Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2590/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-933/2010 saylı qərardadından Cavabdeh1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-933/2010 saylı qərardadı ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması, tələbin saxlanca verilmiş zinət əşyalarına yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh1 ərizəsindən imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmış, Cavabdeh1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsi ilə İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc üzrə 3721 ABŞ dollarının, kredit faizləri üzrə 563 ABŞ dollarının, cərimə üzrə 186 ABŞ dollarının, cəmi 4470 ABŞ dolları məbləğinin Azərbaycan manatına ekvivalent olan məbləği, habelə 20 manat dövlət rüsumunun tutulması, tutmanın SG-504670-2562-2009 nömrəli, 15.04.2009-cu il tarixli girov müqaviləsinə əsasən borcun təminatı kimi girov qoyulmuş 3,6 qram çəkisi olan 583 əyar 1 ədəd kulonlu boyunbağıya, 4,2 qram çəkisi olan 750 əyar 1 dəst üzük və sırğaya, 30,2 qram çəkisi olan 583 əyar 1 dəst sep və qolbağa, 4,7 qram çəkisi olan 583 əyar 2 ədəd qolbağa, çəkisi 5,8 qram olan 585 əyar qırıntıya, ümumi çəkisi 38,5 qram olan 583 əyar, çəkisi 4,2 qram olan 750 əyar, çəkisi 5,8 qram olan 585 əyar qızıl zinət əşyalarına yönəldilməsi, həmin zinət əşyalarının hərracda satılması və əldə edilmiş məbləğdən 4470 ABŞ dollarının Azərbaycan manatına ekvivalent olunan məbləğinin İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə edilən məbləğ 4470 ABŞ dollarının Azərbaycan manatına ekvivalent olan məbləğində borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borcun Cavabdeh1 və Cavabdeh2 tutulması qət edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-933/2010 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh1 ərizəsindən imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, qərardadda maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi dərindən araşdırmamışdır, maddi və prosessual hüquq normalarını tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə onun arasında müqavilə 2009-cu il tarixdə bağlanmışdır. Bank Sumqayıt Şəhər Məhkəməsində ona qarşı iddianı isə 2010-cu ildə qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-933/2010 saylı, 09.04.2010-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. İş materiallarına qiyabi qətnaməni 22.04.2010-cu il tarixdə almağına dair poçt göndərişinin verilməsi barədə sənəd əlavə edilmişdir. Halbuki o, heç bir sənədə imza edərək qiyabi qətnaməni götürməmişdir. Həmçinin qiyabi qətnaməni götürmüş olsaydı, məhkəmə tərəfindən qiyabi qətnamə deyil, qətnamə çıxarılmış olardı. Bütün bunlara baxmayaraq məhkəmə işi dərindən araşdırmayaraq əsassız qərardad qəbul etmişdir. Belə ki, məhkəmə prosesində dəfələrlə poçt göndərişinin verilməsi barədə xəbərnamədəki imzanın ona aid olmadığını bildirsə də, məhkəmə imzanın dəqiqliyini müəyyən etmək üçün heç bir ekspertiza təyin etməmişdir. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək qiyabi qətnamənin ləğv edilməsi və işin aidiyyatı üzrə baxılmasına dair qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 şikayətdə göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qərardadının ləğv olunmasını xahiş etdi. İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən, İddiaçı açıq səhmdar cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsi ilə İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc üzrə 3721 ABŞ dollarının, kredit faizləri üzrə 563 ABŞ dollarının, cərimə üzrə 186 ABŞ dollarının, cəmi 4470 ABŞ dolları məbləğinin Azərbaycan manatına ekvivalent olan məbləği, habelə 20 manat dövlət rüsumunun tutulması, tutmanın SG-504670-2562-2009 nömrəli, 15.04.2009-cu il tarixli girov müqaviləsinə əsasən borcun təminatı kimi girov qoyulmuş 3,6 qram çəkisi olan 583 əyar 1 ədəd kulonlu boyunbağıya, 4,2 qram çəkisi olan 750 əyar 1 dəst üzük və sırğaya, 30,2 qram çəkisi olan 583 əyar 1 dəst sep və qolbağa, 4,7 qram çəkisi olan 583 əyar 2 ədəd qolbağa, çəkisi 5,8 qram olan 585 əyar qırıntıya, ümumi çəkisi 38,5 qram olan 583 əyar, çəkisi 4,2 qram olan 750 əyar, çəkisi 5,8 qram olan 585 əyar qızıl zinət əşyalarına yönəldilməsi, həmin zinət əşyalarının hərracda satılması və əldə edilmiş məbləğdən 4470 ABŞ dollarının Azərbaycan manatına ekvivalent olunan məbləğinin İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə edilən məbləğ 4470 ABŞ dollarının Azərbaycan manatına ekvivalent olan məbləğində borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borcun Cavabdeh1 və Cavabdeh2 tutulması qət edilmişdir. 21 aprel 2021-ci il tarixdə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh1 qiyabi qətnamənin ləğv olunmasına dair ərizəsinə baxılması 31 may 2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv olunmasına dair ərizəsinə baxılmadan ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-933/2010 saylı qərardadı ilə Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2010-cu il tarixli, 2(060)- 933/2010 saylı qiyabi qətnaməsinin ləğvi ilə bağlı verdiyi ərizə geri qaytarılmışdır. 01 iyun 2021-ci il tarixdə cavabdeh yenidən ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsinin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsindən imtina edərkən Azərbaycan Respublikası MPM-nin 244 və 246-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 243.1-ci maddəsinə görə qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsinin surətini 22.04.2010-cu il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə şəxsən almışdır (İ/v-68). Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2010-cu il tarixli, 2(060)- 933/2010 saylı qiyabi qətnaməsinin surəti Cavabdeh1 rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Sumqayıt Şəhər Məhkəməsinin 09.04.2010-cu il tarixli, 2(060)-933/2010 saylı qiyabi qətnaməsinin surəti rəsmi qaydada aldıqdan sonra Cavabdeh1 tərəfindən qiyabi qətnamənin ləğvinə dair ərizəni 10 gün müddətində deyil, 10 il 11 ay 29 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi müddəti 10 il 11 ay 19 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 246-cı maddəsinə görə qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh1 qiyabi qətnamənin ləğv olunmasına dair ərizəsində banka olan borcunu çoxdan ödədiyini, bununla bağlı bank tərəfindən ona qəbz də verildiyini, ona məxsus qızıl zinət əşyalarını krediti bağladıqdan sonra bankdan götürdüyünü göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qiyabi qətnamənin ləğvi barədə Cavabdeh1 ərizəsindən imtina edilməsi və ərizənin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-933/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2590/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2590/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver