Məhkəmə qərarları › İş №2(105)-257/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-257/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-257/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(034)-409/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(034)-409/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim G.İmanova) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları məbləğində pulun və 146 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə 2017-ci il tarixdə təsadüfən tanış olmuşdur. Bir müddət sonra cavabdeh ondan şəxsi ehtiyacları üçün borc pul verməyi xahiş etmişir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2017-ci tarixdə kredit müqaviləsinə əsasən cavabdehə 11.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh almış olduğu pulu bir il müddətinə qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. 2021-ci il tarixdə həbsdə olduğundan cavabdehdən pulunu tələb edə bilməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə onun müqavilə üzrə borcunu tələb etməyə haqqı və hüququ vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdehin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən krediti ödəmək üçün son müddət 22 iyun 2018-ci il tarixi müəyyən edilmişdir. Müqavilənin müddəti 22 iyun 2018-ci ildə bitdiyinə görə iddia müddətinin axımı həmin müddətdən başlayaraq hesablanmalıdır. MM-in 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bundan əlavə bir çox xoşagəlməz hallar olmuşdur ki, iddiaçı vaxtında hüquqlarını müdafiə edə bilməmişdir. O, bir ildən artıq müddətdə cəzaçəkmə müəssisəsində olmuş, həm maddi cəhətdən çətinlik çəkmiş, həm də səhhətində problemlər yaranmışdır. O, cəzaçəkmə müəssisəsində olduğu müddətdə sənədlərin əsli götürülmüşdür. Sonradan cəza müddəti bitdikdən sonra notariat ofisindən adına olan müqavilələri əldə etmiş və dərhal məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlar onun tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı qeyd olunsa da, məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Əlavə etdi ki, cavabdehin atası ilə onun əvvəldən tanışlığı olmuş və sonuncu ilə işgüzar münasibətdə olmuşlar. Cavabdehi də məhz atasına görə tanımışdır. Cavabdeh o vaxtlar polis akademiyasında təhsil alırdı. Cavabdeh ona pul lazım olduğunu bildirmiş, iddiaçı da, cavabdehin atasının razılığı ilə cavabdehə hazırkı mübahisəni təşkil edən krediti vermişdir. Notariusda müqavilə bağlanan zaman cavabdehə 11000 ABŞ dolları məbləğində pulu əlbəəl vermişdir. Aralarındakı razılaşmaya əsasən həmin kredit bir il müddətinə iddiaçıya qaytarılmalı idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmişdir. Hazırkı iddia tələbi üzrə iddia müddəti ondan aslı olmayan səbəblərdən ötürülmüşdür. İş üzrə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Əlavə etdi ki, iddiaçı ilə cavabdehin atası işgüzar münasibətdə olmuşlar. Hazırkı mübahisə üzrə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi də iddiaçı ilə cavabdehin atasının razılaşmasına əsasən bağlanmışdır. Sadəcə müqavilə bağlanan zaman cavabdehin atası Rusiya Federasiyasında olduğundan müqavilə tərəfi kimi cavabdeh qeyd olunmuş və müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Həmin kredit müqaviləsi üzrə kredit də, iddiaçı tərəfindən cavabdehin atasına göndərilmişdir. Cavabdeh özü həmin krediti əldə etməmiş və kreditdən istifadə etməmişdir. Bundan başqa iddiaçı kredit məbləğinin guya cavabdehin işə düzəldilməsi məqsədi ilə lazım olduğunu bildirir ki, cavabdeh həmin vaxt polis akademiyasında təhsil alırdı və məlum olduğu kimi akademiya məzunları dövlət tərəfindən təyinatla vəzifəyə təyin olunurlar. Bu barədə iddiaçının iddiası absurddur. Həmçinin kredit müqaviləsinin bağlandığı tarixdən təxminən 4 il keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir ki, göründüyü kimi tələb üzrə iddia müddəti də ötürülmüşdür. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2018-ci ilədək qaytarmaq şərti ilə 11.000 ABŞ dolları borc vermişdir. Yenə iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 24/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Nuhiyev X1 Respublikası CMnin 192.2.2-ci maddəsi ilə təqsirli bilinərək sahibkarlıq fəaliyyəti iə məşğul olmaq hüququndan 03 il müddətinə məhrum olunmaqla 02 il 08 ay 16 gün müddətinə azadlığın məhdudaşdırılması cəzasına məhkum edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh xx.xx.2018-ci ilədək qaytarmaq şərti ilə 11.000 ABŞ dolları kredit vermişdir. Cavabdeh sözügedən kredit müqaviləsində nəzərdə tutulan kredit məbləğini iddiaçıya qaytarmamış, nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə yaranmış mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Cavabdeh həmin müqavilənin formal bağlanmasını, ona həmin pulun verilməməsini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun bu müqaviləni indiyədək mübahisələndirməməsi, müqavilənin qüvvədə olması da onun dəlillərini inkar edir. Məhkəmə kollegiyası hər bir halda, notarial qaydada bağlanmış müqaviləni daha mötəbər və etibarlı sənəd kimi qəbul edir və hesab edir ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir. Əslində cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməklə özü də dolayısı ilə olsa da, bu faktı etiraf etmiş olur. Başqa sözlə, cavabdehin qeyd olunan kredit müqaviləsinə əsasən iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu səbəbdən də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. AR Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ. Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarları) İşdən göründüyü kimi, cavabdeh qeyd olunan kredit müqaviləsindən yaranan hazırkı mübahisə üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülməsini bildirərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edildiyi kimi tələb olunan 11.000 ABŞ dolları borc məbləği xx.xx.2018-ci ilədək qaytarmaq şərti ilə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında verilmişdir. Hazırki tələblə bağlı iddia müddətinin axımı xx.xx.2018-ci ildən başlamışdır. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçı hazırki tələblə bağlı məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Başqa sözlə, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə tərəflər arasında münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklərlə bağlı İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı cavabdehə tələb etdiyi məbləğdə borc pul verməsini sübut etsə də, iddia müddətini ötürmüşdür və buna görə də bütün hallarda iddia təmin oluna bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı iddia müddətini üzürlü səbəbdən ötürdüyünü bildirərək bunu onunla əsaslandırmışdır ki, o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müəssisəsində olduğundan, lazımi sənədlər onda olmadığından, eləcə də xəstəliyi səbəbilə vaxtında iddia qaldıra bilməmişdir. Məhkəmə kollegiyası onun bu dəlilləri ilə razılaşmır. Belə ki, iddia müddətinin axımının dayandırılması Mülki Məcəllənin 379-cu maddəsi ilə tənzimlənir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçının gətirdiyi əsaslar həmin maddənin təsiri altına düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(034)- 409/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 74 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar