Məhkəmə qərarları › İş №2(105)-2595/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2595/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2595/2020 12.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın təmin edilməsi, Cavabdeh 8113 (səkkiz min yüz on üç) manat maddi ziyan, məhkəmə üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Məsul Məsuliyyətli Cəmiyyəti Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8113 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh xx xxxxxx 2016ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə Oba- Xutor mağazasına satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Onunla tam maddiməsuliyyət haqqında müqavilə bağlanılmış və cavabdeh xx xxxxxx 2017-ci il tarixdə 537-K saylı əmrlə işlədiyi mağazaya administrator-tam məsul vəzifəyə keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə keçirilən yoxlama zamanı 5501 manat çatışmamazlıq olmuş, Cavabdeh yoxlamanın say və yekun aktlarına imza etmişdir. İşdən çıxması ilə əlaqədar cavabdehin tam maddi məsuliyyətlə administrator vəzifəsində çalışdığı Oba-Xutor mağazasında faktiki olan mallar xx xxxxxxxx 2019-cu il tarixdə özünün iştirakı ilə sayılmış və başqa şəxsə təhvil verilmişdir. Say və təhvil-təslim aktına imza etmişdir. Cəmiyyətin baş ofisində yekun nəticə çıxarılarkən birinci yoxlamadan sonrakı təxminən 210 gün müddətində mağazada 3715 manat kəsir aşkar olunmuşdur. Cəmiyyətdə ümumən qəbul edilmiş və Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydalara əsasən yekun nəticə çıxarılarkən maddiməsul şəxs çağırılır və yekun nəticə onun iştirakı ilə çıxarılır. Lakin Cavabdeh yekun nəticənin çıxarılma prosesinə gəlməmişdir. Halbuki, maddi-məsul şəxs kimi yoxlamanın hansı nəticə ilə yekunlaşdığı ilə maraqlanmaq onun həm hüququ və həm də vəzifəsidir. Cavabdehin çağırılmasına baxmayaraq yekun nəticə yoxlamasına gəlmədiyi üçün cəmiyyətin müvafiq əməkdaşları tərəfindən imtina aktı tərtib olunmuşdur. Cəmiyyətdə müəyyən olunmuş qaydalara əsasən yoxlamalar zamanı yoxlamanın əhatə etdiyi dövrün bütün pul dövriyyəsinə 0, 005 faiz güzəşt tərtib olunur. Birinci yoxlamanın əhatə etdiyi dövr üçün həmin güzəştin məbləği 3926 manat, ikinci yoxlamanın əhatə etdiyi dövr üçün isə 1375 manat təşkil etmişdir. Güzəştlər nəzərə alınmaqla, yəni çatışmayan məbləğdən çıxarıldıqdan sonra Gülsurənin xx xxxxxx 2019-cu ildə aparılan yoxlamanın nəticəsi olaraq 5501 manat, xx xxxxxxxx 2019-cu il tarixdə aparılan yoxlamanın nəticəsi olaraq 3715 manat, iki yoxlamanın nəticəsində isə 9216 manat əskiklik olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən cəmiyyətə 1103 manat ödənilmiş, onun cəmiyyətə 8113 manat borcu qalmışdır. Cavabdehə birinci yoxlamadan olan 5501 manat borcun ödənilməsi tələbi ilə xx xxxxxx 2019-cu il tarixdə birinci və ikinci yoxlamaların nəticəsində müəyyən olunmuş 8113 manat borcun ödənilməsi barədə xx xxxxxx 2019-cu il tarixdə xəbərdarlıq məktubları göndərilmiş, lakin cavabdeh borcunu könüllü olaraq ödəmədiyindən məhkəməyə müraciət etməli olmuşlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “OBA” mağazalar şəbəkəsinə satıcı kassir vəzifəsinə qəbul edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə isə adminstrator vəzifəsinə keçirilmişdir. Onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə adminstrator işlədiyi Xutor-1 (136) mağazasında onun iştirakı ilə yoxlama keçirilmiş, mağazadakı mallar sayılıb akt tərtib edilmiş, akta imza edilmişdir. Cəmiyyətin baş ofisində yekun nəticə müəyyən olunarkən mağazada 5501 manat kəsir aşkar edilmişdir. Yekun nəticəyə dair akta xx xxxxxx 2019-cu il tarixdə cəmiyyətin problemli şöbə rəisi Rəvan Cəbrayılovun yanında imza etmiş və Rəvanla razılaşmışlar ki, kəsiri hissə-hissə, yəni hər ay əmək haqqının 25 faizi tutulmaqla ödəsin. Səhhəti imkan vermədiyi üçün xx xxxxxxxx 2019-cu il tarixdə işdən çıxmış və mağazanı Vüsal adlı şəxsə təhvil vermişdir. Mağazada olan malların sayılmasında iştirak etmiş və təhvil-təslim aktına imza etmişdir. Mağazada kameralar quraşdırılıb. Pul, yaxud mal-material götürmək qeyrimümkündür. Kassanın üstündə də kamera qurulub. Kassadan nə qədər pul götürülərsə, kassaya nə qədər pul qoyularsa kamera onu çəkir. Göstərilən çatışmamazlıq qeyd etdiyi mal az göndərilir siyahıya artıq yazılır. Ya da siyahıya yazılır, lakin mal mağazaya göndərilmir. Mağazada pulun çatışmamazlığının səbəbi budur. Məhkəmə öz qətnaməsində qeyd edir ki, işdən çıxması ilə əlaqədar cavabdehin tam maddi məsuliyyətlə administrator vəzifəsində çalışırdı. Oba-Xutor magazasında faktiki olan mallar xx xxxxxxxx 2019-cu il tarixdə özünün iştirakı ilə sayılmış və başqa şəxsə təhvil verilmişdir. Mağazada mallar onun iştirakı ilə sayılmışdır. Amma yekun nəticənin çıxarılmasında iştirak etməmişdir. Onun xəbəri olmadan yoxlama aparılmışdır. Baş ofis özü qəsdən yoxlamada onun iştirakını təmin etməmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(026)-43/2020 qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.S.Zahirli apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin dəyməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı MMC-nin xx xxxxxx 2016-ci il tarixli 007-K saylı əmrdən çıxarışın surətində göstərilir ki, İddiaçı MMC-i ilə Cavabdeh arasında 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilsin, əmək haqqı ştat cədvəlinə əsasən 153 manat olmaqla əmək haqqı ödənilsin. İşdə olan İddiaçı MMC-nin xx xxxxxx 2016-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-ti ilə Cavabdeh arasında 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə olan İddiaçı MMC-nin xx xxxxxxx 2019-cu il tarixli 537-K saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı MMC-ti ilə Cavabdeh arasında Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə xx xxxxxx 2017-ci il tarixdən administrator vəzifəsinə keçirilsin. Əmək haqqı ştat cədvəlinə əsasən ödənilsin. İş materiallarında olan İddiaçı MMC-nin xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-ti ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilərək Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən administator vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 175 manat müəyyən edilmişdir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətində göstərilir ki, İddiaçı MMC-ti ilə Cavabdeh arasında bağlanmış və tərəflərin imzaladığı həmin müqavilənin şərtlərində maddi məsul şəxsin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı, ziyanlığa qarşı mübarizə aparmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməyi, maddi məsul şəxsin təqsiri (qəsdən və ehtiyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın məbləği müəyyən edildikdən sonra, işçi ziyanı könüllü surətdə ödəməkdən imtina etdiyi halda işəgötürənin qanunvericiliklə müəyyən olunmuş tədbirlər görmək və sair bu kimi öhdəlik və hüquqlar nəzərdə tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yoxlamanın əhatə etdiyi 492 gün müddəti əhatə edən dövrdə Cavabdeh admistrator kimi maddi-məsul şəxs qismində işlədiyi Xutor-1 (136) mağazasında 9428,04 manat əskikgəlmə olmuş, 3926 manat güzəşt tətbiq edildikdən sonra faktiki əskikliyin miqdarı 5501 manat təşkil etmişdir. İşə əlavə olan xx xxxxxxxx 2019-cu il tarixli aktivlər üzrə inventarizasiya (təhviltəslim) nəticələrinə dair yekun aktından görünür ki, yoxlamanın əhatə etdiyi 210 gün müddəti əhatə edən dövrdə Cavabdeh adminstrator kimi maddi-məsul şəxs qismində işlədiyi Xutor-1 (136) mağazasında 5090,04 manat əskikgəlmə olmuş, 1375 manat güzəşt tətbiq edildikdən sonra faktiki əskikgəlmə 3715 manat olmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli DN-2099 saylı Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdən administrator vəzidəsində işlədiyi Xutor filialında fəaliyyəti yoxlanılmış və 5501 manat əskikgəlmə aşkarlanmışdır. Ödədiyi 1103 manat nəzərə alınmaqla 4348 manat qalıq borcun qısa müddətdə cəmiyyətə ödənilməsi təklif edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli DN-220006 saylı Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, onun administrator vəzifəsində işlədiyi Xutor filialında birinci və ikinci yoxlamalar nəticəsində 9216 manat əskikgəlmə aşkar edilmiş, ödənilmiş 1103 manat nəzərə alinmaqla faktiki qalıq borcu 8113 manat təşkil etmiş və ona həmin pulu könüllü olaraq ödəməsi təklif edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 202-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası cavabdehin akt tərtib etdikdə dəvət edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli imtina aktının surətindən görünür ki, işçi qrupunun rəhbəri X1, işçi qrupunun üzvləri Hüseynzadə Sərxanın İddiaçı MMC-nin Baki şəhəri, Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi ev 6 B ünvanda yerləşən, Xutor 1 (136) mağazasında “04” Sentyabr 2019-cu il tarixdə maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə sayında iştirak etsə də, şifahi müraciətlər edilməsinə, zənglər edilməsinə baxmayaraq, müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı xx xxxxxx 2019-cu il tarixli arayışının surətindən görünür ki, xx xxxxxx 2018 və xx xxxxxxxx 2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 9216 (doqquz min iki yüz on altı) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 9216 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1103 manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 8113 (9216-1103) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası cavabdehin 5501 manatın etiraf edilməsi, lakin iş üzrə heç bir mühasibatlıq ekspertiza keçirmədən ondan 8113 manat tutulmasının barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlilin sübuta yetirilməsi üçün cavabdeh heç bir əlavə sənəd və sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(026)-43/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar