Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2593/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3217/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış və Abşeron rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3217/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim E.Məmmədov). Qərardaddan narazı qalan İddiaçı qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3217/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddia bununla əsaslandırılmışdır ki,onunla Cavabdeh arasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin 4000 manata satılması barədə xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və bu müqavilə Abşeron rayon 2 saylı Notariat Kontorunda təsdiq edilmişdir. Lakin bundan iki il müddt keşməsinə baxmayaraq müqavilədə nəzərdə tutulmuş torpaq sahəsinin dəyəri kimi 4000 manatı ona ödənilməmişdir. Bu məbləğ notariusun depozit hesabına keçirilməmişdir və aralarında olan razılaşmaya əsasən müqavilə rəsmiləşdirildikdən sonra nağd qaydada ona ödənilməli olsa da, cavabdeh bunu etməmiş, bununla da xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Müqavilənin qarşılıqlı olaraq ləğv edilməsi barədə onun tərəfindən cavabdehə təklif məktubu göndərilsə də, təklifə heç bir münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı qərardaddan verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki,Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3217/2020 saylı qərardadı qanunsuzdur. Hazırkı iddia ərizəsinin predmetini tərəflər arasında Abşeron rayonu ərazisində daşınmaz əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılması təşkil etdiyindən mübahisəyə MPM-nin 39.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Lakin Abşeron Rayon Məhkəməsi cavabdehin rəsmi qeydə alındığı yerin Şəki rayonu olması əsası ilə, səhvən onun iddia ərizəsini geri qaytarmışdır. Göstərilənlərə əsasən qərardad ləğv edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət aşağıdakı səbəblərdən təmin edilməməli, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3217/2020 saylı qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsini geri qaytararkən iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulmasına əsaslanmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab edir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli MAPS arayışının surətindən görünür ki, Cavabdeh Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Yenə həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu normaların tələbinə əsaən İddiaçı hazırkı iddia ərizəsilə Şəki rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə aidiyyəti üzrə Abşeron rayon məhkəməsində baxılmalı olmayan iddia ərizəsinin geri qaytarılması barədə tamamilə qanuni qərardad qəbul etmişdir. İddiaçının müstəsna aidiyyət qaydalarına əsaslanaraq MPM-nin 39.1-ci maddəsinə istinad etməsi əsassızdır, çünki hazırkı tələbin əsas məğzi tərəflər arasında bağlanmış əqdin ləğv edilməsi təşkil edir və qüvvədə olan qanunvericiliyə əsasən bu tip mübahisələrə müstəsna aidiyyət qaydaları tətbiq edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmışdır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətlənirərək hesab edir ki, şikayətin dəlillərini birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3217/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İş üzrə İddiaçışikayəti təmin edilməsin. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3217/2020 saylı qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şika--yəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2593/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2593/2020
11.09.2020 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver