Məhkəmə qərarları › İş №2(105)-2578/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2578/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2578/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş pul tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(074)-656/2108 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53000 (əlli üç min) manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən məruzəçi hakim G.Tağızadə, hakimlər T.Quliyev və E.Rəhimov) Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən məruzəçi hakim Ə.Əliyev, hakimlər Ə.Mirzəliyev və V.İbayev) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abbasov (sədrlik edən, məruzəçi), A.Abbasov və T.Məmmədov, 2(105)- 453/2020 saylı mülki iş) hazırki iş Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 3000 manat tutularaq İddiaçı1 ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən məruzəçi hakim İ.Xəlilov, hakimlər Ə.Əhmədov və M.Əhmədova) İddiaçı1 kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrin 58.000 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə həm də 12.000 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Rasim və İnqilab qardaşları onu evdən çağırıb ona demişlər ki, Rasim evini satır. Həmin evi onun alıb-almamağını soruşmuşlar. Belə ki, Rasim Tahirə, Raqibə, Xaliqə pul borcu olmuşdur. Rasimin borcunun məbləği 58000 manat idi. Rasimin evini almağa razılaşmış, evin qiyməti onun tərəfindən alınmasına 70000 manata razılaşmışlar. Rasimə onun ümumi borcu olduğu, yəni 58000 manatı Rasimə vermişdir. Aralarında 58000 manatın Rasim tərəfindən alınması ilə bağlı xx.xx.2015-ci il tarixdə qəbz yazılmışdır. Bu qəbzi Rasimin qardaşı İnqilab Rasimin razılığı ilə yazmışdı.Eyni zamanda da, qəbzin tərtibatında şahidlik edənlər Xalıq Xudaverdiyev, Əhməd Tarverdiyev və Arzu Mahmudova adlı şəxslər iştirak etməklə yanaşı, həmin qəbzi imzalamışlar. Həmin qəbzdə qeyd edilmişdir ki, “alınmış 58.000 manat pulu noyabr ayının axırına qədər borc kimi almışam, əgər pulu qaytarmasam ya evimi pulun yerinə verəcəm, yada öz obyektimi pulun əvəzinə verəcəm, bunları mən Rasim qardaşımın razılığı yazdım.” Bununla yanaşı Rasim qəbzi imzalamaqla qəbzdə “yazılanları qardaşım yazdı mənim şahidliyimlə” sözləri ilə qeyd edilmişdir.Bütün bunlardan sonra Rasimə verdiyi 58.000 manat pulun qarantı kimi Rasim Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 35 saylı evini onun adına keçirmişdir. Bankdan pulu götürüb Rasimin borclarını vermiş, bunun əvəzində isə bəhs etdiyi qəbz ona verilmişdir. Bir müddət sonra Rasimgil ondan Azərbaycan Respublikası DİN-nə şikayət etmişdir. Sonra barəsində cinayət işi başlanmış və nəticə etibarı ilə barəsində olan şikayət əsassız olduğundan istintaq tərəfindən cinayət işinin icraatına xitam verilmişdir. Barəsində olan böhtan xarakterli şikayətlər nəticəsində mənəvi və maddi sarsıntılar keçirdiyini bildirdi. Eyni zamanda bildirdi ki, cavabdehlər həmin məbləğdən 5000 manatının qaytarmışlar və hal-hazırda 53000 manat borcları vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Həmin qətnamə yalnız iddiaçı tərəfin hüquqlarını təmin edir. Məhkəmə sırf formal mülahizələr əsasında qərar çıxarmış, iş üzrə ciddi əhəmiyyət kəsb edən sübutları araşdırmamışdır. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiysından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiysından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsini cavabdehlərin etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 82.3-cü, 385.1., 739.1, 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmış və yeni apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilmiş, bu nəticədən narazı qalan iddiaçının kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apellyasiya qaydasında mübahisələndirməyən hissədə yoxlayıb qiymət verməkdə haqlı olmadığını, tərəflər arasındakı əvvəlki digər mübahisələrdə açıq-aydın iddiaçının həmin qəbzin tərtib olunması ilə 58000 manat pulu cavabdehlərə verdiyi və cavabdehin həmin puldan hazırda onun xeyrinə izahatlar vermiş şəxslərə olan borcunu ödəməsinin məlum olduğunu, işə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə xx xxxx 2017-ci il tarixli qərarı). İşdən görünür ki, İddiaçı1 Cavabdeh1 58.000 manatı borc pul verdiyini, aralarında 58.000 manatın Rasim tərəfindən alınması ilə bağlı xx.xx.2015-ci il tarixdə qəbz yazıldığını, bu qəbzi Rasimin qardaşı İnqilab Rasimin razılığı ilə yazdığını, həmin qəbzdə “alınmış 58.000 manat pulu noyabr ayının axırına qədər borc kimi almışam, əgər pulu qaytarmasam ya evimi pulun yerinə verəcəm, ya da öz obyektimi pulun əvəzinə verəcəm, bunları mən Rasim qardaşımın razılığı yazdım.”, bununla yanaşı Rasim qəbzi imzalamaqla qəbzdə “yazılanları qardaşım yazdı mənim şahidliyimlə” sözləri ilə qeyd edildiyini, bununla da cavabdehlərin onun qarşısında olan öhdəliyini lazımınca icra etmədiyini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386.1. maddələri). Mülki Məcəllənin 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (Mülki Məcəllənin 442, 448.1. və 448.2. maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında X3 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2009cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Göründüyü kimi cavabdehlər aralarında yazılmış qəbz əsasında iddiaçıdan götürdüyü məbləği geri qaytarmalı olduğu halda bu öhdəliklərini kobud şəkildə pozaraq 53000 (əlli üç min) manat məbləğində pulu qaytarmamaqla, iddiaçıya maddi ziyan vurduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğində pulu 53000 (əlli üç min) manatını cavabdehlərdən tələb etməkdə haqlı olması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında əvvəllər ev alqı-satqısına dair məhkəmə mübahisəsi olmuş, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanan Şamaxı şəhəri Nəriman Nərimanov küçəsi 35 nömrəli evə dair Şamaxı rayon Notariat kontorunda təsdiq olunmuş xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli, reyestrdə 4Ə-643 sayla qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyi və həmin qətnamə ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək şərti ilə, yəni borcun əvəzinə bağlanmış əqd olmasının müəyyən edilmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-nin 82.3-cü maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdehlər iddiaçının tələbinin əksini təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin mübahisə olunan qəbzdəki imzanın A.Mahmudov tərəfindən imzalanmaması barədə dəlilinə gəldikdə qeyd edir ki, X3 Avropa Məhkəməsi “X2rşı” üş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu mənada məhkəmə kollegiyası cavabdehin bu hüququndan məhrum etməmək məqsədilə göstərdiyi dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Qeyd etmək lazımdır ki, iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2019-cu il 4818 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə mübahisə olunan qəbzdəki imzanın şahid A.Mahmudov tərəfindən icra olunması göstərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə də razılaşmır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri 260 (iki yüz altmış) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri 260 manat alınaraq Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar