmək haqqı, yardım və mükafatlara dair cədvəl formaları tərtib edilməmiş, “Tərlan” istirahət zonasında 2019-cu ildə iyun, iyul, avqust və sentyabr ayları üçün mövsümü işçilərə 1500 manat vəsait ayrılmış, iyul və avqust aylarında 1000 manat işçilərə ödənilmiş və 500 manat qalıq qaldığı halda, 2019-cu ilin oktyabr ayında mövsümü işçilər X12 və X6 iyul və avqust aylarında ödənilmiş 1000 manat nəzərə alınmadan 1500 manat və ya 1000 manat artıq əmək haqqı ödənilmişdir. “Tərlan” istirahət zonası üzrə 2 nəfər işçiyə 2020-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üçün əmək haqqı ödənilməmiş, filialın ştat işçilərinə də 2020-ci ilin noyabr ayı üçün əmək haqqı köçürülməmişdir. Şirkətin 12 sentyabr 2019-cu il tarixli, 05/07-288 saylı məktubuna əsasən hər birinin aylıq vəzifə maaşı 300 manat olmaqla filiala 2 ştat verilmiş, E.Ş.Mahmudov həmin vəzifəyə Şirkətin 07.10.2019-cu il tarixdə, A.N.Baxışov isə 23.10.2019-cu il tarixdə 288 və 316 saylı əmrlərinə əsasən təsdiq edildikləri halda, onlara əmək haqqı düzgün olmayaraq ştat verildiyi, yəni 12 sentyabr tarixdən hesablandığına görə E.Mahmudova 297 manat 82 qəpik, A.Baxışova 458 manat 50 qəpik olmaqla, cəmi 2 halda 756 manat 32 qəpik əmək haqqı artıq verilmişdir. Filial 01 iyul 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək şirkətin müvafiq qərarlarına əsasən işlərin aparılması və əməyin ödənilməsi şərtləri işə muzd iş prinsipi üzrə fəaliyyət göstərmişdir. Normativlərə əsasən hesablanmış 72563 manat fonda qarşı 11 ayda 82894 manat və ya 10331 manat artıq xərclənmişdir. Artıq xərcdən 4956 manatı komission muzd kimi sığorta vasitəçilərinə artıq köçürülmüş, 3050 manat 5 nəfər işçiyə yardım kimi verilmiş və 2325 manatı isə ezamiyyə xərci kimi işçilərin əmək haqqı kartlarına köçürülmüşdür. Şirkətin 14.07.2020-ci il tarixli, 21 saylı qərarında göstərilmiş müddəalara əməl edilməmiş, qərarda işçilərə filial tərəfindən yardımın verilməsi nəzərdə tutulmadığı halda, yuxarıda qeyd edilən 5 nəfər işçidən (vergilər tutulmaqla) S.İbrahimovaya bir halda 440 manat 50 qəpik, Cavabdeh6 bir halda 440 manat 50 qəpik, Cavabdeh5 2 halda 881 manat, A.Baxışova bir halda 275 manat 50 qəpik və S.Muradova bir halda 234 manat 25 qəpik olmaqla, cəmi 6 halda 2271 manat 75 qəpik işçilərin maddi yardıma ehtiyacları olması barədə ərizələri alınmadan işçilərin əmək haqqı kartlarına vurulmuşdur. Filialda ezamiyyə xərcləri ödənilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018-ci il tarixli, 269 saylı Qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “İşçilərin ezamiyyə Qaydaları”nın şərtlərinə əməl edilməmiş, işçilərin ezamiyyətə getmələrinə dair əmr verilməmiş, ezamiyyətə getmələrinə dair işçilərin adına ezamiyyə vərəqələri yazılmadığı və ezamiyyətdə olmalarına dair təh-təl şəxslər tərəfindən avans hesabatlar tərtib edilmədiyi halda, filialın 5 nəfər işçisinə, o cümlədən direktor Cavabdeh4 7 halda 2720 manat, Cavabdeh5 4 halda 1800 manat, S.İbrahimovaya 4 halda 1800 manat, Cavabdeh6 4 halda 1800 manat və A.Baxışova 2 halda 900 manat olmaqla, cəmi 21 halda 9020 manat vəsait ezamiyyə xərci adı ilə əmək haqqı kartlarına qanunsuz olaraq köçürülmüşdür. Müəyyən edilmiş nöqsan və maliyyə pozuntuları ilə əlaqədar məsul şəxslər Cavabdeh6, A.Baxışov və Cavabdeh2 izahat alınmış, S.İbrahimova isə izahat verməkdən imtina etmişdir. Filialın balansında dəyəri 5603 manat olan bir ədəd avtobus və 22632 manat 97 qəpik məbləğdə müxtəlif xərclərə dair sənədlər audit zamanı təqdim edilməyərək çatışmamışdır. Filialda aparılmış əvvəlki auditin nəticəsinə dair şirkətin 20 dekabr 2019-cu il və 16 iyul 2020-ci il tarixli məktublarına cavab verilməmiş, 2018-ci ildə təsərrüfat xərci üzrə artıq xərclənmiş 111 manat bərpa edilməmişdir. İlin sonunda sığorta vasitəçilərinin kassa əməliyyatları yoxlanılmamışdır. Beləliklə, audit yoxlamasının nəticələrinə əsasən qeyd olunan şəxslər tərəfindən ümumilikdə 43065,85 manat olmaqla Dövlət Sığorta Kommersiya Şirkətinə maddi zərər vurulmuşdur. Filialın direktoru Cavabdeh4 və baş mütəxəssis Cavabdeh5 istintaqa cəlb edildikləri üçün onlar Şirkətin 24 noyabr 2020-ci il tarixli 243 saylı əmrinə əsasən tutduqları vəzifədən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək şirkətə dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq şirkətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə iddiaçıya dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada tutulması qənaətinə gələrkən səhvə yol vermiş, cavabdehlərin hər birinin ayrılıqda vurduğu zərərin məbləği konkret məlum olduğu halda, həmin borcun müştərək qaydada tutulması barədə qətnamə çıxarmışıdır. Halbuki, onun borcu cəmi 5620 manatdır, tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 19 ədəd şəhadətnamə üzrə alınmış 5620 manat borc yaranmışdır. Bunun səbəbi iddiaçının barəsində aparılan cinayət işi ilə bağlı şirkətin hesablarının bağlı olması olmuşdur. Nəticədə o, pulu ödəmək imkanından məhrum olmuşdur. Həmin borc onun tərəfindən etiraf edilmiş, həmçinin iddiaçının da ona borcunun olduğunu məhkəmədə bildirmişdir. Buna baxmayaraq, məhkəmənin bütün iclaslarında iştirak etdiyi halda, qətnamədə onun yalnız əvvəlki iclaslarda iştirakı göstərilməklə guya onun müvafiq ərizə ilə müraciət etdiyi qeyd edilmişdir. Halbuki bu həqiqətə uyğun deyildir. Bundan başqa, o, agent müqaviləsi əsasında fəaliyyət göstərmiş və digər şəxslərin borcuna görə cavabdehlik daşımır. Buna baxmayaraq, məhkəmə işin bu hallarını nəzərə almayaraq, digər şəxslərin də borcuna onu cavabdeh kimi qəbul edərək qanunsuz nəticəyə gəlmişdir. Həmin 5620 manat borcun 15 faizi, yəni 843 manat isə komissiya ödənişi kimi geri qaytarılmalı idi ki, məhkəmə işin bu halına da qiymət verməyərək üzərindən keçmişdir. Bundan başqa, iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin də ona ödəniləcək 4689 manat borcu vardır. Dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı rəsmi müraciətlər etsə də, müsbət cavab verilməmiş və borc ödənilməmişdir. O, 2020-ci il mart ayında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə agent müqaviləsi bağlamış, noyabr ayına kimi satışı 194631,5 manat olmuşdur. Bunun müqabilində isə 15% agent komissiyası, yəni 29194 manat komissiya almalı idi. Aldığı rəsmi komissiya isə 24505 olmuş, 4689 manat məbləğində agent komissiyasını Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ödəməkdən boyun qaçırmış, bunun səbəbini onun şirkətə yaşıl kart sığorta müqaviləsi yazıb ödəmədiyi ilə izah edirlər. O, həmin yaşıl kartların ödənişini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialinin müdiri Cavabdeh4 işçilərinin yanında ödəmişdir. Ödənişi əlbəəl verməyinə səbəb şirkətin onlayn ödəniş sisteminin olmaması olmuşdur. Bu qayda şirkətin bütün filiallarında eynidir. Bütün agentlər ödənişi filial rəhbərinə verir. Xaçmaz filalının müdiri 12 noyabr 2020-ci ildə korrupsiyaya görə istintaqa cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin audit yoxlaması nəticəsində debitor borcu göstərilsə də, onlara olan borc barədə heç bir hesablama olmamışdır. Beləliklə, qarşılıqlı hesablaşma aparılarsa onun iddiaçıya olan real borcu 88 (5620-843-4689=88) manat təşkil edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmamış, işə birtərəfli, qeyri-obyektiv və qərəzli baxaraq, qanunsuz və daxili ziddiyyətli qətnamə çıxarmışdır. İş materiallarında olan 05 oktyabr 2018-ci il tarixli, SA- 0052 qeydiyyat nömrəli lisenziyadan müəyyən olunur ki, ona sığorta agenti fəaliyyəti həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan 01 iyul 2020-ci il tarixli, 3 nömrəli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə onun arasında vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsi bağlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə işin həqiqi halları və tərəflərin qarşılıqlı hüquq münasibətlərinə uyğun olmamaqla qanunsuz, əsassız və ədalətsizdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni borcun müştərək qaydada tutulması hissəsində ləğv edilməsi və ondan iddiaçının xeyrinə 88 manat pulun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı təşkilatın filialında Cavabdeh6 müvəqqəti olaraq mühasib vəzifəsini icra etmişdir. İddiaçı tərəfin irəli sürdüyü 43065,85 manat zərərin ödənilməsi tələbinin Cavabdeh6 üzərinə qoyulması qanunsuz və əsassızdır. Qətnamədə qeyd edilir ki, aparılmış audit yoxlaması zamanı Cavabdeh6 mühasib olaraq ciddi uçot blanklarının qeydiyyat və istifadəsinə dair 24 və 25 saylı kitablar, mədaxil məxaric cədvəli jurnal, orderlər, mühasibat hesabatları işləməmiş, onun öhdəsində olan qəbz və şəhadətnamələr çatışmamışdır. O, filialın məsul əməkdaşları tərəfindən toplanmış sığorta haqlarını filialın mühasibi kimi filialın bankda olan hesabına vermişdir. Cavabdeh6 həvalə edilən müvəqqəti baş mühasib vəzifəsini 3 ay müddətində icra etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin uçota dair arayışında qeyd olunur ki, Cavabdeh3 17.04.2020-ci il tarixdə vergi ödəyicisinin vergi reyestrində 30.04.2020-ci il tarixdən 30.04.2025-ci ilədək sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları dayandırılmışdır. Vergi dayandırıldığı, vergi ödəyicisi olmadığı halda məhkəmə qətnaməsində görünür ki, bir il müddətində aparılmış audit yoxlaması nəticəsində pozuntulara dair heç bir konkret tarix müəyyən edilməmişdir. Dövlət Sığorta Komersiya Şirkətinin Xaçmaz filialında mənimsəmə olsaydı, bu hal çoxdan özünü biruzə verərdi. Hər il Dövlət Sığorta Komersiya Şirkətinin Xaçmaz filialına audit yoxlaması gəlmiş və heç bir nöqsan tapmamışdır. Ancaq Cavabdeh4 həbs ediləndən sonra bu hallar üzə çıxmışdır. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh1 nümayəndəsi X10 məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər X2 və Cavabdeh3 özlərinin apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X13 məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz rayon filialında 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək dövr üçün aparılmış auditin nəticəsinə dair rəydən görünür ki, Xaçmaz rayon filialında audit şirkətin 07 dekabr 2020-ci il tarixli, 257 saylı əmrinə əsasən Daxili Audit departamentinin baş auditoru Ü.M.Seyidov tərəfindən aparılmışdır. Audit 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək dövrü əhatə etmiş, filialın direktoru Cavabdeh4 istintaqa cəlb edilməsi ilə əlaqədar filiala məxsus bəzi sənədlərin tapılması və araşdırılması üçün ezamiyyə müddəti Şirkətin 18 dekabr 2020-ci il tarixli, 271 saylı əmrinə əsasən 5 iş günü artırılmışdır. Filialın direktoru Cavabdeh4 və baş mütəxəssis Cavabdeh5 istintaqa cəlb edildikləri üçün onlar Şirkətin 24 noyabr 2020-ci il tarixli, 243 saylı əmrinə əsasən tutduqları vəzifədən kənarlaşdırılmış, Xaçmaz rayon filialında inzibati idarəçilik və maliyyə əməliyyatlarının aparılması müvəqqəti olaraq Qusar rayon filialının direktoru X9 həvalə edilmişdir. Aparılmış auditlə müəyyən edilmişdir ki, filialın işçiləri tərəfindən sığortanın inkişaf etdirilməsilə əlaqədar bəzi tədbirlər görülsə də, filialda sığorta işlərinin təşkil edilib aparılmasında, ciddi uçotda sayılan şəhadətnamə və qəbzlərin saxlanılmasında və istifadəsində, sığorta etdirənlərdən alınmış sığorta haqlarının sığorta vasitəçiləri tərəfindən filialın bankda olan hesabına təhvil verilməsində, maliyyə əməliyyatlarının və mühasibata dair işlərin aparılmasında filialın direktoru Cavabdeh4, baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 və müqavilə üzrə fəaliyyət göstərən sığorta vasitəçiləri sabiq Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ciddi nöqsanlara və maliyyə pozuntularına yol verilmişdir. Belə ki, ciddi uçot blanklarının qeydiyyatı və istifadəsinə dair 24 və 25 saylı kitablar (mühasibat uçotuna dair digər kitablar, mədaxil və məxaric cədvəlləri, jurnal, orderlər, mühasibat hesabatları və statistik hesabatlara dair formalar) baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 tərəfindən işlənməmiş, şəhadətnamə və qəbzlərdən istifadə edilməsinə nəzarət edilmədiyinə görə daşınmaz əmlakın icbari sığortası üzrə 20 ədəd, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartı üzrə 16 ədəd, əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 3 ədəd və bütün növ sığortaların mədaxil qəbzi (F.7S) üzrə 17 ədəd olmaqla, cəmi 56 ədəd filialın xəzinəsində baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 öhdəsində olan şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Ümumiyyətlə, audit zamanı cəmi 56 ədəd şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Şirkətdən alınan ciddi uçot blanklarına dair məlumatlar İcbari Sığorta Bürosundan çıxarılmış filialın detallı hesabatları ilə üzləşdirilərkən müəyyən edilmişdir ki, sığorta vasitəçiləri tərəfindən sığorta etdirənlərdən alınmış (toplanılmış) sığorta haqlarının filialın bankda olan hesabına təhvil verilməsinə filialın direktoru və baş mühasib vəzifəsini icra edən Cavabdeh6 tərəfindən nəzarət edilmədiyinə görə, sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 14 ədəd şəhadətnamə üzrə alınmış 2217 manat, sığorta vasitəçisi Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 19 ədəd şəhadətnamə üzrə alınmış 5620 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən daşınmaz əmlakın icbari sığortasından 69 ədəd şəhadətnamə üzrə alınmış 3044 manat 28 qəpik, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 5 ədəd şəhadətnamə üzrə alınmış 1460 manat və 3-cü şəxs qarşısında məsuliyyət sığortasından alınmış 200 manat, cəmi 3 növ sığorta üzrə alınmış 4704 manat 28 qəpik, ümumilikdə 3 sığorta vasitəçisi tərəfindən 108 ədəd sığorta şəhadətnamələri üzrə sığorta etdirənlərdən alınmış 12541 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Bundan başqa, sığorta vasitəçiləri tərəfindən toplanılmış sığorta haqlarına dair tərtib edilmiş hesabatlar (12 cədvəl formalara əsasən) üzrə məlumatlar bank çıxarışları ilə üzləşdirilərkən sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən 120 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən 430 manat olmaqla, cəmi 550 manat sığorta haqqı banka az verildiyi aşkar edilmişdir. Ümumiyyətlə 3 nəfər sığorta vasitəçisi tərəfindən audit əhatə etdiyi dövrdə alınmış 13091 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli qanununa əsasən 01 aprel 2017-ci il tarixdən nağd hesablaşmaların dayandırılmasına baxmayaraq, bəzi hallarda sığorta vasitəçiləri tərəfindən qanunun 3.4.2-ci maddəsinin tələblərinə əməl edilməyərək sığorta haqları nağd qaydada alınmış, sığorta vasitəçisi Cavabdeh2 tərəfindən toplanmış sığorta haqları 17 halda, 30 gündən 253 günədək gecikdirilməklə banka təhvil verilmişdir. Filialda baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 verilmiş göstərişlərə əməl etməmiş, Şirkətin razılıq məktubu olmadan filiala məxsus avtomaşının təmiri adı ilə 600 manat vəsait filialın direktoru Cavabdeh4 əmək haqqı kartına vurularaq çıxarılmış, 2 halda 2056 manat 50 qəpik vəsait mal-material alınmasına xərclənmişdir. Filialda işçilərə ödənilməli əmək haqqı, yardım və mükafatlara dair sədvəl formaları tərtib edilməmiş, “Tərlan” istirahət zonasında 2019-cu ildə iyun, iyul, avqust və sentyabr ayları üçün mövsümü işçilərə 1500 manat vəsait ayrılmış, iyul və avqust aylarında 1000 manat işçilərə ödənilmiş və 500 manat qalıq qaldığı halda, 2019-cu ilin oktyabr ayında mövsümü işçilər X12 və X6 iyul və avqust aylarında ödənilmiş 1000 manat nəzərə alınmadan 1500 manat və ya 1000 manat artıq əmək haqqı ödənilmişdir. “Tərlan” istirahət zonası üzrə 2 nəfər işçiyə 2020-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üçün əmək haqqı ödənilməmiş, filialın ştat işçilərinə də 2020-ci ilin noyabr ayı üçün əmək haqqı köçürülməmişdir. Şirkətin 12 sentyabr 2019-cu il tarixli, 05/07-288 saylı məktubuna əsasən hər birinin aylıq vəzifə maaşı 300 manat olmaqla filiala 2 ştat verilmiş, U.Ş.Mahmudov həmin vəzifəyə Şirkətin 07.10.2019-cu il tarixdə, A.N.Baxışov isə 23.10.2019-cu il tarixdə 288 və 316 saylı əmrlərinə əsasən təsdiq edildikləri halda, onlara əmək haqqı düzgün olmayaraq ştat verildiyi, yəni 12 sentyabr tarixdən hesablandığına görə E.Mahmudova 297 manat 82 qəpik, A.Baxışova 458 manat 50 qəpik olmaqla, cəmi 2 halda 756 manat 32 qəpik əmək haqqı artıq verilmişdir. Filial 01 iyul 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək Şirkətin müvafiq qərarlarına əsasən işlərin aparılması və əməyin ödənilməsi şərtləri işəmuzd iş prinsipi üzrə fəaliyyət göstərmişdir. Normativlərə əsasən hesablanmış 72563 manat fonda qarşı 11 ayda 82894 manat və ya 10331 manat artıq xərclənmişdir. Artıq xərcdən 4956 manatı komission muzd kimi sığorta vasitəçilərinə artıq köçürülmüş, 3050 manat 5 nəfər işçiyə yardım kimi verilmiş və 2325 manatı isə ezamiyyə xərci kimi işçilərin əmək haqqı kartlarına köçürülmüşdür. Şirkətin 14.07.2020-ci il tarixli, 21 saylı qərarında göstərilmiş müddəalara əməl edilməmiş, qərarda işçilərə filial tərəfindən yardım verilməsi nəzərdə tutulmadığı halda, S.İbrahimovaya bir halda 440 manat 50 qəpik, Cavabdeh6 bir halda 440 manat 50 qəpik, Cavabdeh5 2 halda 881 manat, A.Baxışova bir halda 275 manat 50 qəpik və S.Muradova bir halda 234 manat 25 qəpik olmaqla, cəmi 6 halda 2271 manat 75 qəpik işçilərin maddi yardıma ehtiyacları olması barədə ərizələri alınmadan işçilərin əmək haqqı kartlarına vurulmuşdur. Filialda ezamiyyə xərcləri ödənilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018ci il tarixli, 269 saylı Qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “İşçilərin ezamiyyə Qaydaları”nın şərtlərinə əməl edilməmiş, işçilərin ezamiyyətə getmələrinə dair əmr verilməmiş, ezamiyyətə getmələrinə dair işçilərin adına ezamiyyə vərəqələri yazılmadığı və ezamiyyətdə olmalarına dair təhtəl şəxslər tərəfindən avans hesabatlar tərtib edilmədiyi halda, filialın 5 nəfər işçisinə, o cümlədən direktor Cavabdeh4 7 halda 2720 manat, Cavabdeh5 4 halda 1800 manat, S.İbrahimovaya 4 halda 1800 manat, Cavabdeh6 4 halda 1800 manat və A.Baxışova 2 halda 900 manat olmaqla, cəmi 21 halda 9020 manat vəsait ezamiyyə xərci adı ilə qeyd edilən işçilərin əmək haqqı kartlarına qanunsuz olaraq köçürülmüşdür. Filialın balansında dəyəri 5603 manat olan bir ədəd avtobus və 22632 manat 97 qəpik məbləğdə müxtəlif xərclərə dair sənədlər audit zamanı təqdim edilməyərək çatışmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 18 sentyabr 2018-ci il tarixli, 228 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh6 20 sentyabr 2018-ci il tarixdən Xaçmaz rayon filialına müvəqqəti olaraq 3 ay müddətinə baş mühasib vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 31 yanvar 2020-ci il tarixli, 17 nömrəli əmrin surətindən görünür ki, Xaçmaz rayon filialının baş mütəxəssisi Cavabdeh3 03 fevral 2020-ci il tarixdən ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan 21 iyul 2009-cu il tarixli, 000222 nömrəli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Cavabdeh2 sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan 2009-cu il tarixli, 1 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə Cavabdeh2 arasında vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsi bağlanmışdır. İş materiallarında olan 05 oktyabr 2018-ci il tarixli, SA-0052 qeydiyyat nömrəli lisenziyanın surətindən görünür ki, Cavabdeh1 sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan 01 iyul 2020-ci il tarixli, 3 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsi bağlanmışdır. İş materiallarında olan 21 may 2013-cü il tarixli, 000936 nömrəli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Cavabdeh3 oğluna sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 17 dekabr 2021-ci il tarixli, 031440 saylı məktubundan görünür ki, daxili audit yoxlamaları nəticəsində Şirkətə Cavabdeh6 tərəfindən 8084,29 manat, Cavabdeh4 tərəfindən 16934,29 manat, Cavabdeh2 tərəfindən 10090,28 manat, Cavabdeh1 tərəfindən 5620 manat və Cavabdeh3 tərəfindən 2337 manat zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-716/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(105)-487/2021 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-716/2021 saylı, 03 may 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh4 müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə dəymiş 43065,85 manat məbləğində maddi zərərin müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq şirkətin bank hesabına ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı təşkilata dəymiş 43065,85 manat məbləğində maddi zərərin müştərək qaydada cavabdehlərdən tutarkən prosessual hüquq normasının tələblərini pozmuşdur. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə bağlanmış tapşırıq müqavilələrinə əsasən sığorta agenti kimi fəaliyyət göstərmiş, onların hər biri ilə ayrılıqda tapşırıq müqaviləsi bağlanmış, Cavabdeh6 isə həmin filialda baş mühasib vəzifəsində işləmişdir. Belə olan halda, cavabdehlərdən hər birinin məsuliyyəti müştərək ola bilməzdi. Azərbaycan Respublikasının MPM-nin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək şirkətə dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq şirkətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İ/v-224). Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tələb etdiyi 43065,85 manat maddi zərərin 16934,29 manatı Cavabdeh4 aiddir və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı təşkilat həmin məbləği Cavabdeh4 tələb etməmişdir. Belə olan halda, 43065,85 manat maddi zərərin 16934,29 manat hissəsinin də cavabdehlərdən müştərək qaydada tutulması qanunsuz və əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasıhesab edir ki, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 937.2.1 və 937.2.2-ci maddələrinə əsasən sığortaçı sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılmasını onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər. Azərbaycan Respublikasının MM-nin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materillarından, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Xaçmaz filialında 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr üçün aparılmış audit yoxlamasının nəticələrindən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 17 dekabr 2021-ci il tarixli, 031440 saylı məktubundan görünür ki, Cavabdeh2 tapşırıq müqaviləsi əsasında əldə etdiyi 10090,28 manatı, Cavabdeh1 5620 manatı və Cavabdeh3 2337 manatı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödəməmişlər. Məhkəmə kollegiyası yuxarıd qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edib hesab edir ki, Cavabdeh2 10090,28 manat, Cavabdeh1 5620 manat və Cavabdeh3 2337 manat tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Cavabdeh1 apellyasiya şikayətində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 5620 manat borcu olduğunu etiraf etmiş, lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 4689 manat məbləğində komission faizinin verilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı hər hansı tələb irəli sürülməmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh6 8084,29 manat tələb etmişdir. Cavabdeh6 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialında baş mühasib vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə görə bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsində işçi qanunazidd hərəkətləri ilə hansı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı müəyyən edilmişdir. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh6 konkret olaraq hansı qanunazidd hərəkətlər törətməsi, hansı hərəkətləri ilə konkret olaraq hansı miqdarda ziyan vurması, Cavabdeh6 ilə tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh6 qarşı olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətlərində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(067)-1780/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 10090,28 (on min doxsan manat 28 qəpik) manat, Cavabdeh1 5620 (beş min altı yüz iyirmi) manat və Cavabdeh3 2337 (iki min üç yüz otuz yeddi) manat tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İddia tələbi Cavabdeh6 qarşı olan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar